“Elektron məhkəmə” informasiya sistemi vətəndaşların mənafeyinə xidmət edir
9 Yanvar 2019 15:18 Sosial2018-ci il dekabrın 28-də qəbul olunmuş qanunlarla Mülki Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda edilmiş əsaslı dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılmasına, operativliyin və şəffaflığın təmin olunmasına, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsinə xidmət edir. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, dəyişikliklərə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada aparılması, bu zaman proses iştirakçılarına məhkəmə sənədlərinin "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə (elektron poçt, SMS, elektron kabinet və s.) dərhal çatdırılması, dövlət rüsumlarının sadələşdirilmiş qaydada elektron ödəniş sistemi vasitəsilə ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, yeni qanunvericiliklə vətəndaşların mənafelərinin təmin edilməsi, ədalət mühakiməsinin tezləşdirilməsi məqsədilə bəzi kateqoriya işlərə baxılmasının və qərarların daha tez qüvvəyə minməsinin sadələşdirilmiş məhkəmə prosedurları, habelə məhkəmə statistikasının elektronlaşdırılması və digər mühüm yeniliklərin tətbiqi təsbit olunub.