Kişilər həyatın absolyut sahibi olanda nələr baş verə bilərdi
22 Mart 2019 08:21 SosialGülnarə RƏFİQ
Kişilər həyatın absolyut sahibi olanda nələr baş verə bilərdi
"Sizdən nahar və incilərdən savayı bir şey gözləmirik... Hə, bir də ki, bir qədər qəlb istisi, könül..."
Mariya Tsvetayeva
"Həyat gözəldi, cənablar" şüarını e-mailimdən asanda o qədər iradlar eşidirdim ki... Kimisi deyirdi "həyat gözəl-zad deyil". O birisi donquldanırdı ki, "niyə axı məhz cənablar?!". Ona görə ki, biz qadınlar bənnalıqla məşğul olarkən, əlimizdə malakeş əmələ gələn bütün həyat çatlarını malalayarkən kişilər bütün müəlliflik hüqüqlarını mənimsəyirlər. E-mailimdə də kişilərin çoxluğunu nəzərə alıb necə deyərlər siyasət işlədirəm. Amma hamı bilir ki, həqiqətdə hər şey necədir. Həqiqət, gəlin deyil ki, onu bəzəyib tanınmaz hala salasan. Gözlərinizi bir daha ovxalayın və aydın baxışlarla bir daha baxın. Onda görərsiz ki, mən düz deməsəydim nələr olardı. Yəni ki, cəmiyyət kişilərin istəyinə uyğun biçilsəydi...
Əminəm ki, 8 martı ixtisar eləməyə cürət etməsələr də, onu fevralın 29-na keçirərdilər. Dörd ildən bir dəfə hədiyyə almağa lap tökülmüş kişinin də imkanı çatar. Qalstukları ixtisara salardılar. Bütün qadınların adı eyni olardı. Çaşdırmamaq üçün, ya da sadəcə rahatlıq naminə.
Bütün qadınlarda qəfildən qızıl, qiymətli daşlar və heyvan dərisinə allergiyası oyanardı.
Apteklərdə qadınlar üçün xüsusi buruncuqlar satılardı. Onları buruna taxılar, pivə, tər və soğan qoxusunun qarşısını alardı.
Yəqin ki, tiranozavrları yenidən yumurtadan çıxarardılar. Həyatda macəralar çox olsun deyə.
İş yerlərində müdür seçmək lap asanlaşardı. Kollektivdə kompüter oyununu ən yaxşı oynayan avtomatik olaraq müdür seçilərdi.
Pişikləri iki halda saxlamaq icazəsi olardı. Birinci Çin restoranlarında soyuducuda və tirdə nişangah kimi. (Bəzi kişilərə pişiyin bağırması qadınların çığırmasını xatırladır).
Bütün telefon aparatları 30 saniyə danışıqdan sonra sönən qurğu ilə təchiz edilərdi. "Salam. Nə var nə yox, sizinkilər necədi? ...." deyən kimi dalıycan bir uzun dü-üü-üüüt....
Salfetkalar hələ də icad edilməmiş qalardı. Qaloşlar da eləcə.
İki nəfər qarşılaşanda qadın büstünə rəğbət dolu baxış rəsmi sevgi etirafı
kimi dəyərləndirilərdi.
Yolun sol tərfində saatda 60 kilometr sürətiylə sürənləri yerindəcə güllələyərdilər.
Kişilərin ali riyaziyyat məsələsi kimi həll edə bilmədikləri bəzi işləri, məsələn düymələrin, qarmaqların açılması sahəsində elmi tapıntılar müşahidə edilərdi. Onları ufurməklə də açmaq mümkün olardı.
Uşaqları evləndirib, ərə verəndən sonra onları avtomatik unudardılar. Bununla da qudalar və qaynana problemləri kökündən həll olardı.
Nərd, dama və siar bu tipli stolüstü oyunlarda sonda stolu aşırıb Tarzan kimi çığırmaq avtomatik olaraq qalibiyyətdən xəbər verərdi.
Televiziya diktorları xəbərlərə başlamazdan əvvəl səhər tezdən hazırladıqları bir-iki lətifəni isti-isti tamaşaçıya söyləyərdi. Diktorların reytinqi ekran qarşısında gülənlərin sayı ilə müəyyən olardı.
Nəhayət ki, cütləşən corablar kəşf edilərdi. Evin müxtəlif künclərində atılmasına baxamyaraq onlar sürünə-sürünə bir-birini tapıb cütləşərdi.
Sonra lap ilin Nobel mükafatını bu kəşfə vermək olardı. Bu təklif yəqin ki, Dünya Qadınlar Şurasından (ya da buna bənzər bir süni qurumdan) gələrdi.
Bikini çimərlik kostyumu bütün biznes ledilərin iş paltarı elan edilərdi. Bəlkə də təkcə biznez-ledilərin yox, elə hamının.
Zibil paketləri öz-özünə zibil qablarına yollanardı. Bununçün onlara yüngülcə təpik vurmaq kifayət edərdi.
Düşünürəm ki, bu köşəni oxuyan xüsusi hissiyatlı kişilər və əminəm ki, qadınların əksəriyyəti "vay, ujas" deyib emosiyalarını içində saxlaya bilməyəcək. Hər yazılanı ürəyinizə salmayın ha. Kağızda hər şey qorxulu və o qədər real görünür ki... Bu köşəyə fantastik triller (el arasında buna "ujas" deyərlər) kimi yanaşın. Onda rahat olur.
P. S. Əlimdə olsaydı, köşənin musiqi tərtibatına bir romantik musiqi qoşardım. Amma yazılanların ruhunu saxlamaq şərtilə yəqin ki, futbol marşı səslənməlidir. Özü də hər abzasda yenidən...