Əmlakın bazar qiymətini necə öyrənmək olar? TƏHLİL

Ölkədə daşınmaz əmlakla bağlı istifadəyə verilən elektron xidmətlər vətəndaşlar üçün daha əlçatan olub. Belə ki, artıq vətəndaşlar heç bir yerə getmədən, yalnız internet resursları və mobil telefonlar vasitəsilə sahib olduqları əmlaklar barədə lazım olan əməliyyatı həyata keçirmək imkanına malikdir. Bu istiqamətdə göstərilən 46 xidmətin 41-ni elektron müstəvidə yerinə yetirilir. Görülən bu işlər vətəndaş məmnunluğunu təmin etməklə istifadəçilərin də sayını artırıb. Ümumilikdə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 902 min elektron xidmət göstərilib. 2018-ci il ərzində isə elektron və onlayn xidmətlərdən istifadə edənlərin sayı 266 mindən çox olub. Statistikanın yüksək olmasının əsas səbəbi fəaliyyətdə şəffaflığın daha da artırılması, operativliyin təmin edilməsi, vətəndaş maraqlarının qorunmasıdır.  Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə təqdim etdiyi 41 elektron xidmətdən 26-sı daşınmaz əmlakın qeydiyyatı, 10-u dövlət əmlakının özəlləşdirilməsi, 3-ü dövlət əmlakının idarə edilməsi və icarəsi, 2-si isə kadastr sahəsi ilə bağlıdır. Bu xidmətlərin 38-si interaktiv, 3-ü isə informativ xidmətlərdir. Aparılmış təhlillərdən bəlli olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, ümumilikdə daşınmaz əmlakın qeydiyyatı üzrə 26 elektron xidmətdən istifadə edənlərin sayı 150 mindən çox olub. Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Bu xidmətlərdən istifadə edənlərin sayı bütövlükdə 107 mini ötüb. Daha çox istifadə olunan xidmətlərdən biri də dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmətdir. İndiyədək bu müraciət edənlərin sayı 20 minə yaxın olub. Çıxarışların elektron qaydada almaq imkanları da vətəndaşın marağını daha da artırıb. Artıq müvafiq əməliyyatı yerinə yetirərkən çıxarışın kağız versiyasını özü ilə gətirməyə ehtiyac qalmır. Elektron çıxarışa sahib olan vətəndaşlar üçün yaradılan xidmətlə onlar öz sənədlərinin həqiqiliyini onlayn olaraq yoxlaya bilirlər. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur. Xidmət ödənişsiz olaraq yerinə yetirilir. Vətəndaşlar Elektron Hökumət Portalına (http://eemdk.gov.az/eemdk/az/CheckElectronExtract) daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Hazırda 10 minə yaxın elektron çıxarış sahibi var.

Bundan başqa indi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilirlər. "Kadastr kalkulyatoru" vasitəsilə yaradılan bu imkanlar vətəndaşın işini xeyli rahatlaşdırıb. Həmçinin vətəndaşın özəlləşmədə iştirakını sadələşdirən Elektron hərracın tətbiqi də investor kütləsinin artmasına imkan verib.Hərraclarda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada yerinə yetirilir.  Qeyd edilməlidir ki, ümumilikdə 30-dan çox elektron hərrac keçirilib, 950-ə yaxın elektron sifariş qəbul olunub. Komitənin onlayn xidmətləri də bu sahədə rahatlığı və operativliyi kifayət qədər artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Bundan ötrü ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb. Göstərilən bu imkanlar adıçəkilən arayışı almaq istəyənlərin sayını 725 minə yaxın edib.

Bu sahədə tərbiq edilən "Daşınmaz əmlakın qiymətləndirilməsi" adlı xidmət vasitəsilə bütün növ daşınmaz əmlakların bazar qiymətlərinin hesablanması, arayışların və ya hesabatların verilməsi  həyata keçirilir. Fiziki və hüquqi şəxslərin poçt vasitəsilə və xidmət məkanlarına gələrək müraciət etməsi ilə bütün növ daşınmaz əmlakların qiymətləndirilməsi aparılır. Müraciət əsasında xidmətlər milli və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla, peşəkar mütəxəssislər tərəfindən 15 iş günü müddətində göstərilir. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə dövlət rüsumu tələb olunmur. Xidmət haqqı isə daşınmaz əmlakın müqavilə qiyməti ilə müəyyən edilir, bank vasitəsilə ödənilir. "Daşınmaz əmlakın qiymətləndirilməsi" xidmətinin həyata keçirilməsində daşınmaz əmlakın dövlət reyestri məlumatlarından və Bazar Məlumatları Bankından istifadə olunur. Qiymətləndirmə xidmətlərindən istifadə etmək istəyən şəxslər Əmlak Xidmətləri Məkanına və ya Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edə bilər. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlərə ərizə, ərizəçinin şəxsiyyət vəsiqəsi və hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə notarial qaydada təsdiqlənmiş müvafiq etibarnamə aiddir. Daşınmaz əmlakın qiymətləndirilməsi üçün müraciət etmiş vətəndaşlar xidmətin həyata keçirilməsi və nəticəsi ilə bağlı məlumatları poçt, e-poçt, vebsayt və telefon vasitəsilə öyrənə bilər.

Bu iqtiqamətdə görülən işlər vətəndaşlara sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat almaq imkanı yaradır. Bu "Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi" elektron xidməti sayəsində mümkündür. Fəaliyyətində daima yeniliklərin, innovativ üsulların tətbiqinə önəm verən Komitə bu xidməti tətbiq etməklə  əhalinin qeydiyyatla bağlı işini sadələşdirir. Həmin elektron xidmətin vasitəsilə  əmlakın sahibi, yerləşdiyi ünvan, sahəsi barədə məlumatları öyrənmək mümkündür. Başqa sözlə, əmlakın ölçüləri və texniki göstəriciləri haqqında informasiyanı əldə etmək olur.  Eyni zamanda, vətəndaşın ipoteka, girov, alqı-satqı, bağışlanma kimi əməliyyatların edilib edilməməsi ilə bağlı məlumatları bilmək imkanı da mövcuddur. Bu xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) və ya elektron hökumət portalına daxil olmaq lazımdır. Əmlak sahibi portalda lazımi xidmətə keçid etdikdən sonra iki xana açılır. Bu xanaların hər birində daşınmaz əmlakın reyestr və qeydiyyat nömrəsi daxil edilir. Daha sonra xidmət haqqı olaraq ödəniləcək məbləğ ekranda əks olunacaq. İstifadəçi "Kartın növü" sətrində xüsusi işarə vasitəsilə  ödəniş edəcəyi elektron kartın növünü seçərək "Ödə" düyməsini seçməlidir. Qeyd edilməlidir ki, xidmətin istifadəsi üçün 10 manat xidmət haqqı nəzərdə tutulub. Rüsumu elektron qaydada ödədikdən sonra ekranda əmlakla bağlı məlumatlar görünür. Bura əmlakın reyestr nömrəsi, qeydiyyat tarixi, ünvanı, torpağın və tikilinin sahəsi, tikilinin mərtəbə və otaq sayı, hüquq sahibi barədə məlumatlar aiddir. Bu sərfəli xidmətin sayəsində vətəndaşlar evi və ya ofisi tərk etmədən, sadəcə internet vasitəsilə onlara tələb olunan bütün məlumatları alırlar. Nəticədə bunun üçün ərazi qeydiyyat idarələrinə getmək və ərizə yazmağa ehtiyac qalmır. Əmlak sahibi rahat və çevik şəkildə daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olur. Bununla həm vətəndaş məmur münasibətləri minimuma enir həmdə insanların vaxt itkisi aradan qaldırılır. Vətəndaşlar bu xidməti elektron qayda ilə yanaşı, Əmlak Xidmətləri Məkanına, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət etməklə yerinə yetirə bilərlər. Bu zaman onlardan xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə və ərizə tələb olunur. Adıçəkilən xidmət təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün də faydalıdır. Belə ki, xidmət əmlakla bağlı əməliyyatlar edən zaman yarana biləcək nöqsanların aradan qaldırılmasına imkan verir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31