Nəsimi rayonunda təhlükəsizlik orqanlarının 100 illiyi qeyd edilib

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Nəsimi  rayonunda tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif  Əsgərov  Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin  şəxsi heyətini və təhlükəsizlik orqanlarının veteranlarını təbrik etmiş, ölkəmizin milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması istiqamətindəki dəyərli fəaliyyətlərində uğurlar arzulamışdır. Natiq qeyd etmişdir ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşmış, Ümummilli Liderin Fərmanı ilə 1998-ci ildə Milli Təhlükəsizlik Akademiyası təsis edilmişdir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu ənənələr uğurla davam etdirilir.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev özünün 23 mart 1997-ci il tarixli sərəncamı ilə ölkəmizdə təhlükəsizlik orqanlarının peşə bayramı gününü təsis etmişdir. Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan bölgənin lider dövləti kimi digər sahələrdə olduğu kimi təhlükəsizlik sistemində də öz layiqli yerini tutur. Sonra Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının 100 illiyi münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin  bir qrup əməkdaşına   rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və hədiyyələr təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31