MÜSƏLMAN AĞLI - İNTİQAM SOLTAN

felyeton
C. Məmmədquluzadənin anım gününə ithafla

Hərdən özüm otururam özümlə və bardaş qururam, başlayıram bir qədər zikr eləməyə... Nədən ki, keçən gün övrətimin evə gec gəlməsindən ötəri bir hacının yanına getmişdim ki, qurana baxdıram görəm övrət bu gec vaxtlarda haralarda veyillənir və bir dua yazdıram övrət evə tez gəlsin. Həmən hacının qulluğunda nobat gözləyəndə onun öz şəyirdinə bu latayırları dediyinin şahidi oldum: 
- "Gəda, tümbətünün balası, sənə min kərə deməmişəmmi ki, zikr elə?! Məgər bilmirsənmi ki, kim bircə dəfə "Subhənəllah"- desə, Allah ona iyirmi savab yazar və iyirmi günahını silər?! Bala, bilmirsənmi ki, kim bircə kərə "Allahu Əkbər"- deyərsə, eynilə olar
Kim "Lə iləhə illəllah"- deyərsə, genə eynilə olar. Kim ürəkdən " Əlhəmdulilləhi Rabbil-aləmin (yəni, Aləmlərin Rəbbi olan Allaha həmd olsun)"- deyərsə, ona otuz savab yazılar və otuz günahı silinər?! 
Gəda, həpənd oğlu həpənd, demişəm, ya ki, deməmişəm?! Bəs onda niyə məni bu Təhsil Nazirliyindən gələnlərin qabağında biabır eləyirsən ay itin qarnından çıxmış?!?" 
Elə həmən gündən ha zikr eləyirəm ki, mənim sayı cəmi on səkkiz ədəd olan günahlarım rədd olub getsin, üstəlik mənə iyirmi ədəd savab yazılsın, alınmır ki, alınmır...
Nədən ötrü ki, cəmi müsəlman bacı və qardaşlarımın qan düşməni olan Cəlil Məmmədquluzadənin keçəl kəlləsi ilə uzun bığları, üstəlik bərələ gözləri ilə bərabər gəlib durur gözlərimin qənşərində. Allah təalanın yolunun qabağını elə kəsir ki, o bığlardan və qəzəbli gözlərdən savayı heç bir zad görəmmirəm...
Zikr eləyəndə uzaqbaşı onu düşünə bilirəm ki, ayə, görəsən bu ağıl deyilən şey ki, var ha, bu müsәlmana nә üçün lazımdı!? Elə o heyndəcə qebdən bir səs gəlir:

- A bala, "ağıl müsәlmana mәşğuliyyәt üçün verilib!.."

Xәtrinizә dәymәsin, ay mәnim müsәlman bacılarım, bir də qardaşlarım. Bunu mәn demirәm...

Bu həmən o şeşəbığ Mirzə Cәlilin sözlәridi ki, qebdən mənim qulağıma gəlir. Hansı ki, düz 100 il bundan əqdəm deyib... Özü dә sizin üçün demәyib ha! Bizә (yəni sizə) nә aidiyyatı var bu sözlәrin?!

Nədən ötrü ki, mən bunu yüz faiz bilirəm ki, indiki zamanda bizә heç mәşğuliyyәt üçün dә lazım deyil bu ağıl deyilən zad. Soruşun, - "Niyə!"- deyim. Deyim ki, a qadanız alım, ağıl o adama lazım olar ki, düşünüb tapsın ki, daşdan nə cür pul-para şıxarda bilər. Bizimsə neftimiz var? Var! Pul gәtirir? Gətirir! Vәssalam!

Yəni Ulu tanrının dərgahından birbaşa kanalizasiya borusu ilə vətənimizə gələn nəmənə ki, var, adına neft deyirlər, o bizdə hər şeyi əvəz eləyir... Ağılımız da ondadı, kamalımız da...

Allah tәala getsin ağılı ermәniyә, urusa versin... Mən neynirәm ağılı? Yaxşısı budur o puldan mәnә bir az çox versin, gedim qızıldan qiymәtli daz başıma bir dəstə tük әkdirim ki, bu qırxımdan sonra (yaşımı nәzәrdә tuturam) adaxlıbazdığa gedәndә, yain ki, qonşunun arvadı ilә üzbəsurət gәlәndә onun xoşuna gәlim.

Birdәn Allah elәmәmiş bu cür vacib məqamlardan birindә daz təpəmin tәn ortasına nadürüst, ayağısürüşkən bir milçәk gәlib qonar, təpəmi murdarlayandan sonra ordan da ayağı sürüşәr, yıxılar, adaxlım da mәnә qallaq edib gülәr. 
Biabır ollam, hәzrәt Abbas haqqı... 
Odu ki, mәnә acığınız tutmasın!!! Mәnә pul lazımdı, ağıl yox!!!
Gedim bir abzas dua və zikr edim. Bəlkə pulum oldu. Çünki müsəlmanın qalası duadı, bir də zikrdi!

Pul xətrinə dua edən İNTİQAM S O L T A N

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31