Qəbir daşı ilə şəkil çəkdirib, sosial şəbəkədə paylaşır ki...
Sosioloq: “İntellekti zəif olan adam düşdüyü boşluğu yalnız ucuz vasitələrlə doldurmağa çalışır” Zaman keçdikcə dövrün “tələbi” ilə uyğunlaşan və tibbdə təsdiq edilmiş xəstəliklər yaranır. Selfitis xəstəliyi bunun bariz nüməsidir. “Selfitis” ilk vaxtlarda çox selfi çəkənlər üçün yaranan termin olsa da, 2004-cü ildən Amerika Psixiatriya Mərkəzi bu meyli xəstəlik kimi qiymətləndirdi. Ötən 15 il müddətində çəkilən selfilərin məğzi də dəyişib. İlk vaxtlar insanlar şən, şad günlərdə, gözəl görüntüləri foto və video lentə alırdı, indi isə bunların heç bir əhəmiyyəti yoxdur. İnsanlar artıq intihara cəhd hallarında, hətta yas mərasimlərində belə video görüntü, yaxud selfi edib sosial şəbəkələrdə paylaşırlar.
8 Yanvar 2019 15:13 SosialSosioloq: "İntellekti zəif olan adam düşdüyü boşluğu yalnız ucuz vasitələrlə doldurmağa çalışır"
Zaman keçdikcə dövrün "tələbi" ilə uyğunlaşan və tibbdə təsdiq edilmiş xəstəliklər yaranır. Selfitis xəstəliyi bunun bariz nüməsidir. "Selfitis" ilk vaxtlarda çox selfi çəkənlər üçün yaranan termin olsa da, 2004-cü ildən Amerika Psixiatriya Mərkəzi bu meyli xəstəlik kimi qiymətləndirdi. Ötən 15 il müddətində çəkilən selfilərin məğzi də dəyişib. İlk vaxtlar insanlar şən, şad günlərdə, gözəl görüntüləri foto və video lentə alırdı, indi isə bunların heç bir əhəmiyyəti yoxdur. İnsanlar artıq intihara cəhd hallarında, hətta yas mərasimlərində belə video görüntü, yaxud selfi edib sosial şəbəkələrdə paylaşırlar.
Olaylar.az cəmiyyəti narahat edən mövcud problemlə bağlı sosioloq Sahib Altayın fikirlərini öyrənib.

Sosioloq bildirib ki, mental, mühafizəkar, kütləvi düşüncəyə məxsus toplumlarda istisnaları çıxmaq şərtilə əksər insanlar öz həyatını deyil, başqasının həyatını yaşayırlar. Çünki onların özlərinə məxsus həyatında öz ixtiyarları, özlərinə xas sağlam düşüncələri olmur: "Müstəqil, sağlam düşüncənin mövcud olmadığı beyinlərdə başqalarının düşüncələri hökm sürür. Sanki bir müstəvi və həmin müstəvinin üzərində təyin olunmuş müəyyən qaydalar təyin olunub və hər kəs bu qaydalara əməl etmək məcburiyyətindədir. Bu məcburiyyətdən imtina edənlər isə "kütlə" deyilən hakimin "əxlaq" şallağıyla cəzalandırılır. Bu qaydalar insanların şüuraltına elə yeridilib ki, onların ictimai mühitdə gülüş tərzindən tutmuş, gecə yataqlarına kimi özünə yer edə bilir. Və bu qaydaların illərlə bir müstəvi üzərində qalıb, çürüməsinə baxmayaraq, kütlənin mühafizəkarlığı nəticəsində bu günümüzə kimi yaşayır və müxtəlif psixoloji, sosioloji xəstəliklərə yol açır. İnsanlar isə daim kompleks içərisində olurlar, bircə camaat pis baxmasın.
Sosiloq qeyd edib ki, kütləviliyin yaratdığı komplekslər insanları mahiyyətdən uzaqlaşıb, görüntüyə meyl etməyə sövq edir: "Mən bizim yas və toy mərasimləri haqqında çox araşdırmalar aparmışam və əldə etdiyim nəticələr mənə sadəcə təəssüf hissi yaşadıb. Bizdə yas yerlərində qadınları ağlatmaq üçün xüsusi mərsiyəxan - "qadın mollası" gətirilir ki, bu adam xüsusi avazla mərsiyələr, ağılar deyib, qadınları ağladır. Və bu ağlaşma mühitində xüsusi bir məqam var, hər kəs bir-birinə fikir verir ki, görək kim daha yaxşı ağlayır. Yasdan sonra qadınlar arasında söhbət əsnasında vəfat edən adamın ən yaxın adamları - bacısı, qardaşı, övladı, atası, anası diqqət mərkəzində olur. Və nəticədə yas əhlinin qeybətini edən bu qadınlar sanki dövlət tərəfindən təyin olunmuş "münsif heyəti" qismində dəyərləndirmə aparır, bayağı ifadələr işlədirlər. Bu kimi söhbətlərin getməsi hamımıza məlumdur. İnsanlar sırf bu söhbətlərin hədəfinə tuş gəlməmək üçün özlərini başqa obrazlara girməyə məcbur edirlər. Təsəvvür edin, adamın yaxın adamı vəfat edib, dərdlidir, qəmlidir, özünə yer tapa bilmir, eyni zamanda dərdini kənara qoyub, özünü xüsusi bir tərzdə camaata göstərməyə çalışır ki, "ay camaat baxın ha, mən dərdliyəm, qəmliyəm, sizin qarşınızda özümü yerə çırpıb, öz insanlıq borcumu yerinə yetirirəm, sonra gedib, kənarda danışmayın ki, filankəs arsızdır". Bunu bizim insanlar adi qəbul edə bilərlər, əslində bu halları biz mədəniləşdirib "kompleks" adı versək də əslində bu çox ciddi xəstəlikdir və bizim insanlarımızın əksəriyyəti bu xəstəlikdən əziyyət çəkir. Dünyanın əksər xalqlarında tarixən bu davranış tərzi hökm sürüb, indi də bir çox xalqlarda qalmaqdadır.
S. Altay onu da deyib ki, bu tərzi mühafizə edib, qoruyan toplumların hamısı bu gün inkişafdan geri qalmış, primitiv toplumlardır. Müasir dünya insanında belə bir düşüncə tərzi ola bilməz: "Məsələnin başqa bir tərəfi isə toplumsallıqdan əlavə dünya müstəvisindəki ucuzlaşmadı. Bu gün dünyanın bütün ölkələrində insanları bədbəxtliyə sürükləyən, onların düşüncələrinə, hisslərinə, davranışlarına çoxlu komplekslər yükləyən narsizm (özünəvurğunluq) adlı bir xəstəlik mövcuddur. Müsbət tərəfləri - elm tərəqqini, sosial rifahı, texnoloji inqilabı, zehni təkamülü qeyd etməklə yanaşı, mənfi tərəfləri də qeyd etmək elmi fəaliyyətdən əlavə insani borcumuzdur. Bu, danılmaz həqiqətdir ki, bu gün bəşəriyyət mahiyyətdən uzaqlaşıb, maddiyyata, görüntüyə istiqamətlənməkdədir. Sanki hər kəs nəsə edib, müzakirəyə səbəb olmağa, görüntülənməyə can atır. Ancaq bu məsələdə də intellekt və düşüncə mühüm rol oynayır. İntellekti zəif olan adam düşdüyü boşluğu yalnız ucuz vasitələrlə doldurmağa çalışır. Mən adamlar tanıyıram ki, heç bir intellekti, istedadı, bacarığı yoxdur, heç nə tapmır, gedib, babasının qəbrilə şəkil çəkdirib, sosial şəbəkədə paylaşır ki, bir neçə adam girib, "Can, Allah rəhmət eləsin, o vaxtın kişiləri başqa idi" sözləri yazsın, bu da bir müzakirəyə səbəb olsun, diqqət cəlb etsin.
Sosioloq vurğulayıb ki, bir də məsələnin üçüncü tərəfi var -psixoloji xaos və tənhalıq sindromu: "Hansı toplumlarda ki, maddi və sosial rifah səviyyəsi aşağıdır, kütləvilik, mühafizəkarlıq, radikallıq mövcuddur, o toplumların insanlarında emosionallıq yüksək səviyyədə,inamsızlıq və tənhalıq sindromu yoluxucu xəstəlik səviyyəsində olur. Yuxarıda "camaat nə deyər" prinsipinə görə insanların obrazlılığından danışmışdıq. Əslində başqa bir məqam da var. Kütləvi, mühafizəkar toplumların insanları camaatın nə deməsini nəzərə alıb, özlərini fərqli obrazlarda təqdim edib, sünilik yaratmaqla yanaşı, onların eyni zamanda öz daxillərində yaşadıqları bir peşmançılıq hissi, bir azadlıq həsrəti, bir kütləyə nifrət fenomeni hökm sürür. Və bu hisslər onları getdikcə tənhakaşdırır, inamsızlığa sövq edir və ən nəhayət bu cür davranışların ortaya çıxmasına səbəb olur".
S. Altay son olaraq qeyd etdi ki, bu kimi görüntülərin çəkilmə məqsədində hər üç səbəb mövcuddur: " Özünü görüntüləyib, insanların emosiyalarına toxunmaqla diqqət cəlb etmək, tənhalıqdan diğan psixoloji sindrom və öz dərdini publikayla paylaşıb, təsəlli tapmaq arzusu. Bu cür adamlara xəstə desək, adamı təhqir edərlər, məsğərəyə qoyarlar, adamın üzərinə hücum çəkərlər. Əslində isə bu adamlar ciddi xəstədirlər, klinik psixoloq müayinəsinə ehtiyacları var..."
Nigar Orucova