Gözümə düşən işıq və farel balıqları... - Elçin Hüseynbəyli
Elçin Hüseynbəyli (“Paralel dünyalar” silsiləsindən)
7 Yanvar 2019 13:05 SosialElçin Hüseynbəyli
("Paralel dünyalar" silsiləsindən)
...Acmışdıq. Ayağımızı birtəhər çəkirdik. Yaxınlıqda kənddən-zaddan da yox idi ki, həyətdən nəsə oğurlayaq. Çünki heç kimin qapısını döyə bilməzdik. Bizi hər tərəfdən güdürdülər. Mən bunu hiss edirdim. Görünür, onlar da hara getdiyimizi öyrənmək istəyirdilər. Hamımızı bir yerdə tutmaq fikrindəydilər...
Meşənin ortasına çatanda bulanıq çay gördük. Görünür, yuxarılarda yağış yağırdı. Çayın kənarına gəldik. Onu adlamaq lazım idi. Təlimatda belə yazılmışdı. Birdən Təlim suyun qıj axanını görüb qışqırdı. Ora baxın. Biz o, göstərən səmtə baxdıq. Bir farel balığı (ala balıq) qıjavdan keçməyə can atırdı. Özü də biz indiyə kimi belə böyük balıq görməmişdik. Hər üçümüz ona tərəf qaçdıq. Təlim onu tutmaq istədi, amma balıq əlindən sürüşüb yenidən suya düşdü. Onun qabağını kəsmək lazım idi. Mən balığın qabağına qaçdım və çaydan iri bir daş götürüb onu vurdum. Daş balığın belinə dəysə də, bir xeyri olmadı, amma çaşdı. Onda əlimi atıb başından yapışdım və barmağımı onun qulağına keçirtdim. Balıq bir az çapalasa da, təslim oldu. Biz sevinə-sevinə sahilə çıxdıq. Bu zaman Təlim yenə də qışqırdı ki, qıjavdan balıq keçir. Baxdıq ki, balıq sürüynəndi. Birdən yadıma düşdü ki, indi yazağzıdır və balıqlar çay yuxarı üzürlər ki, lazım olan yerdə kürü töksünlər. Bəlkə də elə buradaca, qarınlarını daşlara sürtə-sürtə kürü tökürdülər. Onlara tərəf cumduq...
Xeyli balıq tutduq. Çünki dostlarıma da balığı necə tutmağı başa sala bilmişdim...
Meşədə ocaq çatmaq təhlükəliydi. Daldalanacaq bir yer tapmaq lazım idi. Hamımız ümid edirdik ki, mağaradan-zaddan bir şeyə rast gələ bilərik. Amma axtarışlarımız nəticə vermədi. Ona görə də balıqdan çiy-çiy qoparıq yeməyə başladıq. Dadı elə də pis deyildi, amma nəsə adamın əti ürpəşirdi. Birdən Xalıq dayandı və gözünü zilləyib diqqətlə irəli baxdı. Əvvəlcə qorxduq, amma onun gizlənməyə can atmaması və yerində dayanıb qarşı tərəfi izləməsi bizə də siyarət elədi və biz də ona qoşulduq. İrəli də nəsə qaralırdı. Bir-birimizə heç nə demədən o səmtə doğru irəlilədik. Xırda bir talada yekə bir tikili ucalırdı. Nə zamansa böyük bir malikanə olmuşdu və hər tərəfi uçuq salxaq idi. Kol-kos və hörümçək toru basmış, dağılmış bir yerdən içəri sivişdik. İçəri də tökülüb-dağılmışdı: köhnə royal, stol-stul, şkaflar...Qəribəydi ki, tavandan asılan çil-çıraqlara heç nə olmamışdı. Sanki onları indicə silib-təmizləmişdilər.
Hər üçümüz otağı gəzməyə başladıq. Bura balıq bişirmək üçün münasib yer idi: yandırqmağa alışqanımız vardı, odun da ki, bol... Bircə qalırdı pilətə kimi bir şey tapmaq. Bu zaman Təlim dedi ki, divarda vklyuçatel (elektrik düyməsi) var. Onu basmaq istəyəyəndə qışqırdım ki, bunu eləməsin, çünki gözümüz ətrafı yaxşı görürdü. Hətta düyməni bassaydısa da, işıq yanan deyildi. O özü də mənim bu təlaşıma güldü və:
-Nədən qorxursan, onsuz da yanan deyil, -dedi və düyməni basdı. Mən qışqırdım, amma səsim çıxmadı. Çünki gözlərimə gur işıq vurdu...
Sanki yuxudan ayıldım, amma ayılsam da, gözlərimi aça bilmirdim. Kimsə balıqdan, çaydan, çil-çıraqdan danışırdı. Yenidən huşa getdim...