Uşaqların gec yeriməsinə səbəb nədir?

Övladının yeriməyini görmək bütün valideynlərin arzusudur. Onlar körpələrinin ilk addımlarını həyatları boyu yadda saxlayırlar. Amma bəzən körpələr gec yeriməyə başlayır ki, bu da valideynləri narahat edir. Yerimək həm uşaq, həm də valideynlər üçün vacib bir başlanğıcdır.

Bəs uşaqlar nə vaxtdan gəzməyə başlamalıdır? Bu prosesə gec başlayan uşaqların valideynləri nə etməlidir?

Mövzu ilə bağlı  pediatr Aytən İsmayılzadə bildirib ki, adətən uşaqlar bir yaşdan yeriməyə başlayırlar: "Amma bu yaş şərt deyil. Bir yaşdan sonra da, yəni bir yaş yarımınadək uşaqlar yeriməyə başlaya bilər. Bəzən təzə yeriyərkən yıxılan və qorxan uşaqlar bir ara yeriməyə fasilə verər, cəhd etməz. Uşaqlar yeriyərkən əgər tez-tez yıxılarsa bu, müəyyən xəstəliklərdən də baş verə bilər. Ona görə də mütəmadi olaraq həkim müayinəsində olmaq, yaxud gecikmədən uşağın həkimini məlumatlandırmaq lazımdır. Gec yerimə sinir sistemi və əzələ xəstəliklərindən də ola bilər". 

Pediatr əlavə edib ki, valideynlərin uşaqları barədə gec ayaq açacaqlarını düşünmələri düzgün deyil: "Bəzən hesab edilir ki, uşaq gec yeriyəcək, amma o heç yerimir. Nəticədə isə müayinə zamanı ciddi nevroloji xəstəliklər aşkarlanır. Valideynlərə məsləhətdir ki, atası da belə olub, qardaşı da belə gec yeriyib deməsin. Bir yaşdan sonra uşaqlara həkim müayinəsini, həkim məsləhətini və nevroloq baxışını ləngitməsinlər".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31