İlahiyyat İnstitutunda dəyirmi masa keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Beynəlxalq Psixi Sağlamlıq Gününə həsr olunmuş dəyirmi masa keçirib.  Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbiri açan Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitunun yaradılma məqsədindən, hədəflərindən danışıb, institutda mütəmadi olaraq müxtəlif mövzularda seminarların keçirildiyini və bu kimi tədbirlərin artıq ənənə halını aldığını bildirib. C.Məmmədov mövzunun əhəmiyyətinə toxunaraq, inancın cəmiyyətin həyatında, insan mənəviyyatında xüsusi rola malik olduğunu vurğulayıb.

Sonra Aİİ-nin əməkdaşı Şəms Bağırova Beynəlxalq Psixi Sağlamlıq Gününün mahiyyətini, tarixini əks etdirən təqdimatla çıxış edib.

Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov "İnanc və  cəmiyyətin mənəvi həyatında rolu" mövzusunda məruzəsini təqdim edib. Məruzəçi nitqinə Ömər ibn Əbdüləzizin  "Biz əbədi olaraq yaradılmışıq, sadəcə bir həyatdan digərinə qədəm basırıq" fikirləri ilə başlayıb. E.Məmmədov insan fitrətinin dinə ehtiyaclı  olduğunu, onun təkcə ağıldan deyil, həm də ruhdan ibarət olduğunu qeyd edib. Natiq alimlərin fikirlərindən sitat gətirərək, dinin insana ümid, nikbinlik, mənəvi güc verdiyini, psixoloji sağlamlıq bəxş etdiyini bildirib.

"Psixoloji xidmət və Tədqiqatlar"  İctimai Birliyinin əməkdaşı, psixoloq İlqar Kərimov isə "Əhalinin fərdi inkişafında psixologiya və teologiyanın rolu" mövzusunda çıxış edib. İ.Kərimov Ümumdünya Səhiyyə Assosiassiyası tərəfindən qəbul edilmiş psixi sağlamlıq kriteriyalarına, "fərdin psixi və fiziki məni" məsələlərinə toxunub. Qeyd edib ki, davranış, təfəkkür, emosional durum, şüur və təhtəlşüur - psixoloji, mənəvi inkişaf isə daha çox teoloji, irfani qaynaqlıdır.

Dəyirmi masa mövzu ətrafında müzakirələrlə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31