“Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı tədbir keçirilib

Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Nizami Kino Mərkəzində “Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı bayram tədbiri keçirilib.

Dünya Azərbaycanlılarının həmrəylik günü  və Yeni təqvim ili münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Nizami Kino Mərkəzində  "Uşaqlar cəmiyyətimizin sabahıdır" adlı  bayram tədbiri keçirilib. İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbirdə  rayondakı  11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan  əlil uşaqlar,  həmçinin şəhid, Qarabağ muharibəsi  veteranları ailələrindən və aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən -  ümumilikdə 500-dən artıq uşaq iştirak edib. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqları salamlayaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə təbrik etmişdir. Gülarə Verdiyeva bildirmişdir ki,  ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider ötən əsrin 70-ci illərində respublikamıza rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirmiş, uşaqların təhsili, dünyagörüşlərinin zənginləşdirilməsi və sağlamlıqlarının qorunması istiqamətində əhəmiyyətli işlər görmüşdür. "Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm" - deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik əldə etdikdən sonra ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmışdır. Gülarə Verdiyeva çıxışına davam edərək qeyd etmişdir ki, Ulu Öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti  bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilmiş, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə, o cümlədən Nəsimi rayonunda uşaqlarla bağlı bir sıra önəmli layihələr həyata keçirilir. Ölkəmizdə olduğu kimi, Nəsimi rayonunda da  xüsusi qayğıya ehtiyacı olan,  o cümlədən sağlamlıq imkanları məhdud olan  uşaqların cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31