Nəsimi rayonunda xüsusi müşavirə keçirilib

Nəsimi rayon İcra Hakimiyyətində rayonun təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonun sanitar-təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, müşavirədə Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov son illər rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərindən danışaraq, rayonda sanitar-təmizlik işlərinin daim nəzarətdə saxlanıldığını bildirib. Qeyd olunub ki, rayon üzrə ümumi sanitar-təmizlik vəziyyətinin qənaətbəxş səviyyədə olmasına baxmayaraq, rayon ərazisindəki müxtəlif  MTK-lara məxsus bəzi yaşayış binalarının həyətlərində məişət tullantılarının daşınması ilə bağlı  yaranan bir sıra çatışmazlıqlar  mövcuddur. Bildirilib ki, bayram günlərində rayonun sanitar-təmizlik vəziyyəti ciddi nəzarətdə saxlanılmışdır. Rayon ərazisindəki parklarda,  mövcud yaşıllıqlarda sanitar-təmizlik işlərinin nəzarətdə saxlanılması, mövcud yaşıllıqlara qulluq göstərilməsi, yollarda və səkilərdəki abadlıq işlərinin başa çatdırılmasının vacibliyi xüsusi vurğulanıb.

Rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov rayon ərazisində gün ərzində reydlərin keçirilməsi, çatışmamazlıqların dərhal və operativ aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, ayrı-ayrı xidmətlər tərəfindən aparılan qazıntı işlərindən sonra bərpa işlərinin diqqət mərkəzində saxlanılması,   yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar rayon ərazisində həyata keçirilən abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin davam etdirilməsinin vacibliyini bildirərək, sanitar-təmzilik işlərinin daim nəzarətdə saxlanılması üçün aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31