Xan Şuşinskinin anım günüdür

Azərbaycan musiqi tarixində, xanəndəlik məktəbində özünəməxsus yol sahibi olan, muğam ustadı, xalq artisti İsfəndiyar Aslan oğlu Cavanşirin vəfatından 40 il ötür.

Olaylar.az xatırladır ki, Xan Şuşinski kimi məşhurlaşan  görkəmli xanəndə 1901-ci il avqustun 20-də Şuşada anadan olub.

16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib.

Onun, "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.

Sənətkar İkinci Fəxri Xiyabanda dəfn olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31