Tam orta təhsil səviyyədə 27 imtahan azalacaq

Emin Əmrullayev: "I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq"

Təhsil Nazirliyində "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması (yekun attestasiya istisna olmaqla) aparılması Qaydası"nın qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

Olaylar.az xəbər verir ki, Təhsil Nazirliyinin şöbə müdiri  Emin Əmrullayev məktəbdaxili  qiymətləndirmə qaydalarında dəyişiklikləri  zəruri edən səbəblər barədə məlumat verib. O bildirib ki, yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır:

"Qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb. Böyük Summativ Qiymətləndirmə (BSQ) təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə  bütün fənlərdən, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq. Təhsil səviyyələrinin sonlarında BSQ-lərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin  ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir".

Şöbə müdiri qeyd edib ki, qaydalarda edilən ikinci dəyişiklik ibtidai siniflərlə bağlıdır. Belə ki, ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq, II, III siniflərdə   yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) olacaq:

" Summativ qiymətləndirmə 100 ballıq şkala ilə aparılacaq, yalnız yekunda 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, "Məktəbli kitabçası"na yazılacaq. Başqa sözlə,  qaydalara əsasən, bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək. KSQ üçün 1 dərs saatı, BSQ üçün isə yaş xüsusiyyəti və fənnin özünəməxsusluğu nəzərə alınaraq, 45-90 dəqiqəyə kimi vaxt nəzərdə tutulur. Yarım il ərzində fənn üzrə 3-6 KSQ keçirilə bilər".

E. Eynullayev onu da əlavə etdi ki, dəyişiklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir. Bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin  göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır.

Şöbə müdiri digər dəyişikliyin lisey, gimnaziya və təmayülləşmə tətbiq edilən siniflərdə əlavə fənlər üzrə BSQ-lərin keçirilməsi olduğunu bildirdi. O qeyd etdi ki, ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, təmayül siniflərinin  özünəməxsusluğu  qaydalarda nəzərə alınıb. Məsələn, beynəlxalq akkreditasiyadan keçmiş proqramların (International Baccalaureate Diploma Programme, A level və s.) tətbiq edildiyi ümumi təhsil müəssisələrində fərdi qiymətləndirmə qaydalarından istifadəyə icazə verilir:

"Lisey tipli məktəblərdə summativlər üç fəndən ola bilər. Təmayül fənləri üzrə ola bilər. Birinci sinifdə bu dəyişiklikdən sonra 72 dəfə daha az qiymətləndirmə aparılacaq. İbtidai siniflər üzrə qiymətləndirmənin sayı isə 288-dən 180-ə enib. Dəyişiklikdən sonra ümumtəhsil səviyyəsində V-IX siniflər üzrə Böyük Summativ Qiymətləndirmədə hər il 25 imtahan azalır, tam orta təhsil səviyyədə isə 27 imtahan azalacaq".

Yeni qaydalar  Hüquqi Aktların Dövlət Reyestrinə  daxil edildiyi  və dərc olunduğu gündən (29 dekabr 2018-ci il) qüvvədədir və cari tədris ilinin II yarımilindən tətbiq olunur.

Konfransda Təhsil Nazirliyi "İstedadlı şagird üçün istedadlı müəllim" müsabiqəsinin nəticələri ilə bağlı yaranan müzakirələrə də aydınlıq gətirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirib ki, məsələyə geniş pəncərədən baxılmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışan şəxslər var:

"Dünyanın aparıcı ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır. Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir".

Məsələylə bağlı E.Eynullayev də fikirlərini bildirib. O qeyd edib ki, məktəb müəllimini olimpiada suallarına cavab vermədiyinə görə qınamaq doğru deyil. Bu imtahanda məqsəd beynəlxalq olimpiadalara hazırlıq üçün istedadlı müəllimləri müəyyən etmək idi:

"Bizim məqsədimiz məktəblərdə bu standarta uyğun müəllimlərin qrant vasitəsilə hazırlığını təmin etməkdir. Bu imtahanda fizika üzrə ən yüksək nəticə göstərən müəllimlərdən biri Neftçalanın Xıllı qəsəbəsindən idi. Heç biz bilmirdik ki, həmin qəsəbədə belə müəllimimiz var. Bu imtahanda müəllimin 30-40 faiz nəticə göstərməsi onun respublika fənn olimpiadası üçün şagird hazırlamasına imkan verir".

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31