Müraciətlər operativ cavablandırılır
10 Sentyabr 2018 15:19 SosialBirinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinin tətbiqi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İşçi Qrupu müraciətlərin operativ cavablandırılmasını təmin edir.
"OLAYLAR" xəbər verir ki, sentyabrın 10-na (saat 13:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 46 713, məktəbəhazırlıq qruplarına isə 18 537 şagird elektron qeydiyyatdan keçib.
Elektron qeydiyyat şəffaflığın və vətəndaşların rahatlığının təmin olunması, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Onu da qeyd edək ki, İşçi Qrupu birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbulla bağlı nəinki iş saatlarında, zərurət olduqda hətta işdən kənar saatlarda da fəaliyyət göstərirlər.
Artıq dördüncü ildir ki, birinci sinfə və ikinci ildir ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi elektron qaydada həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir.