Zamiranın ayağının altından qaçan dünya - Züleyxa NADİR
Züleyxa NADİR Zamiranın ayağının altından qaçan dünya
15 Oktyabr 2018 13:22 SosialZüleyxa NADİR
Zamiranın ayağının altından qaçan dünya
Deyirlər cənnət qadınların ayaqları altındadı. Bu sözləri kim deyib, nə zaman deyib, niyə deyib, doğrudanmı cənnət qadınların ayaqları altındadı? Bilmirəm... amma çox yaxşı deyib, çox gözəl deyib. Şəxsən mən inanıram ki, bu, doğrudan da belədi. "Cənnət" və "qadın" sözü birlikdə ruhumuzun ahəngini nizamlayır və biz (bu cinsin nümayəndələri) Allahın lütf etdiyi qadınlıq missiyasını şərəflə daşımağa köklənirik. Nə gözəl!
Amma gözəl olmayan bir nəsnə var. Bütün qadınlar bu şərəfi daşıya bilmir, bu məsuliyyətin altında əzilirlər. Cənnət həmin qadınların ayaqları altında olmur, tam tərsinə onlar dünyanı ayaqlarının altına alırlar. Gözləri heç yanı, heç kimi görmür. Bu qadınlar qorxunc olurlar, ətrafa təhlükə saçırlar. Amma gün gəlir ki, ayaqları altına aldıqları dünyanın özündəcə ifşa olunur, haqq-hesab "tərəzisinə" çıxarılırlar. Fakt: son günlərin gündəmini zəbt edən Zamira Hacıyeva - son günlərin gündəmindən düşməyən "qəhrəman".
Beynəlxalq Bankın keçmiş sədrinin arvadı olan bu qadın haqqında yazılanları oxuyanda, xərclədiyi pulların miqdarını biləndə heyrətdən yer ayaqlarımın altından qaçdı. Zamira Hacıyevanın dəyəri milyonlarla ölçülən əmlakı, şəxsi sərvəti az qala balaca bir ölkənin illik büdcəsi qədərdi. İnsanın nə qədər halal qazancı olmalıdır ki, Londonun məşhur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alsın, həmçinin Berkshire qraflığında qolf kulubunun sahibi olsun?! Özü də qadın olasan və heç bir yerdə işləməyəsən, hakimin sualını da "vaxtilə ərimin biznesi olub" deyə cavablandırasan. Bu, qurd ürəyi yemək deməkdi.
"Qurd ürəyi yeyən" azərbaycanlı qadınlar tarixdə çox olub - Tomris kimi, Nüşabə kimi...Lap elə son 20-25 ildə Qarabağ uğrunda gedən savaşda çoxlu sayda qadın olub ki, ölümün üstünə gediblər, vətən yolunda olan-qalan cüzi əmlaklarını da xərcləyiblər. Döyüşən əsgərlərimizə ana-bacı olublar. Bir gün də olsun sərvət toplamaq, var-dövlət əldə etməyin yollarını düşünməyiblər. Amma Zamira Hacıyeva və onun kimilər Qarabağın yolunu belə tanımırlar. Ola bilsin ki, "Qarabağ" sözünü belə düzgün tələffüz edə bilmirlər. Rus, ingilis dillərində danışmağı ana dilindən üstün sayırlar. Belələri günlərinin çoxunu xarici ölkələrdə cəh-cəlal içində keçirirlər. Hətta o ölkələrdə rastına çıxan kimsəsizə belə yardım edirlər. Amma Azərbaycanda hansısa bir xeyriyyə işi görməyə həvəs göstərmir, yıxılanın əlindən tutub qaldırmağa güc sərf etmirlər. Xarici ölkə universitetlərində oxumaq üçün yüksək bal toplayan, amma imkansızlıq ucbatından gedə bilməyən bir gəncin təhsil haqqını ödəməyə vicdanları çatmır. Çünki paxıllıq edirlər, istəmirlər ki, onlar gedib Avropada təhsil alsınlar, oraları görsünlər. Sanki dünyanın böyük dövlətləri bunların dədələrindən qalıb, yalnız onların ailəsinə məxsusdu.
Zamira Hacıyeva Azərbaycanda doğulub, Azərbaycanda yaşasa da İngiltərə vətəndaşıdı. O ölkənin vətəndaşlığını nə zaman alıb, niyə alıb? Bu sualın cavabında həm aydın, həm də qaranlıq tərəflər var. Biz isə cavabın içindəki bir həqiqəti görə bilərik: bu qədər sərvət Azərbaycana "yerləşməz". Dünyanın hər yerində varlı-hallı xanımlar, milyonlarla sərvəti olan qadın, kişi var. Onlar bu pullarını halallıqla qazanır və həmin sərvətin bir qismini xeyriyyə işlərinə sərf edirlər, hətta vətəndaşı olmadıqları ölkənin inkişafı üçün müəyyən məbləğ ayırırlar. Mənfur qonşularımızın xarici ölkələrdə yaşayan minlərlə nümayəndəsi var. Çoxusu da Ermənistan vətəndaşı deyil. Avropada yaşayan, Amerikada doğulan imkanlı və məşhur ermənilər vaxtaşırı Ermənistana gəlir, bu ölkəyə maddi kömklik göstərirlər. Hətta içlərindən Qarabağa gedib ordakı erməniləri ziyarət etməyə cürəti çatanlar da tapılır. Bu adamlar Avropada qazandıqları sərvətin bir hissəsini erməni xalqının yolunda xərcləyirlər. Nümunə üçün ermənicə bir kəlmə bilməyən, amma erməniləri doğulduğu, yaşadığı, vətəndaşı olduğu Fransadakı fransızlardan üstün tutan Şarl Aznavuryanın adını çəkə bilərəm. Belə məqamlarda Zamira Hacıyeva Aznavuryanın kölgəsində qalır.
Var-dövlət toplamaq, sərvət yığmaq elə bir xəstəlikdir ki, ona tutulanlar bu mərəzdən qurtula bilmirlər. Damarına, iliyinə işləyən sərvət xəstəliyinin daşıyıcısı qadın olanda isə məzmun bir başqa xarakter alır. Klassiklərdən üzü bəri qadın haqqında deyilən ən xoş, ən zərif ifadələr yerində oturmur, dəyərini itirir. Əslində Azərbaycanda belə "xəstələrin" az deyil, heç də Zamiradan geri qalmırlar. Bəzilərini tanıyırıq, az-çox məlumatımız var. Bilirik ki, onların dəyirmanı dayanmadan işləyir, hələ ki, əla üyüdür. Amma Zamira Hacıyevanın dəyirmanı çox işləmədi, yarı yolda qaldı. Son on ildə alış-veriş etdiyi Harrods mağazası dünyanın ən bahalı məkanıdır. Altı ildən sonra bu obyektin 200 yaşı olacaq. Zamira kimilərinin sayəsində bu mağaza hələ daha necə iki yüz il yol gedəcək. Mağazanın devizi latın dilində olan "Omnia Omnibus Ubique" ifadəsidir ki, bu da "hər şey hər yerdə hami üçün" kimi tərcümə olunur. Bu məkanda yalnız Zamira kimilər alver edə bilərlər. Mağazanın devizində deyildiyi kimi hər kəs ordakı hər şeyi görə bilər, amma alış-veriş edə bilməz. Bu xoşbəxtliyi Allah yalnız Zamira Hacıyevanın alnına yazıb. Ki... azərbaycanlı bir xanım milyonlarını götürüb uzaq Londonda xərcləsin.
Deyirlər ki, yazıya pozu yoxdu. Amma varmış, ilahi ədalət o yazını elə pozur ki, təkrar yazılması mümkün olmur. Zamira xanımın taleyinə yazılan milyonları, milyardları bu günlərdə Böyük Britaniya dövləti pozdu. Ölkə tarixində ilk "İzahedilməmiş Sərvət Sərəncamı"nın şərtlərinə əsasən, 55 yaşlı Zamirə Hacıyeva, əri Cahangir Hacıyev ilə birgə Milli Cinayət Agentliyinə hesabat verməlidir ki, Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına alıblar. Zamirə Hacıyeva ərinin də əvəzinə cavab verməli olacaq, qaça bilməyəcək, belə situasiyada vətəndaşlıqdan çıxması mümkün deyil.
Zamira Hacıyevanın Böyük Britaniyada bu qədər əmlakı var. Görəsən Azərbaycanda nə qədər obyektləri var? Yoxsa havasını udub, suyunu içdiyi Azərbaycan onun üçün balaca görünüb? Bəlkə də burada onun balaca bir ayaqqabı budkası belə yoxdu. Milyonlarını bu ölkədə xərcləməyə cəsarəti çatmayıb, yoxsa üstündə gəzdiyi torpağı bəyənməyib? Ya bəlkə də bu milləti saymayıb, xalqa yuxarıdan aşağı baxıb. Yuxarıdakı suala veriləcək cavabın bir qismi aydın oldu ki, o məhz bu sadaladıqlarımdan dolayı Avropa vətəndaşlığını qəbul edib. Elə düşünüb ki, oralarda xərclədiyi pulların hesabını kim soruşacaq ki?! Amma anlamayıb ki, hara qaçırsan qaç Azərbaycan dövləti sənə tapacaq, taladığın sərvətin hesabını soracaq və bir də ora İngiltərədi, insanları soyuqqanlı ingilislərdi. "İngilis barmağı" sözü havadan yaranmayıb. Həmin "barmağın" toxunduğu hər şey məhv olur.
Zamira Hacıyeva unudub ki, sərvət qızıl ilandı, o dönüb-dolaşıb sahibinin özünü sancır. Bu gün bu xanım qızıl ilanın sancdığı yaranın ağrısını yaşayır. Elə bir ağrı ki, heç bir ağrıkəsici dərman, keyləşdirici vasitə kömək edə bilmir. Çünki ilanın zəhəri qanına keçib, iliyinə işləyib. Onu hər gün öldürür, qram-qram canını alır, zərrə-zərrə cəhənnəmə sürükləyir. Halbuki o, qadın olaraq "cənnət anaların ayağı altındadı" deyiminin həzzini yaşamalı idi. Amma o bu duyğunu yaşamadı. Çünki dünya vecinə deyildi. Umurunda olmayan dünya bir gün ona naxələf çıxdı, ayağının altından qaçıb onu yıxdı.
Bu yıxılan qadının ayağa durması indi mümkünsüz görünür. Avropada xərclədiyi pulların az bir qismini Azərbaycanda xeyriyyə işlərinə sərf etsəydi bəlkə də ayağa durması üçün kimsə onun əlindən tutardı.