Miqrasiya Xidməti işçilərinin peşə bayramı qeyd edilib

Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının 12-ci ildönümü, 19 mart - Azərbaycan Respublikası miqrasiya orqan­ları işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilib. "OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiya orqanları əməkdaşlarına göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə xidmətin kollektivi adından təşəkkürünü ifadə edib.

Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci ildönümü və peşə bayramı günü münasibətilə əməkdaşları təbrik edib, onlara Xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması uğurla davam etdirildiyini vurğulayan Xidmət rəisi ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, milli təhlükəsizlik və sabitliyin təmin olunmasını qeyd edib.

Vüsal Hüseynov bildirib ki, ötən illər Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində mühüm yeniliklərlə yadda qalıb. Qabaqcıl dünya təcrübəsinə əsaslanaraq, milli miqrasiya qanunvericiliyi təkmilləşdirilib, DMX-nın fəaliyyətinin genişləndirilməsi sahəsində ciddi addımlar atılıb, Xidmətin fəaliyyətinin bütün istiqamətlərində şəffaflıq tam təmin edilib, müraciət edənlərin məmnunluğunun təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Daha sonra bir qrup Xidmət əməkdaşı Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi tərəfindən mükafatlandırılıb. Dövlət Miqrasiya Xidməti rəisi tərəfindən 34 əməkdaşa xüsusi rütbə, 44 əməkdaşa fəxri fərman verilib, 2 əməkdaşın qulluqda yüksəlişi barədə əmr oxunub və  47 əməkdaşa təşəkkür elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31