AYYAQQABI- Firuz Mustafa yazır
6 Yanvar 2019 12:15 SosialFiruz Mustafa
(Kiçik hekayələr" silsiləsindən)
"Ağlın varıydı davaya getməyəydin, ata. Getməsəydin indi ayağın da yerində idi".
Qapının ağzında dayanmış oğlunun dediyi bu sözlər güllə olub Cəmilin sinəsinə pərçimləndi. Dodaqlarının səyridiyini, sifətinin əyildiyini özü də hiss etdi. Uşaq ondan təzə ayaqqabı almağa pul istəmişdi. Cəmil uşağa zarafatla: "Bax gör dükanda tək ayaqqabı satırlarsa, mənə də birini al".
Cəmil ayağının birini müharibədə itirmişdi. İndi bir qarış boyu olan bu uşağın verdiyi "ağıllı" cavab onun ağlına başından almış, dünyasını üstünə uçurmuşdu sanki.
Özü də bilmədi ki, protez ayağını yerdən necə üzdü, qapıya necə yaxınlaşdı, qorxu və heyrətlə onun gözünə baxan oğlunun sifətinə şapalağı necə çəkdi.
Uşaq qara kölkə kimi yerə sərildi.
Cəmil sövq-təbii əyilib oğlunu yerdən qaldırmaq istədi. Qəfildən protez ayağının çıxdığını hiss edib daha da əsəbiləşdi. Özü də uşağın yanında yerə uzanıb geri-geri dartındı. "Düzəltmə" ayağı yerindən çıxdı.
Cəmil bir əli ilə hıçqıran oğlunu, o biri əli ilə protez ayağını qucaqlayıb bağrina basdı. Gözü qapının ağzındakı tək ayaqqabıya sataşdı.