Ölkənin bütün beynəlxalq hava limanlarında yeni cihaz quraşdırılacaq- Təhlil
22 Fevral 2019 17:31 SosialDövlət Gömrük Komitəsi qurumun ayrı-ayrı strukturlarının fəaliyyəi ilə tanış olmaq məqsədilə jurnalistlər üçün media-tur təşkil edib. Əvvəlcə jurnalistlər Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyasında olublar. Akademiyanın rəisi Qulu Novruzov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Akademiyanın yaradılmasında əsas məqsəd gömrük orqanlarında xidmət etmək üçün yüksək ixtisaslı, peşəkar mütəxəssislərin hazırlanması, gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün ixtisasartırma təlimlərinin təşkili, əlavə təhsil və gömrük sahəsində elmi-tədqiqat işlərinin aparılmasıdır: "Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı bir sıra sahələr üzrə, o cümlədən gömrük orqanlarında xidmətə qəbul üçün müasir tələblərə cavab verən ixtisaslı kadrların hazırlanmasının vacibliyini zəruri edir". O, bildirib ki, 2014/2015-ci tədris ilində sentyabrın 15-də Dövlət Gömrük Komitəsinin Akademiyası ilk tədris ilinə başlayıb. 2018-ci ildə Akademiyanı bitirən ilk məzunlar artıq gömrük orqanlarında çalışırlar. 2018/2019-cu tədris ilində Akademiyaya qəbul olan tələbələrin orta bal göstəriciləri "İqtisadiyyat" ixtisası üzrə 529, "Hüquqşünaslıq" ixtisası üzrə isə 610 bal olub. Akademiyada kadr hazırlığından əlavə gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün xidmətə ilkin hazırlıq və gömrük orqanlarında çalışan əməkdaşlar üçün ixtisasartırma proqramları da həyata keçirilir.
Ali təhsil müəssisələrində tədris prosesi ilə yanaşı, tələbələrin əldə etdikləri bilik və bacarıqları təcrübədə tətbiq etmələrinin vacibliyini bildirən Qulu Novruzov tələbələrin təhsillə yanaşı, praktiki iş bacarıqlarına malik olmasının əhəmiyyətini qeyd edib. Akademiya rəisi buraxılış işlərinin mövzularına uyğun olaraq tələbələrin müxtəlif dövlət orqanlarında təcrübə keçəcəklərini bildirərək onlara bu məsələdə məhdudiyyət qoyulmadığını deyib. Qulu Novruzov cari tədris ilində istehsalat təcrübəsinin yeni fərqli formatda təşkil olunduğunu nəzərə çatdırıb. O, tələbələrin təcrübə keçdikləri dövlət qurumlarının fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə etdiklərini də qeyd edi: "Təəssüflər olsun ki, 2009-cu ildən bakalavriat pilləsi üzrə ixtisasların sayı 700-dən azaldılaraq 140-a endirildi. Ləğv olunan ixtisaslar arasında gömrük işi ixtisası da var. Həmin vaxtdan etibarən gömrük işi ixtisasına qəbul dayandırıldı. Nazirlər Kabinetinin bu qərarından sonra prezidentin sərəncamı ilə akademiya yaradıldı. 2014-cü ildə akademiya fəaliyyətə başladı". Q.Novruzov təəssüflə qeyd edib ki, hələ də gömrük işi ixtisasının təsnifata salınmasına nail olunmayıb: "Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qurumlara müraciət edilib. Ümid edirik ki, adiyyatı orqanlar bu işə konstruktiv yanaşacaq. Onu da qeyd etmək istəyirəm ki, bu gün hazırlanan gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan mütəxəssislərdən köklü sürətdə fərqlənir". Q. Novruzov həmçinin bildirib ki, akademiyanın yeni binası olacaq: "Dövlət Gömrük Komitəsi söz verib ki, yaxın bir ildə bizi yeni bina ilə təmin edəcək". Gömrük orqanlarına yeni qəbul olunan işçilərin təlim prosesinin izlənməsi zamanı Dövlət Gömrük Komitəsinin gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması baş idarəsinin əməkdaşı Böyükağa Şəfiyev bildirib ki, Azərbaycana 9 ədəd "bodyskan" (texniki nəzarət vasitəsi) gətirilib. O, qeyd edib ki, bu cihaz yaxın vaxtlarda ölkənin bütün beynəlxalq hava limanlarında quraşdırılacaq. Sözügedən cihazın cənub sərhəd keçid məntəqələrində də quraşdırılması gözlənilir.
Ardınca jurnalistlər Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində olublar. Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov bildirib ki, Mərkəz 2003-cü il tarixdə istismara verilib. Mərkəz öz parametrlərinə, texniki və avadanlıq təchizatına görə regionda analoqu olmayan, müasir standartlara uyğun yaradılıb. Kinoloji Mərkəz Maştağa - Zabrat şosesində yerləşir və 3 hektar ərazini əhatə edir. Kinoloji Mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti it saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim eləmək mümkündür. Mərkəzdə həmçinin cins küçüklərin çoxaldılması, böyüdülməsi, və saxlanılması həyata keçirilir. Mərkəzin bazasında təcrübəli və yüksək ixtisaslı mütəxəssislər tərəfindən kinoloqların hazırlanması və xidməti axtarış itlərinin aşağıdakı istiqamətlər üzrə hazırlanması həyata keçirilir. Narkotik vasitələrin axtarışı; partlayıcı maddələrin axtarışı; odlu silahların və döyüş sürsatının axtarışı; bütün növ obyektlərin mühafizəsi; iz üzrə axtarış və s. Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası fəaliyyət göstərir ki, burda itlərin müayinə və müalicəsi üçün hər cür imkanlar var. Kinoloji Mərkəzdə təlim olunan itlər dəfələrlə müxtəlif yarışlarda qalib olmuşlar. "Layma" ləqəbli it 2003-cü ildə Bratislavada keçirilən 2-ci Avropa Çempionatında baş mükafatı qazanmışdır: "Hazırda Kinoloji Mərkəzdə 60 baş xidməti axtarış iti mövcuddur. Biz 12 dövlətə xidməti axtarış itləri göndərmişik. Onların təlimçiləri mərkəzimizin bazasında təlim keçiblər". O, qeyd edib ki, bir xidməti itin Avropada satışı 10-15 min avro arasındadır: "Saxlanma xərcinə gəldikdə, bu, itlərin çəkisindən və qidasının həcmindən asılıdır. Məsələn, orta alman itinin illik saxlanma xərci 1000-2000 manat arasındadır".
"Azərterminalkompleks" Birliyinin direktoru, Gömrük Xidməti general-mayoru Ehtiram Xəlilov bildirib ki, Birlik Dövlət Gömrük Komitəsinin tərkibində təsərrüfathesablı birlik kimi fəaliyyət göstərir. Birlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyun 1992-ci il tarixli 301 saylı qərarına uyğun olaraq təşkil edilib. Birlik "Müəssisələr haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq təsərrüfat hesabı və özünümaliyyələşdirmə əsasında həyata keçirir, ona həvalə edilmiş vəzifələri yerinə yetirir və fəaliyyəti ilə əlaqədar hüquqlarından istifadə edir:"Birliyin əsas fəaliyyəti sahibkarlara xidmət gəstərməkdən ibarətdir. Vidmətlət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada idxal-ixrac əməliyyatları üçün sənədlərin hazırlanması, yüklərin, həmçinin gömrük nəzarəti altında olan yüklərin qorunmasını və salamatlığını təmin etmə üzrə xidmətlər göstərilməsindən ibarətdir. Həmçinin sahibkarlara bəyənatların yazılması, tərəzi, kuryer, yüklərin çatdırılması kmi xidmətlər göstərilir. Sərhədlərdə bizim müvəqqəti saxlanc anbarlarımız var. Həmin anbarlarda keçirilməsi qadağan olunmuş mallar saxlanır. Əgər mal tez xarab olandırsa, məhkəmənin qərarı ilə müsadirə olunuraq məhvetmə komissiyası tərəfindən məhv edilir. Qeyri-ərzaq məhsullar isə elektron hərrac vasitəsilə satılır. Bu il fevralın 1-dən bizim Ticarətin Asanlaşdırılması Mərkəzi fəaliyyətə başlayıb. Artıq sahibkarlar evdən çıxmadan elektron qaydada idxal byənnamələri tərtib edilir. Sonra jurnalistlər Dövlət Gömrük Komitəsinin muzeyini ziyarət ediblər. Orada qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhd zamanı müsadirə edilən eksponatlarla tanış olublar. Bildirilib ki, muzeydə 576 eksponat saxlanır ki, həmin eksponatlar dəfələrlə beynəlxalq sərgidə nümayiş edtdirilib.
Alim