Nazirliyin şöbə müdiri: "O müəllimləri qınamayın, çünki..."
4 Yanvar 2019 13:19 Sosial"İstedadlı şagird üçün istedadlı müəllim" müsabiqəsinin nəticələri bir çox müsbət məqamlarla seçilir.
Bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev müəllimlərin imtahan nəticələri ilə bağlı cəmiyyətdə yaranmış fikirlərə aydınlıq gətirərkən deyib.
Şöbə müdiri bildirib ki, imtahanda müəllimlərə olimpiada sualları verilib, həmin suallara cavab verənlərinin az olması normaldır:
"Hər bir imtahanın sualları onun məqsədinə hesdablanır. Bu imtahanda məqsəd beynəlxalq olimpiadalara hazırlıq üçün istedadlı müəllimləri müəyyən etmək idi. Olimpiadalarda xüsusi çətin suallar olur. Ötən il dünya səviyyəsində riyaziyyat üzrə olimpiadada cəmi 2 şagird yüksək nəticə göstərmişdi. Ondan əvvəlki ildə yüksək nəticə göstərən olmamışdı.
Bizim məqsədimiz məktəblərdə bu standarta uyğun müəllimlərin qrant vasitəsilə hazırlığını təmin etməkdir.
Təkcə Bakıda deyil, region məktəblərinin şagirdlərinin də olimpiadaya göndərilməsinə çalışırıq. Bizim əvvəldən gözləntimiz heç olmasa 12 müəllim müəyyən etmək idi. Hər bir fənn üzrə 3-5 müəllimin yüksək nəticə göstərməsi yaxşı haldır.
Bu imtahanda fizika üzrə ən yüksək nəticə göstərən müəllimlərdən biri Neftçalanın Xıllı qəsəbəsindən idi. Heç biz bilmirdik ki, həmin qəsəbədə belə müəllimimiz var. Bu imtahanda müəllimin 30-40 faiz nəticə göstərməsi onun respublika fənn olimpiadası üçün şagird hazırlamasına imkan verir.
Məktəb müəllimini olimpiada suallarına cavab vermədiyinə görə qınamaq doğru deyil. Bəzən optika sahəsi üzrə olimpiadada elə sual düşür ki, heç alimlər də cavabını dəqiq bilmir".