Bakını tıxac bəlasından belə qurtarmaq olar - təklif

Nəqliyyat eksperti çıxış yolundan danışdı; qabaqcıl ölkələrdəki təcrübə isə deyir ki...

Sentyabr-oktyabr ayından ənənəvi olaraq Bakının tıxac problemi başlayıb. Artıq bir neçə ildir ki, bu məsələnin çözülməsi istiqamətində müxtəlif tədbirlər görülsə də, yollar çəkilsə də, avtomobillərin müxtəlif istiqamətlərdə hərəkətinə imkan verən körpülər tikilsə də, problem qalmaqdadır. Nəticədə insanlar yollarda xeyli vaxt itirir, işə gecikir, yanğınsöndürən, təcili yardım, polis maşınları ləngiyir və sairə. Bütün bunlar həm də iqtisadiyyata, ekologiyaya külli miqdarda ziyan vurmuş olur.

Bəs Bakını tıxac bəlasından necə qurtarmaq olar?

Öncə qeyd edək ki, bu günlərdə Bakı Nəqliyyat Agentliyi məlumat yayaraq bildirdi ki, paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədilə daha bir yenilik tətbiq ediləcək. Belə ki, hazırlanan yeni layihəyə əsasən, yol kəsişmələrində sarı kəsişmə torunun təşkilinə başladılıb. Pilot layihə olaraq, ilk sarı kəsişmə toru S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində təşkil ediləcək. Sonrakı mərhələdə isə sarı kəsişmə torunun şəhər mərkəzini əhatə edən, eyni zamanda tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsində də təşkili nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, sarı kəsişmə toru yol kəsişməsində nəqliyyatın kilidlənməsinin qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır. Onlar adətən iki və daha artıq yolun kəsişməsində, bəzi hallarda dairələrdə, yanğınsöndürmə, təcili yardım stansiyalarının qarşısında yerləşdirilir. Bu nişanlanma yolayrıcında hərəkət hissələrinin kəsişmə yerinin (yerlərinin) konfiqurasiyasına uyğun olaraq sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur. Nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə mane olmamaq şərtilə sarı qutunun içərisində dayanmaq olar. Sarı kəsişmə toru 1967-ci ildə Londonda uğurla sınaqdan keçirilib və bu gün Avropanın bir çox ölkələrində, ABŞ-da və bəzi Asiya ölkələrində tətbiq edilir.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı "Yeni Müsavat"a tıxacların yaranması və onun həlli yolu haqda danışdı: "Dünyanın hər yerində iri şəhərlərdə tıxacın əsas səbəbi odur ki, avtomobillərin sayı getdikcə sürətlə artır və şəhər bu yükü tam qaldıra bilmir. Bu problemi həll etmək üçün müxtəlif həlli yolları təklif olunur. Əsas təkliflərdən biri - yollarda avtomobilsiz hərəkət, yəni velosiped və bu tip nəqliyyat yolu ilə və yaxud piyada hərəkət etmək, ikincisi isə ictimai nəqliyyatın ideallığıdır. Təəssüf ki, hər iki üsul ölkəmizdə problemdir. Yəni ictimai nəqliyyatımız hələ də arzuolunan səviyyədə deyil, velosipedə adi oyuncaq və yaxud idman aləti kimi baxırıq. Qaldı piyada getmək, elə insanlarımız var ki, binanın bir tərəfindən digərinə getmək üçün avtomobildən istifadə edir, yəni piyada gəzməyə tənbəllik edirlər. Yəni bu məsələdə yanaşmalarımızı dəyişməliyik.

Eyni zamanda yol infrastrukturu həyata keçirməliyik. İllərdir ki, müzakirə edilir ki, ölkəmizdə ən böyük problem şəhərsalma, məskunlaşma problemidir. Şəhərdə az qala  yeriməyə də yer qoyulmayıb, hər yerdə yeni tikililərə rast gəlirik. Hətta bu günlərdə prezidentimiz də keçirilən tədbirlərin birində qeyd etdi ki, kriminallaşmış tikintinin qarşısını almaq lazımdır. Bu cür tikililər şəhəri yükləyir, tıxaclara səbəb olur. Həmçinin yol ətrafının təşkili də bağlı problemlər var. Tıxacların yaranmasında yol hərəkəti iştirakçılarının da səhvləri olur. Bütün bunları istiqamətli olaraq işləmək lazımdır".

Ekspert Bakıda başladılacaq yeni layihədən də söz açdı: "Qeyd etdiyim kimi, tıxacların yaranmasında 5-10 faiz sürücülərin günahı var. Bu yeni layihə həmin 5-10 faizi yaxşılaşdıra bilər. Layihə demək olar ki, sürücüyə kömək üçündür, ona rəng effekti ilə xəbərdarlıq edir".

Bəs böyük ölkələr tıxac problemini necə həll edir?

Qeyd edək ki, tıxac problemi təkcə ölkəmizdə deyil, dünyanın ən inkişaf etmiş ölkələrində problem olaraq qalmaqdadır. Məsələn, hesablamalara görə, hər bir amerikalı tıxaclarda ildə 36, almaniyalı isə 60 saat vaxt itirir. Eləcə də Moskva və İstanbulda insanlar uzun-uzadı tıxaclarda qalmalı olur. Lakin bəzi ölkələrdə tıxac problemi nisbətən öz həllini tapa bilib. Məsələn, Çində şəhər daxilində insanlar daha çox velosipeddən istifadə edir, yalnız uzaq səfərlər zamanı avtomobillərə üstünlük verilir. Şanxayda isə şəhərə yalnız şəhər nömrəli maşınların girişinə icazə var, digərləri isə yalnız pullu icazədən sonra şəhərə daxil ola bilir. Şəhər nömrələri isə yalnız hərracda və 4000 dollara satılır. Həmçinin Nyu-York, London, Paris, Romada da şəhərin mərkəzinə daxil olma ödənişlidir. Pullu zonalara daxil olmaq haqqı 10 dollardır, bu qaydanı pozan isə 100 dollar cərimə ödəməlidir. Nəticədə şəhərin mərkəzində daha az sıxlıq olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31