Uşaqlarda qorxu və fobiyanın başlıca səbəbləri nədir?

Cəmiyyət inkişaf etdikcə, cəmiyyətdə mövcud olan problemlər də artır. Bu problemlərin bəziləri uzun müddət mövcud olub günümüzə qədər gəlib çıxsa da, lakin bir çox problemlər isə zaman keçdikcə, insanlar dəyişdikcə yaranır. Müxtəlif növ yeni xəstəliklərin üzə çıxması, insanlarda psixoloji pozğunluq hallarının artması, eləcə də bu kimi problemlər qeyd etdiyimiz qəbildəndir. Ancaq bəzi problemlər də var ki, həmin problemlər hər zaman mövcud olub və cəmiyyətimiz, insanlarımız üçün yeni bir şey deyil. Məsələn, qorxu, fobiya kimi problemlər. Maraqlısı odur ki, qorxu, fobiya kimi hallara daha çox uşaqlarda rast gəlinir. Bəzən bu kimi problemlər zaman keçdikcə aradan qalxsa, öz həllini tapsa da, lakin bir çox hallarda insanda uşaq vaxtı meydana gələn qorxu, fobiya kimi problemlər böyüyün həddi-buluğa çatdıqda da onları izləyir, ciddi şəkildə narahat edir. Ona görə də psixoloqlar hesab edirlər ki, uşaqlarda ilkin yaş dövrlərində meydana gələn qorxu, fobiyanın aradan qaldırılması üçün valideynlərdən çox şey asılıdır. Ona görə də psixoloqlar məsləhət görürlər ki, valideynlər bu kimi məsələdə daha həssa davranmalıdırlar. Psixoloq Afaq Məmmədova deyir ki, bir çox  valideynlər uşaqlarında müxtəlif qorxu və fobiyaların olduğunu qeyd edirlər. Onun sözlərinə görə, uşaq qaranlıqdan, heyvanlardan, yad insanlardan, bətheybətlərdən və ruhlardan qorxa bilər: "Bununla da bütün bu qorxular yaşdan aslı olaraq normaldır. Məsələn, yeni doğulmuş çağanın ətrafdakı kənar səslərdən, yad simalardan qorxması, 2-4 yaşlı uşaqların qaranlıq və ya heyvanlardan qorxması tamamilə normaldır. 6-9 yaşlı uşaqlar tənhalıqdan, bətheybət və ruhlardan qorxa bilər. Valideynlər çox zaman narahat olurlar ki, qorxu, fobiya və stress arasındakı əlaqə haradadır? Bu suala valideynlər özləri cavab verməlidirlər.  Qeyd etmək lazımdır ki, fobiya və stress bir-biri ilə sıx bağlıdır. Patoloji qorxular uşaqlara bütün narahatçılıqları hiss etməyə məcbur edir., həmçinin onun yuxusu pozulur, emosional cəhətdən özlərini toplaya bilmirlər. Bütün bunlar klassik stressin əlamətləridir". Bəs görəsən  uşaqlarda fobiya və stressin əsas səbəbləri hansılardır? Afaq Məmmədova deyir ki,  uşaqlarda fobiya və stressin müxtəlif səbəbləri ola bilər: "Adətən, fobiyalar daha çox emosional, zəngin təxəyyülü, narahatlıqları olan uşaqlarda daha çox rast gəlinir. Digər səbəblər də var ki, bunlar sırasında valideyn tərbiyəsi də əsas şərtdir. Belə ki, ailədə qəddarlıq və ya həddindən artıq qayğı uşaqlarda fobiyanın yaranmasına gətirib çıxara bilər. Məsələn, əgər ana və ya ata uşağın aldığı pis qiymətə həddindən artıq mənfi reaksiya verirsə, bu uşaqda məktəbə qarşı fobiya yarada bilər. Qəddarlığı əks etdirən televiziya verlişləri, qan və qorxunc səhnələri olan filmlər və s. Bütün bunlar uşaqda fobiyanın yaranmasında böyük rol oynayır".

Psixoloq hesab edir ki, uşaqlarda fobiya və stressin müalicəsi də mümkündür. Onun sözlərinə görə, uşaqların keçirdiyi fobiyaları müəyyən qruplara ayırmaq olar: "Heyvanlar və ya həşaratlarla bağlı olan fobiyalar. Təbiət və ya ətraf mühitlə bağlı olan fobiyalar ( qaranlıqdan, ildırımdan, hündürlükdən qorxu). Həkim və ya tibblə bağlı olan fobiyalar ( iynə, qan, xəstəxanalar və s.). Müəyyən situasiya ilə bağlı olan fobiyalar ( təyyarəyə minmək, metroda getmək, qapalı yerlərdə olmaq və s. ). Digər fobiyalar isə bunlar aiddir. Qəflətən çıxan səslərə qarşı fobiya, klounlara qarşı fobiya, boğulmaqdan qorxmaq və s. Fobiyaların tipindən aslı olaraq uşaq psixiatrı və uşaq psixoloqu uşaqlarda fobiya və stressin aradan qaldırılması haqqında müəyyən qərarlar qəbul edirlər. Adətən, mütəxəssislər uşağın dərin şüuraltında yerləşən - fobiyanın əsas səbəbini axtarmağa başlayırlar. Səbəbini aşkar etdikdən sonra isə həkimlər bunun üzərində işləyirlər. Əgər fobiya və stressi erkən yaşda səbəbi aşkar olunub üzərində işlənilməzsə, bu zaman gələcəkdə yeniyetməlik və gənclik dövründə bu problem daha ciddi psixoloji problemlərə çevrilə bilər. Fobiyaların müalicəsi uzun müddət davam edə bilər və ya əksinə bəzən mütəxəssis uşağın psixikasına tez bələd olur və bu da fobiya və stressin daha tez aradan qaldırılmasına kömək edir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31