Nadir Fondda mühafizə olunan sənədlərin vahid kataloqu hazırlana bilər

AMEA Mərkəzi Elmi Kitabxanasının 2018-ci ildəki fəaliyyətinə dair hesabat iclası keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının 2018-ci ildəki fəaliyyətinə dair hesabat iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq kitabxanada oxuculara göstərilən müasir xidmətlər sisteminin, fondlara daxil edilən yeni qiymətli sənədlərin, kolleksiyaların, Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri münasibətilə gerçəkləşdirilən müxtəlif formatlı layihələrin, Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin, UNESCO işçi qrupunun üzvü qismində fəaliyyətin, ictimaiyyətlə əlaqələrin, beynəlxalq akademik qurumlarla əməkdaşlığın, yeni layihələrin, tədbirlər də daxil olmaqla kitabxananın 2018-ci il ərzində fəaliyyətinin ən yüksək qiymətə layiq olduğunu bildirib. Akademik İsa Həbibbəyli daha sonra vikipedia fəaliyyətinə toxunub, MEK-in Vikipedia Metodik Mərkəzinin yüksək rəqabət qabiliyyətli quruma çevrildiyini qeyd edərək, informasiya təhlükəsizliyinin təmin olunması, onun bir neçə dildə paylaşılması istiqamətində çalışmalarını yüksək qiymətləndirib, gələcəkdə vikipedia təlim şəbəkəsinin genişləndirilməsini təklif edib. Akademik Nadir Fondda mühafizə olunan sənədlərin vahid kataloqunun hazırlanıb istifadəyə verilməsini tövsiyyə edib.

Tədbirdə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova təqdimatla çıxış edərək ilk növbədə 2017-ci ilin hesabatının müzakirəsi zamanı səslənən tövsiyyələrin həyata keçirildiyini qeyd edib və 2018-ci ildə görülən işlərdən danışıb. Bildirib ki, MEK-in fəaliyyəti ölkə Prezidentinin, Nazirlər Kabinetinin fərman və sərəncamlarının, dövlət proqramlarının, AMEA-nın qərar və sərəncamlarının, eləcə də MEK-in strateji hədəflərinin, yeni layihə və təşəbbüslərinin üzərində qurulub.

L.İmanova qeyd edib ki, 2018-ci ildə ümmumilli lider Heydər Əliyevin anadan omasının 95 illiyi münasibətilə "Heydər Əliyev: elektron baza və sənədlərin reyestri" adlı elektron resurs hazırlanıb oxucuların istifadəsinə verilib. Resursa MEK-in MRY bazasında mühafizə olunan Heydər Əliyevə aid 1000-dən çox sənədin elektron reyestri, məlumat bazası, MEK-in hazırladığı video-film daxil edilib.

Hesabat iclasında peşəkar kadr axını, təhlükəsizlik, sənədlərin bərpa və konservasiyası, informasiyanın əlaqələndirilməsi kimi problemlər müzakirə edilib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31