İnsan bədənindəki sinirlərin uzunluğu 75 kilometr olsa da, ən adi şeylərə belə, əsəbiləşirik… - Maraqlı FAKTLAR  

İstər mənəvi, istər fiziki, istərsə də tibbi-bioloji baxımdan, çox mürəkkəb bir varlıq olan insan haqqında elə maraqlı faktlar var ki, onlarla tanış olduqca təəccüblənməyə bilmirsən.Bir məsələ də var ki, insanın qadir olduğu ilə real həyatdakı fəaliyyətində bəzən çox qəribə uyğunsuzluqlar baş verir.

Bir çox hallarda anlaşılmayan insan orqanizmi haqqında 10 fakta nəzər salmaq kifayətdir ki, onun mürəkkəbliyinin və nələrə qadir olduğunun şahidi olasan:

1. İnsanın gözləri 10 milyona yaxın rəngi seçməyə qadirdir. Bu imkana baxmayaraq bəzi insanlar hələ də ağı qaradan seçməyi bacarmırlar.

2. İnsanın dərisi ömrüboyu 1000 dəfə dəyişərək yenilənir. O cümlədən, üz dərisi də... Biz isə deyirik ki, filankəs ikiüzlüdür.

3. İnsan hər gün 1 litr tüpürcək ifraz edir. Bu 1 litrin qarşısında bir insanın ağzından 1 qram su töküləndə, qarşısındakı o dəqiqə əsəbiləşir ki, "bəsdir də, ağzının suyunu axıtdın".

4. İnsanın bədənində ən güclü əzələ dildir. Yəqin ki, bu gücə görə bəzən dilimizə sahib ola bilmirik.

5. İnsan beyninə daxil olan informasiyaların sürəti saatda 360 kilometrə bərabərdir. Bu sürətin qarşısında arabir "başım şişdi" deyib, şikayətlənməyin mənası yoxdur.

6. Ağılsız və sərsəm adamlarla müqayisədə ağıllı insanların saçlarında minerallar, sink və mis daha çoxdur. Ağlına şübhə edənlər saçlarını laboratoriyaya verib, şübhədən çıxa bilərlər.

7. İnsanın əl dırnaqları ayaq dırnaqlarından 4 dəfə daha tez uzanır. Ancaq bu, heç də o demək deyil ki, əl dırnaqları ilə insanlar çırmaqlaşmalıdırlar.

8. Uzunluq vahidi ilə hesablasaq, ortayaşlı insan bədənində sinirlər təxminən 75 kilometrdir. Ancaq nə faydası, ən adi şeylərə belə, əsəbləşirik.

9. İnsan asqıranda onun ağzından çıxan tüpürcək damcıları saatda 161 kilometr sürətilə yayılır. Əgər belədirsə, niyə bəzi insanlar asqırarkən ağızlarını dəsmalla tutmurlar?

10. İnsan ürəyinin çəkisi 220-260 qrama bərabərdir. Əgər, insan özündə gəzdirdiyi bu kiçik kütlənin qayğısına qala bilmirsə, onda başqalarının qayğısını çəkmək haqqında düşünməyə dəyməz.

İlham Cəmiloğlu, 
Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31