Mədəni yeni üsyan - "Səni deyirlər"

Bu gün müasir dünyada yaxşıya doğru dəyişən hadisələrdən biri də etiraz aksiyalarının formasının dəyişməsidir. Əvvəllər etiraz aksiyası deyilən zaman ağla ilk olaraq mitinqlər gəlirdi. Bu gün isə hər kəs fərqindədir ki, mitinqlər artıq effektiv etiraz üsulu deyil. Hər şeyi ilə kreativləşən dünyada indi etiraz aksiyası dediyim zaman müxtəlif piket və fləşmoblar göz önünə gəlir. Etirazlar daha çox mədəni formada videoçarxlar nümayiş etdirilərək, fotosərgi və filmlər təqdim olunaraq yerinə yetirilir. Zərərsiz və daha effektiv...

Bu günlərdə bu cür zərərsiz və daha effektiv etiraz aksiyalarından biri güneyli soydaşlarımız tərəfindən bizi qürurlandırdı. Güney Azərbaycanı və Tehranda güneyli müğənni İbrahim Əlizadənin ( Hərçənd ki, ifaçının adı Alireza Şərifzadə kimi qeyd olunub) "Səni deyirlər" adlı türk mahnısı ilə evlərində, küçədə, sinif otaqlarında, hərbi qarnizonda və müxtəlif yerlərdə rəqs edən vətəndaşların bu görüntüləri sosial şəbəkələrdə izlənmə rekordları qırır. Minlərlə yeni yetmə, gənc və orta yaşlı qadın və kişinin Azərbaycan türkcəsində səslənən bu mahnı ilə tək və ya qrup halında rəqslərinin yayıldığı videolara baxan bəziləri bunun boşluqdan və əhlikeflikdən yarandığını düşünürlər. Onları heç bir dərdi olmayan vətəndaşlar kimi görənlər də təəssüflər olsun ki, az deyil. Bu cür düşünən insanlara özlərini ətrafı qadağalar və yasaqlarla örtülmüş güneyli soydaşlarımızın yerinə qoymağı təklif edək. Bəlkə onlarla empatiya qurduqdan sonra, onların hansı hisləri keçirdiyini dərk edərlər. Bu etiraz aksiyasıdır, özünəməxsus şəkildə azadlığa çağırışdır. Bu ictimai yerlərdə rəqs və əyləncəyə qarşı qoyulan etiraz səsidir. Bu səsə səs verənlər isə təkcə güney azərbaycanlılarla məhdudlaşmır, onların arasında türkiyəli və quzey azərbaycanlı gənclərə də rast gəlinir. Onlar İranda molla rejiminin insanların əyləncə azadlığının məhdudlaşdırmasına üsyan edərək bu rəqslə tabuları qırmağa, qadağalara qarşı çıxmağa çalışırlar. Musiqi və rəqslə silahlanan əsasən gənc soydaşlarımız toplumu qəmə və kədərə məhkum edən yasaqlara meydan oxuyurlar.

Bu fləşmob Urmu gölünün qurudulması və İran rejiminin sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz kimi meydan çıxıb. "Səni Deyirlər" mahnısı Qarapapaq türklərinin yaşadığı Sulduzda ifa edilən bir yallı havasıdır və Urmiyə şəhəri və Urmiyə Gölü haqqındadır. Mahnının sözləri isə Azərbaycanın tanınmış şairi Şəhriyar Del Gəraniyə məxsusdur. Xatırladım ki, Şəhriyar del Gerani və Fərid Hüseyn 2012-ci il aprelində Tehranda keçirilən şer festivalına dəvət edilib və daha sonra şairlər festivaldan qayıdarkən eyni ilin mayında Təbrizdə naməlum mülki geyimli şəxslər tərəfindən həbs edilmişdilər. Bu hadisə isə iki dövlət arasında gərginliyə səbəb olmuşdu. Hər iki şair həmin ilin sentyabr ayının ilk günlərində azad edilmişdilər.

"Səni deyirlər" rəqs kampaniyası təkcə Arazın o tayında məşhur deyil. Xoşa gələn haldır ki, respublikamızda da güneyli soydaşlarımıza dəstək məqsədilə bu aksiyaya qoşulanların sayı durmadan artır. Onlar #senideyirlər həştəqi ilə videolar paylaşaraq həmrəylik nümayiş etdirirlər.  Aksiya getdikcə daha çox insanın marağını cəlb etməyə başlayır. Trendə çevrilən bu mədəni etiraz forması artıq dünyanın aparıcı medialarının da diqqətini çəkib. Sosial şəbəkələrdə başladılan kampaniya davam etdirilir və uzun müddət adından danışılacağı hiss olunur.

Aksiyayla bağlı xüsusilə diqqət çəkən maraqlı hadisələrdən biri də keçən iyul ayında baş vermişdi. Beləki rəqs videolarını instagramda paylaşan gənc qadın Maidə Hojəbrinin həbsinə dair xəbər İran və dünya mətbuatının gündəmində yer almışdı.

Musiqinin təsir gücü o qədər böyükdür ki, onunla sevmək də, nifrət etmək də, etiraz etmək, üsyan etmək və hətta həbs olunmaq belə mümkündür. Bu fləşmob təkcə etiraz səsi deyil həmdə Azərbaycan türkcəsində musiqinin  təbliğidir. Medianın gündəmini zəbt edən bu videoların izləyəci sayının həndəsi silsilə ilə artmasının səbəbidə məhz bütün bu səbəblərdir.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31