Prezidentdən növbəti islahat anonsu- ŞƏRH
27 Mart 2019 14:27 SosialAzərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi 2019-cu il ölkədə islahatlar ili olacaq. Hələ keçən ilin sonlarından dövlət başçısı tərəfindən verilən islahat anonsunun icrasına demək olar ki, start verilib. Ötən aylar ərzində bu istiqamətdə atılan addımlar belə deməyə əsas verir. Bu günlərdə isə Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində aparılacaq islahatların anonsunu verib. Dövlət başçısının məhkəmə-hüquq sistemində aparılacaq islahatlarla bağlı anonsuna münasibət bildirən hüquqşünas, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib ki, bu islahatı geniş miqyaslı etmək üçün onun adı və mahiyyəti Ədalət Mühakiməsi sistemi, və ya Hüquq-Məhkəmə sistemində islahatlar kimi getməlidir. Onun sözlərinə görə, Məhkəmə Cinayət işlərinə, mülki və sair mübahisələrə baxan ədliyyə orqanı, təşkilatdır və məhkəmə sisteminə yalnız hakimlər, digər məhkəmə əməkdaşları, və sair işçiləri aiddir: "Mühakimə isə prosesdir və bu prosesə məhkəmədən əvvəlki təhqiqat və ibtidai istintaq, məhkəmə zamanı ittiham, müdafiə və s. və prosesdən sonra qərarların icraçılığı da aidiyyətlidir. Məncə belə bir islahat eyni qərar və planla geniş kontekstdə aparılmalıdır. Məhkəmə-hüquq Şurası, Prokurorluq, vəkillik, istintaq, təhqiqat və sair əlaqədar və aidiyyətli qurumlar daxil olmaqla. Onda demək olar, ölkə hüquq-məhkəmə (mühakimə) sistemində dəyişiklik oldu. Ayrı-ayrılıqda bu islahatın effekti az ola bilər. Buradaca qeyd edim ki, bu "məhkəmə-hüquq" termini haradan bizə gəlib, təəccüblüdür. Rus dilindəndirsə, bu "правосудие"-pravosudiye adlanır və "hüquq" sözü doğru olaraq öndə gəlir. Çünki, məhkəmə hüququn subyektidir, hüquq məhkəmənin yox. Necə ki biz hüquq-mühafizə terminini doğru işlədirik, öndə "hüquq" sözü gəlir, mühafizə-hüquq sistemi demirik. Həm də, ruscadakı ".. sudiye " sözü mühakimə deməkdir, məhkəmə və mühakimə sözlərinin tərcüməsi rus dilindəki "sud" və "sudit" oxşar sözlər və fərqli mənalardır. Və Məhkəmə-hüquq Şurası adı uygundur, çünki bu Şura sırf məhkəmə və hakimlər üzrə orqandır. İngilis, Türkiyə türkcəsi və sair dillərdə "pravosudiye" sözü ədalət kimi işlənir. Hüquq nəzəriyyəsi üzrə daha konkret mütəxəssislər də baxsın, niyə bizdə bu məna hamıdan fərqli, anlaşılmazdır?"
İlqar Altay hesab edir ki, ədalət-mühakiməsi sistemi subyektlərində aparılmalı islahat-dəyişikliklər bu cür həyata keçirilməlidir: "Bütün yuxarıdakı hüquq-mühakimə subyektlərinə aidiyyətli qanunvericilik sistemində müvafiq mütərəqqi dəyişikliklər edilməli, Məhkəmə-hüquq Şurasının fəaliyyətı və tərkibi barədə dəyişikliklər olmalıdır. Xüsusilə, Şuranın 15 nəfərlik tərkibinin 9 nəfərin hakim olması uygun deyil. Hakim çoxluqlu orqan hakimlərə və məhkəmə sisteminə nə nəzarət edəcək? Bu tərkibə ictimaiyyətin də qatılması lazımdır. Bundan başqa məhkəmə sistemində instansiya və hakimlərin maksimum müstəqilliyi və ədalətli mühakimə aparılmasına uygun struktur dəyişiklikləri olmalıdır. Hakimlər seçimi sistemi, təyinatı və tərkibində ciddi dəyişiklik edilməlidir. Xüsusilə, savadsız və həm də özünü korrupsiyaya bulaşdırmış, qanunsuz qərarlar şıxarmış çoxlu hakimlər var, onların kütləvi surətdə işdən azad edilib, yerinə ən vicdanlı və vətən-dövlət sevər hüquqşünasların gətirilməsi vacibdir. Prokurorluq sistemində uygun struktur və kadr dəyişikliyi aparılmalıdır. Ən vicdanlı təmiz hüquqşünaslar oraya dəvət edilməli, maaşları qaldırılmalıdır. Və ökədə korrupsiya, məmur özbaşınalığı, dövlətin təhlükəsizliyi və sair vacib sahələr üzrə işlər qaydaya düçənəcən prokurorluq sisteminin müvəqqəti, bütün sahələrdə qanunçuluğa nəzarət səlahiyyətlərinin artırılması lazımdır. Bütün istintaq sisteminin ayrıca bir orqan, məsələn İstintaq Komitəsi nəzdində birləşdirilməsi məqsədəuyğundur. İstintaqçıların bu günkü gün gömrük, vergi və sair kimi müxtəlif orqan-təşkilatlar tərkibində səpələnməsi, onları həmin təşkilat rəhbərliyinin əlaltısı edir. Həm də ümumi istintaqdan kənar düşüb yalnız bir sahəni görüb bilməklə bu müstəntiqlərin ixtisas keyfiyyətini aşağı salır. Nəticədə isə, ölkə istintaqı deqradasiyaya uğrayır". İlqar Altay deyib ki, vəkillik sistemində köklü dəyişiklik olmalıdır. Çünki bərbad vəziyyətdədir: "Nümayəndəlik sistemi dərhal bərpa olunmalıdır, onun ləğvi və müdafiənin də Vəkillər Kollegiyasının ümidinə qalması ilə, ölkə əhalisi tam hüquq müdafiəsiz duruma düşüb. Kollegiyanın özündə struktur və kadr dəyişikliyi aparılmalıdır, əslən ictimai təşkilat olan Kollegiya özünü həm təşkilatdaxili, həm xarici cəmiyyətlə münasibətdə inzibati-amir dövlət orqanı kimi aparır. Hesab edirəm ki, aparılan islahatlar kompleks şəkildə hüquq-mühakimə sisteminə aidiyyətli və əlaqli bütün orqanları əhatə etməlidir ki, vacib köklü dəyişikliklər getsin. Yəqin prezident də anons veribsə, islahat proqramı artıq, əsasən işlənib hazırlanmış olar. Hər halda, fikirlərimiz dövlət və cəmiyyətin nəzər-diqqətinə çatsa yaxşıdır. Bunlar vacibdir. Bütün bu islahatlar isə, siyasi və seçki islahatları, həm də yuxarı dövlət hakimiyyəti səviyyəsində, parlament, hökumət, ola bilsin, parlament respublikasına keçid kimi Konstitusion dəyişikliklər fonunda nəticə verib ölkəni irəli apara bilər".
S.İsmayılbəyli