Kimlər məcburi pay hüququna malikdir?
24 İyul 2018 15:10 SosialMiras bölgüsünün rəsmiləşdirilməməsi bir çox hallarda cinayətlərə yol açır
Vərəsəlik hüququ, ölən şəxsin miras əmlakının aqibətini tənzimləyən hüquq sahəsidir. Vərəsəliklə bağlı tənzimləmələrin düzgün analiz edilməsi vərəsəlik hüququna hakim olan aparıcı prinsiplərin bilinməsinə bağlıdır. Vərəsəlik hüququ prinsiplərinin bilinməsi vərəsəlik qanunvericiliyinin doğru tövsif edilməsinə və beləliklə, praktikada qarşılaşılan halların azalmasına səbəb olar. Vəkil Rövşən Qasımov bildirib ki, ilk öncə vərəsəlik hüququ nə səbəbə varnır və nəyə xidmət edir suallarına cavab verilməlidir. Bu suallara verilən cavab nəticəsində vərəsəliyin əsas prinsip və funksiyaları ortaya çıxacaqdır. Hər şeydən əvvəl vərəsəlikdə insana hörmət hissi vardır. Bir şəxsin həyatı boyu çalışıb əldə etdiyi iqtisadi varlığının (əmlakının) aqibətini öldükdən sonra da şəxsin özünün müəyyən etməsi ona və onun son iradəsinə olan hörmətin təzahürüdür. Bu səbəblədir ki, vəsiyyətnamələr tövsif edilərkən, öhdəlik münasibətlərində rəhbər tutulan "etimad" nəzəriyyəsi deyil, "iradə" nəzəriyyəsi əsas qəbul edilir. Bəzən ola bilər ki, vəsiyyətnamədə miras qoyanın ifadələri (sərəncamı) tam başa düşülməsin. Bu vəziyyətdə vəsiyyətnamə mətinində yer alan ifadələrə bir məna verilərək tətbiq edilməməlidir. Burada ölçü olaraq öhdəliklər hüququnda olduğu kimi, vicdanlı üçüncü şəxslərin miras qoyanın iradəsinə yüklədiyi məna əsas götürülməz. Əksinə, miras qoyanın ehtimal edilən iradəsi əsas götürülərək, vəsiyyətnamə təfsir edilir. Yəni miras qoyanın iradəsinin müəyyən edilməsində üçüncü şəxslərin ifadəyə yüklədikləri məna deyil, miras qoyanın öz iradəsi əsasdır. Vərəsəlik, eyni zamanda mülkiyyət hüququnu gücləndirir və onun davamlılığını təmin edir. Bir şəxsin həyatda ikən əmlakı üzərində sərəncam verə bildiyi kimi, öldükdən sonra geridə qoyduğu əmlakının aqibətinə dair də sərəncam verməsi mülkiyyət hüququnun bir tələbidir. Vərəsəlik hüququ olmasaydı, mülkiyyət natamam bir hüquq olardı və sahibinə, sadəcə həyatı boyunca istifadə imkanı verən bir hüquq dərəcəsinə düşərdi. Bunun nəticəsidir ki, şəxsin hüquq və azadlıqlarını qoruyan konstitusiyalar fərdi mülkiyyət və vərəsəliyi birlikdə təminat altına alırlar: "Miras qoyanın kreditorlarının (alacaqlılarının) mənafelərinin qorunması prinsipidir. Bu prinsipə görə miras qoyanın sağ ikən borclu olduğu şəxslərə onun ölümündən sonra zərər dəyməməsi və onların tələblərinin təmin edilməsi zəruridir. Çünki bir şəxs öldükdən sonra onun tərəf (subyekt) olduğu hüquqi münasibətlər qeyri-müəyyən vəziyyətdə qalmamalıdır. Əks-təqdirdə, insanlar rahatlıqla bir-birlərinə borc verməyəcək və bu da mülki hüquq münasibətlərinə təsir göstərəcəkdir. Bunun nəticəsində də iqtisadi münasibətlər və ölkə iqtisadiyyatı zərər görə bilər. Qısası, vərəsəlik qanunvericiliyi təfsir edilərkən miras qoyanların kreditorlarının (alacaqlılarının) mənafeləri də diqqətə alınmalıdır".
Onun bildirdiyinə görə, hər bir ailə üçün sonradan problemə çevriləcək bir məsələ hər zaman aktual olub. Sağlığında valideynlərin miras bölgüsünü qanuni yolla həyata keçirməməsi səbəbindən çox ciddi problemlər yaranır. Dünyasını dəyişən şəxsin övladları arasında yaranan miras davası bir çox hallarda yaxşı sonluqla nəticələnmir: "Vərəsəlik hüququna aid olan başqa bir prinsip də miras qoyanın qohumlarının mənafelərinin qorunması prinsipidir. Bu prinsipin tələbinə görə qanuni vərəsələr miras qoyana yaxın qohumluq münasibəti içərisində olan şəxlərdən seçilir. Bundan başqa, bu prinsipin bir təzahürü olaraq da miras qoyana ən yaxın qohumluq münasibətində olan şəxslər (valideynlər, uşaqlar və ər-arvad) məcburi pay sahibi sayılır və vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onların məcburi payları qorunur. Aşağıda məcburi pay anlayışı və məcburi pay sahiblərinin qorunmasının əsasları ətraflı incələnəcəkdir. Yuxarıda da ifadə edildiyi kimi, məcburi pay sahiblərinin paylarının qorunması vərəsəlik qanunvericiliyinin aparıcı prinsiplərindən biridir. Bu prinsip miras qoyana ən yaxın olan şəxslərin qorunması düşüncəsinə əsaslanır. AR Mülki Məcəlləsinin 1193-cü maddəsində məcburi pay sahibləri miras qoyanın uşaqları, valideynləri və ər-arvadı olaraq müəyyən edilir. Bununla da, qanunverici məcburi pay sahiblərini miras qoyana ən yaxın qohumluq münasibəti olan şəxslərdən seçdiyini göstərir. Bunun səbəbi, həyatı boyunca miras qoyana qarşı ailə münasibətindən irəli gələn vəzifə və öhdəlikləri lazımınca yerinə yetirən bu şəxslərin miras əmlakından pay almağa ən layiq hesab edilməsidir. AR Mülki Məcəlləsinin vərəsənin məcburi paydan məhrum edilməsi ilə bağlı tənzimləmələrinə nəzər saldıqda, bu düşüncənin bariz şəkildə təzahürü görülür. Belə ki, qanunda nəzərdə tutulmuş hallarda əxlaqsız və ya cinayət əməli törədən şəxslər, miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər və ən az üç il boyunca miras qoyandan ayrı yaşayan ər-arvad məcburi paydan məhrum edilə bilər. Görüldüyü kimi, qohumluq münasibətindən irəli gələn öhdəlikləri yerinə yetirməyən bu şəxslərin məcburi payları qorunmaya layiq hesab edilmir. Bunun əksinə məcburi pay sahibləri, ailə münasibətlərindən irəli gələn vəzifələri kobud şəkildə pozmadıqları müddətcə məcburi payları qorunur".
Vəkil qeyd edib ki, Azərbaycanda vərəsəliklə bağlı məhkəmələrdə çox ciddi mübahisələr var: "İndiki qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəxs vəfat etdikdən sonra miras açılır və 3 aylıq müddət ərzində varis mirasın qəbul edilməsi barəsində həmin ərazi üzrə notariat kontoruna ərizə ilə müraciət etməlidir. Və yaxud da varis faktiki olaraq mirası idarə edirsə, müraciət etməsə də olar. Bəzən varis müraciət etmədikdə məsələ varisin ziyanına həll olunur. Buna baxmayaraq, vəsiyyətdən kənarda qalan şəxs "məcburi pay" kimi 5 minin yarısını alır. Yəni adına vəsiyyətnamə yazılmayan şəxs həmin "məcburi pay"ı alacaq". Problemlərin ortaya çıxmaması üçün varislər 3 aylıq müddətə əməl etməlidirlər. Yaxşı olar ki, 3 aylıq müddət ərzində mirasın qəbul edilməsi barədə müvafiq notariat orqanlarına müraciət etsinlər ki, gələcəkdə belə problemlər yaranmasın. Onların digər qohumları onların müraciət etməməsi və ərizə verməməsindən sui-istifadə etməsinlər. Onların mirasdan heç bir pay əldə edə bilməməsi üçün digər qanunsuz yollara əl atmasınlar. Azərbaycanda miras bölgüsü ilə bağlı bir reallıq var ki, çoxları onu qəbul etmir. Sağlığında insanlar vəsiyyətnamə yazmağı özlərinə heç cür yaxın buraxmaq istəmirlər. Reallıq isə odur ki, 60 yaşına çatan hər kəs bu barədə artıq düşünmək yox, qərar verməlidir.Valideynlər sağlığında vərəsəlik paylarını bölməli və rəsmiləşdirməlidirlər. Hərəyə nə çatacaqsa, çalışıb maksimum dərəcədə onun adına rəsmiləşdirmək, ya da vəsiyyətnamə qoymaq, vəsiyyətnamədə kimə və nəyin çatacağını göstərmək lazımdır".
Onu sözlrinə görə, vəsiyyətnamədə qanuna bu gün bir dəyişiklik var ki, çoxları ondan xəbərsizdir. Əgər əvvəllər valideynin 2 oğlu var idisə, o da birinin adına vəsiyyətnamə yazırdısa, həmin bütün əmlak birinə keçirdi. İndi isə birinin adına vəsiyyətnamə yazıb digərinin adına yazmasa belə qanunda "məcburi pay" hüququ var. Yəni valideyn bilməlidir ki, 2 övlad arasında 50% -50% bölünməli olan mirasdan ancaq birinin adına yazsa da, qanunla adına pay yazmadığı o biri övlad ona düşəcək payın 25 %-ni alır. Nə miras alan, nə də vəsiyyət edən bilir ki, adına vəsiyyətnamə yazılmayanın da miras payı var. Tutaq ki, 10 minlik mirasını birinin adına vəsiyyət edib. Buna baxmayaraq, vəsiyyətdən kənarda qalan şəxs "məcburi pay" kimi 5 minin yarısını alır. Yəni adına vəsiyyətnamə yazılmayan şəxs həmin "məcburi pay"ı alacaq.
Zəka