Qazaxda heyvanların kütləvi peyvəndlənməsi aparılıb

Cari ilin ilk günlərindən başlayaraq ölkə ərazisində olduğu kimi, Qazax rayonunda da kənd təsərrüfatı heyvanları arasında "Epizootiya əleyhinə profilaktik və diaqnostika tədbirlər planı" na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlərə start verilib. "Olaylar"ın xəbərinə görə,  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, hazırda rayon ərazisində tədbirlər davam etdirilir və cari ilin müvafiq dövrü ərzində Qazax Rayon Baytarlıq İdarəsi tərəfindən 22867 baş iribuynuzlu, 1022 baş təkdırnaqlı heyvanda qarayara, 3194 baş sahibli itdə quduzluq, 159768 baş körpə ev quşlarında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1024 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Fevral ayından isə Qazax rayonunda heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri başlanılıb. Artıq 28371 baş iribuynuzlu heyvanda peyvəndləmə aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri "soyuq zəncir " rejiminə riayət olunmaqla həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31