İtkin uşağın nəhəng qorxusu
24 İyul 2018 16:09 SosialValideynləri son dəfə hər şeyi yoxlayaraq evdən çıxmazdan əvvəl Hüseyn otağına qaçaraq kiçik akvariumunun içindəki narıncı balığına baxdı. 3 yaşlı balaca oğlan balığına gülümsədi. Ailə şəhər stressindən ayrılmaq üçün iki günlük qısa tətilə çıxırdı. Hüseyn isə səbirsizliklə bu günü gözləyirdi. Zatən dəcəl olan kiçik oğlanı atası zorla maşının arxa hissəsində, təhlükəsizlik kəmərini taxaraq otuzdurmuşdu. İstədiyi kimi hərəkət edə bilməsə də, Hüseyn yol boyu maraqlı suallar verərək cavab axtarırdı. Avtomobilin pəncərəsindən ötüb keçən ağaclara, geridə qalan digər avtomobillərə baxır, kiçik akvariumunu və narıncı balığını düşünürdü: "Atam getdiyimiz yerdə çay olduğunu söyləyir. O çay mənim akvariumumdan daha böyükdür, yəqin ki, oradakı balıqlar da, narıncı balığımdan daha böyük və daha çoxdur. Bəlkə də, nağıl kitabımda gördüyüm nəhəng və qorxunc akula da həmin çaydadır".
Sovet dönəmində tikilmiş, müasir standartlara istənilən səviyyədə cavab verməyən istirahət mərkəzinə çatmazdan əvvəl Hüseyn bir anda yol boyu düşündüyü çayı görərək pəncərədən geriyə boylandı.
Tətil zamanı Hüseynin rahatlığı və yaxşı əylənməsi üçün ehtiyac olan bütün tədbirləri görən valideynləri, bu gün təhlükəsizlik səbəbilə, bir çox yerlərdə rast gəldiyimiz adi kameraların belə birləşdirilmədiyi oteldə, uşaqlarının təhlükəsizliyi üçün istənilən tədbirləri ala bilmişdilərmi?
İstirahətin ilk günü yorğunluq bilmədən doyunca əylənən 3 yaşlı dəcəl oğlan üçün ətrafdakı bütün əyləncələr artıq maraqsız görünürdü. Hələ dünəndən hər dəfə fürsət tapdığı zaman atasından onu çaya götürməsini istəyən Hüseyn bu gün daha da israrlı idi. Lakin valideynləri tətilin istənilən qədər dadını çıxarmaq üçün Hüseyni dinləməkdən və nə istədiyini anlamaqdansa ona sadəcə nəzər yetirməklə kifayətlənirdirlər.
Artıq heç bir şey etmədən sakit və küskün oturan kiçik oğlanın nə üçün belə etdiyini soruşan yox idi. Hər kəs sadəcə öz istirahətini fikirləşir, "nə etsəm daha çox əylənərəm" deyə düşünürdülər.
Lakin narıncı balığından daha çox balığın toplandığı və akvariumundan daha böyük olan çay Hüseynin ağlından çıxmırdı. O, sadəcə nağıl kitabındakı nəhəng akuladan nə qədər qorxsa da çayda canlı olaraq görmək istəyirdi.
Valideynləri Hüseynə onlardan icazə almadan heç yerə getməməsini dəfələrlə tapşırmışdılar. Lakin 3 yaşlı uşaq bir anlıq nəzərlərini ətrafa çevirdi və hər kəsin nə qədər məşğul olduğunu gördü. Anası qumluqda uzanaraq kitab oxuyurdu, (Ümumiyyətlə son dövrlərdə çimərlikdə möhtəşəm üz qabıqlı bestseller "kitab oxuyanlar"ın sayı kitabxanada, yaxud da evdə kitab oxuyanların sayına nisbətən kifayət qədər artıb) atası isə qulaqcığını taxaraq mobil cihazının "play list"ində olan musiqiləri dinləyirdi. Ətrafda ona heç kimin əhəmiyyət vermədiyini görən kiçik oğlan düşündü ki, əgər tez bir zamanda çaya gedərək akulanı görüb tez qayıdarsam, valideynlərimin də bundan xəbəri olmayaq...
Hüseyn sakit ayağa qalxaraq əyləncədən gözü heç nəyi görməyən tünlüyün içərisindən çıxmağı bacardı...
Adətən küçədə təkbaşına uşaq gördüyümüz zaman ətrafa baxaraq valideynin harada olduğuna gözucu belə olsa nəzər yetiririk. Lakin maraqlısı budur ki, 3 yaşlı sarışın oğlanın nə üçün təkbaşına yeridiyi ətrafda onu görən heç kəsin diqqətini çəkmirdi. Özəlliklə də normal olaraq valideynlərin uşaqlarının əlindən sıx tutaraq buraxmadığı bu cür tətil üçün ayrılan yerlərdə kiçik uşağın təkbaşına olmasına əhəmiyyət verilməməsi onu göstərir ki, əgər bu gün bir uşaq itirsə və günahkar axtarışındsayıqsa valideyndən savayı bunun günahkarı həm də cəmiyyətdir.
Havanın qaralmasına az qalmış çaya çatan cəsarətli kiçik oğlan o qədər də sevinə bilmirdi. Çünki kiçik ürəyini həyəcan və qorxu sarmağa başlamışdı. Artıq yavaş-yavaş valideynlərinin yoxluğu və onların yoxluğundan qaynaqlanan təhlükəsizlik canına yayılırdı. Hüseynin kiçik ürəyi, qorxu ilə dolan yaşıl gözləri geriyə dönüb baxsa da, yerindən ayrılmağa qorxurdu. 3 yaşlı oğlanı artıq nə çay, nə narıncı balığı,nə də kiçik akvariumu maraqlandırmırdı. Ona indi nəhəng gələn tək şey bu günə qədər öyrəşmədiyi nəhəng qaranlıq idi. Bütün kiçik uşaqlar kimi Hüseyn də qaranlıqdan qorxurdu, hətta akuladan qorxduğundan daha çox qorxurdu. Qorxudan kiçik ağacın altına sığınan üç yaşlı oğlanı indi sadəcə anasının yanında olmaq və onu qucaqlayaraq yarı ışıqlı otaqda yatmaq düşündürürdü. Hüseyn qorxusundan yüksək səslə ağlaya da bilmirdi. Öz körpə ağlı ilə fikirləşirdi ki, əgər yüksək səslə ağlarsa nəhəng akula çaydan çıxaraq onu da özü ilə aparacaq və bir daha anasını, ailəsini görə bilməyəcək...
Xoşbəxtlikdən Hüseyn sağ-salamat, heç bir zərər görmədən tapıldı.
Çay qırağında, ağaclıqda tək qalan 3 yaşlı uşağın itkin düşdüyü müddətdə, valideynlərinin hansı hiss-həyacan keçirdiyinin, ağıllarına hansı faciələrin gəldiyinin, Hüseynin nə ilə üz-üzə olduğunu düşündükləri zaman keçirdikləri dəhşətin, körpənin çəkdiyi qorxunun, özündən belə kiçik həyəcanının, içini bürüyən vahimə səbəbilə gözlərindən axan bir damla yaşın yanında belə heç bir əhəmiyyəti yoxdur.
Hüseynin hekayəsi valideynləri üçün yaxşı sonluqla bitdi. Bəs Hüseyn üçün? 3 yaşlı oğlan artıq narıncı balığını və kiçik akvariumu sevəcəkmi? Bir daha nağıl kitabını vərəqləyəcəkmi? Ən önəmlisi isə valideynlərinin hansı nəticəni çıxarmasından asılı olmayaraq çəkdiyi bir gecəlik qorxu Hüseynin sonrakı həyatında hansı izləri buraxacaq?!
Çalışaq ki, Hüseyni və Hüseynləri nağıl kitablarındakı nəhəng heyvanlardan daha qorxulu yuxulara düçar etməyək...
Nigar Orucova