Vasili Belovun yurd sevgisi. Olan işdi...
18 Mart 2019 13:01 SosialXəbər verildiyi kimi, bu günlərdə "Xan" Nəşriyyatı Elçin Hüseynbəylinin tərcüməsində məşhur rus yazıçısı Vasili Belovun "Olan işdi" əsərini nəşr edib. Romana yazılan giriş sözünü tanıtım məqsədilə oxucularımıza təqdim edirik. Qeyd edək ki, Azərbaycan PEN Klubu (təşkilatın prezidenti xalq yazıçısı Çingiz Abdulayevdir) bu əsəri Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl kəlmə" mükafatına tərcümə nominasiyası üzrə təqdim edib. Uğurlar!
Platonov mənimçün üslub hadisəsiydisə (təkcə mənimçünmü?) Belov dil hadisəsidi. "Olan işdi" əsərini tərcümə etdiyimi eşidən zövqlü dostlarımdan biri: "Özünü işə salmısan, - dedi, - Belov dil hadisəsidi, onu dilçilər çevirməlidilər, rusların özü onu tam anlamır". Amma mən anlamağa çalışdım.
Əsərin qısa icmalına keçməzdən öncə Belov haqda yığcam məlumat: Vasili İvanoviç Belov 1932-ci il oktyabrın 23-də Voloqda vilayətində, Timonixa kəndində kasıb bir ailədə anadan olub. Atası müharibədə qalıb, anası onu və bacı-qardaşlarını tək böyüdüb. Yeddinci sinfi və sənət məktəbini bitirib. 1952-55-ci illərdə Leninqradda (nidiki Sankt-Peterburq) hərbi xidmət keçib. İlk şeiri əsgərlikdə olarkəb yazıb və çap edib. A.M.Qorki adına Ədəbiyyat İnstitunda təhsil alıb.
1964-cü ildən ölənə kimi Voloqdada yaşayıb. "Mənim meşəli kəndim" (1961), "Bürkü yay" (1963), "Olan işdi" (1966) kitabları Belova şöhrət qazandırıb.
2012-ci il dekabrın 4-də uzun sürən xəstəlikdən sonra vəfat edib. KİV-də çıxan məlumatlara görə o, Timonixa kəndindəki kilsənin soyulub, xaraba qoyulduğunu eşidəndə beyninə qan sızıb. Həmin kilsəni o öz vəsaiti hesabına bərpa eləmişdi. Voloqda küçələrindən biri onun adını daşıyır.
O, keçmiş SSRİ və Rusiyanın ən nüfuzlu mükafatlarına sahib olub...
İndi isə əsər barədə.
Mənə elə gəlir ki, əsərin qəhrəmanı Katerinaya Voloqda şəhərində heykəl qoyulmalıdır: sevən arvadın, sevən ananın, zəhmətkeş qadının heykəli. Ona baş əyənlərdən biri də mən olardım.
Bu əsəri bəlkə də fədakar (zəhmətkeş) sevgi kimi dəyərləndirmək olar. Düzdü, belə ifadə yoxdu, bəlkə də gülməli səslənir, amma Katerinanın bayaq sadaladığım keyfiyyətləri - hər şeyə və hamıya sevgisi belə bir tərifə əsas verir.
Bəlkə də əsəri qəmli sevgi hekayəti də saymaq olar. Çünki ötənlərin nostaljisi, həmin dövr isanlarının saflığı, rus təbiəti o qədər güclü çalar və zənginliklə verilib ki, onu rus qəlbinin və ağlının da səlnaməsi saymaq olar.
Bəlkə də əsəri rus təbiətinin, çölünün, xarakterinin, məişətinin güzgüsü kimi qavramaq daha doğru olardı. Hər yerin öz təsviri olduğu kimi, hər obrazın da öz xarakteri və dili var.
Bəlkə də əsəri Rusiya şimalının dil hadisəsi kimi də dəyərləndirmək olar. Çünki Belovun yaşadığı Voloqda Rusya şimalının ən koloritli bölgələrindəın biridir. Dialekt, şivə və ləhcə kimi mürəkkəb dil funksiyalarından burda gen-bol istifadə edilib. Mən oradakı ifadə, idiom, xalq məsəlləri və ləhcələrin qarşılığını tapmağa çalışdım. Bəlkə bir neçəsinin qarşılığını tapmaqda çətinlik çəkdim. Rus kənd məişətində elə realiyalar var ki, onların bizim dildə qarşılığı yoxdur. Ona görə də yeni söz "icad" eləməli oldum. Məsələn, "blesna" - "çaybənd"; "barak" - "olacaq" (yer mənasında), yaxud Voloqda şivəsində işlənən "zvyozdka" - "təpəl", "zayezok" (zayezd) - "ara", "bərə" (balıq titmaq üçün yer) və s. Lüğətimizdə olmayan bu cür söz və ifadələr ürəyin istəyən qədərdi. Məsələn, "sorojinka". Balıq növüdür, onu yalnız şəkil vasitəsilə bilmək olar. Gələcəkdə lüğət tərtibçiləri istəsələr, istifadə edərlər. Sözün qarşılığını tapmayanda onun izahını verməyə məcbur oldum. Lüğətimizin də kasadlığını gördüm.
Əsəri böyük ləzzətlə dilimizə çevirdim. Səhər duran kimi Belovun qəhrəmanlarının yanına qaçırdım, onlar üçün darıxırdım. Görən, Katerina neylədi, İvan Afrikanoviç indi hansı hoqqanı çıxardı, və. s.
"Olan işdi"ni yumorla, həyacansız, qəmli ovqatla oxuyursan. Bəzi məqamlarda kövrəlirsən.
Düzdü, əsəri Moskvada tələbəykən oxumuşdum, amma dərinliyinə vara bilməmişdim. Onun mahiyyəti, məzmunu tamam yadımdan çıxmışdı və yalnız Katerinanın zəhmətkeş qadın obrazını xatırlayırdım.
"Olan işdi" povesti (indiki zamanda romanı) sovet dövrünün tələblərilə yanaşsaq, çox cəsarətli əsərdir. Düzdü, 1967-ci il Xruşovun "yumşalma" dövrünə təsadüf edir, amma burda o dövrün özünü ələ salan xeyli məqam var.
O ki qaldı hekayələrinə, onların hamısı "Olan işdi"nin fərqli və oxşar tərkib hissəsidir: rus həyatının da o cümlədən. Mən elə gəlir ki, Belov özü yox, rus həyatı Belovun şinelinnən çıxıb.
Katerinanın qəlbində şeytana yer yoxdu, onun mayası sevgidən doğulub. Bu, Tolstoydan, Dostoyevskidən, Türgenevdən fərqli qadın obrazıdı. Əslində Azərbaycan qadınının obrazıdı. Təəssüf ki, biz onu göstərə bilməmişik. Ukraynalı yazar Mariyo Matiasın "Mariana və Dolqopol" əsərini tərcümə edəndə o paralelləri görmüş və Bakıda görüşümüz zamanı ona demişdim. Xanım Matias da mənimlə razılaşmışdı.
Bayqa dediyim kimi, Belov voloqdalı olduğu üçün əsasən şimal dialekt və şivəsindən, ləhcəsindən istifadə edib. Ona adekvat sözlər tapmaq üçün bölgələrimizdəki ortaq deyim və ifadələrdən istifadə eləməyə çalışdım, amma etiraf edim ki, bir qarabağlı kimi, külü öz tərəfimə çəkdim. Olan işdi.
Hər halda çalışdım. Siz də məni başa düşməyə çalışın. Platonov haqqında giriş sözümdə dediyim kimi. Düzdü, təkrardı, amma olan işdi...