Bakıda və Neftçalada təmizlik aksiyaları keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Ekoloji maarifləndirmə” proqramı çərçivəsində Bakı şəhərində və Neftçala rayonunda təmizlik aksiyaları keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Ekoloji maarifləndirmə" proqramı çərçivəsində Bakı şəhərində və Neftçala rayonunda təmizlik aksiyaları keçirib.

Bakı şəhəri Səbail rayonunda yerləşən "Dostluq" parkında təşkil olunan aksiyada Bilik Fondunun və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yasamal və Səbail rayonlarının məktəbliləri, müəllimlər, Fondun "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri iştirak ediblər.

Olaylar.az bildirir ki, fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla aksiya iştirakçıları ilə söhbətində XXI əsr texnologiya dövründə təbiətin mühafizəsinin hər birimizin ümdə borcu olduğunu vurgulayıb və bu təşəbbüsün son vaxtlar respublikamızda aparılan genişmiqyaslı təmizlik işləri ilə üst-üstə düşdüyünü söyləyib.

Fondun baş məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Nüşabə Hüseynli çıxışında bizə miras qalan yerüstü və yeraltı sərvətlərimizin nəsildən-nəslə ötürülən bir əmanət olduğunu bildirib, bu əmanəti göz-bəbəyimiz kimi qorumağın, gələcək nəslə layiqincə çatdırmağın vacibliyini qeyd edib.

Fondun baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Əliyeva aksiyanın Beynəlxalq Savad gününə həsr olunduğunu deyib.

Xəzər dənizinin Neftçala rayonu Şirvanlı kəndinin ərazisindəki sahilində yerləşən çimərliyin plastik tullantılardan təmizlənməsi aksiyası isə Fondun yerli nümayəndəsi, Yeniqışlaq kənd ümumi orta məktəbinin direktoru Ülvi Fərzəliyevin təşəbbüsü ilə keçirilib. Aksiyanın hər həftənin bazar günü davam etdirilməsi planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31