“Dərsini oxumayan” valideynlər HƏYƏCAN SİQNALI
23 İyul 2018 17:05 SosialZüleyxa NADİR
Son illər yay fəslinə qarşı məndə xoşagəlməz bir hiss yaranıb, hətta bəzi nöqtədə onun adına "nifrət" də demək olar. Mənə elə gəlir ki, iyun-iyul ayları intihar mövsümüdü. Bu aylar sanki abituriyentlərə qənim kəsilib...
Ali məktəblərə imtahan verən abituriyentlərdən bəzisi tələb olunan balı toplaya bilməyəndə intihara əl atır. Doğrusu, hər dəfə belə ağrılı xəbəri oxuyanda beynimdə qarmaqarışıq hisslər doğulur - həm əsəbiləşirəm, həm kövrəlirəm, həm də çox üzülürəm. Bir ana olaraq övlad itkisinin həmin valideynlərə necə təsir edəcəyini təsəvvür edirəm. 17-18 il sevə-sevə canını-qanını verdiyi balasını bir anda itirir. Gözünün yağını yedirtdiyi övladını qara torpağa verir. "Min ilin ölüsünə qarışan" övladının ağrısını bir ömür daşıyır. Kürəyinə bağladığı "ömür şələsininin" faciəsini bir daha yerə qoymur.
Dünən mətbuat yazmışdı: "1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmova 14 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadın hadisə yerində dünyasını dəyişib. Məlumat üçün bildirək ki, X.Rüstəmova bu il may ayının 15-də özünü həmin 14 mərtəbəli binanın damından ataraq intihar edən, 2001-ci il təvəllüdlü Faiq Fuad oğlu Rüstəmovun anasıdır. Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olan F.Rüstəmov 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında aşağı bal tapladığı üçün özünü binanın damından ataraq intihar etmişdi". Ürəkparçalayan faciədi...
***
Ölkədə hər il belə faciə baş verir. Hər il hansısa azərbaycanlı ailədə intihar havasının acı yelləri əsir. Bu ailənin başı üzərindən isə sadəcə yellər əsməyib, burada tufan olub, çovğun baş verib. Oğlunun ölümünə cəmi-cümlətanı iki ay dözə bilən ana sonda özü onun dalınca "yola çıxıb". Kim deyir ki, intihar çıxış yoludu? Kim deyir ki, özünəqəsd problemin çözülməsində ən optimal variantdı? Bu yolun doğru olduğunu heç kim iddia edə bilməz. Bu yol asandı, asan olduğu qədər də çətindi, əzablıdı. Amma abutiriyentlər illərdi özlərini bu əzabın ağuşuna atırlar. Özündən əvvəlkinin eyni hərəkətinin xoş qarşılanmadığını bilə-bilə yenə də kimsə intihara qalxır, özünü uçurumdan atır.
Niyə? Nədən ali məktəbə qəbul ola bilməmək bu qədər ağır yükdü? Niyə uneversitet qapısından gələn il daxil olmağa cəhd etmək əvəzinə cəhənnən qapısına üz tutulur? O cəhənnəm ki, haqqında Quranda belə deyilir: "Allahın haram buyurduğu cana nahaq yerə qıymaz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar" (Furqan surəsi, ayə 68).
Bu, məsələnin islami - ilahi və mənəvi tərəfi. Görünən o ki, intihar edən abitureynlərin və valideynlərinin bu ayədən xəbərləri yoxdu. Bir də var valideyn-övlad münasibətlərindəki qaranlıq məqamlar, gizli yerlər. Əksər hallarda özünə qəsd edən abituriyentlərin valideynləri övladlarının daxili dünyasından xəbərsiz olurlar. Əks halda onların hansı hissləri yaşadığını, sabahkı uğursuzluqla qarşılaşarkən nə edəcəyini bilər və buna uyğun davranarlar.
***
Abituryentin özünə qəsd etməsinin kökündə nə durur: valideyn qorxusu, "dostu, tanışı, qohumu nə deyər?" ittihamı, yoxsa arzusuna çata bilməməkdən doğan əzablı hisslər? Hər üç amil həyatın gözəlliyini görməyən, müstəqil qərar qəbul edə bilməyən, daxili dünyasında böyük bir boşluq olan abutiriyentə əsas verir ki, o birbaşa intihar halqasına doğru getsin. Nədi valideyn qorxusu? Həmin qorxu valideyn-övlad münasibətlərində böyük çat verir ki, bunun da çox vaxt dözülməz fəsadları olur. "Övlad valideyndən qorxmalıdır" fikri artıq özünü doğrultmur. Bu qorxunun, daha doğrusu, valideynə hörmət davranışının içindəki çəkingənlik hissi indiki zamanda effekt vermir. Zaman başqa zamandı. Tələb və təklif eyni deyil. Dünyanın gözü açıqdı, sərhədləri aşmaq çox asandı, görüb-götürmək üçün heç bir maneə yoxdu. Hətta uşaq ana bətnindəykən öyrənir, görür, eşidir, bütün bigiləri doğulanda özü ilə gətirir. Belə olan halda övlad valideyndən niyə qorxsun ki? Bunun bir səbəbi var: ailədə mühafizəkarlığın hökm sürməsi. Adətən mühafizəkar ailələrdə valideyn övladından söruşmamış onun bu günü və sabahı ilə bağlı qərar qəbul edirlər. Övladlar ata-anaya sözsüz tabe olurlar, onların fikri qəbul olunmur, qura biləcəkləri planları dəstəklənmir. Bu uşaqlara məktəbə getdiyi gündən yalnız "oxu, universitetə gir" fikri diqtə olunur. Hardasa bunu qəbul etmək məqbuldu, ortada pis ideya yoxdu. Amma övladın arzusu nəzərə alınmırsa, onun "qabında" bir şeyin olmadığı görünmürsə, bu diqtənin heç bir anlamı yoxdu. Beləsi beş il, on il repetitorlara pul verir ki, övlad onun arzusunu yerinə yetirəcək. Amma heç olmasa bir dəfə puluna qıymır ki, psixoloq həkimdən kömək alsın,övladının dərdinin nə olduğunu öyrənsin. Yaxud da bir dəfə üz-üzə oturub balası ilə dərdləşmir ki, görsün gücü varmı ondan tələb olunanı yerinə yetirməyə?! Bir dəfə də olsun ağlına gəlmir ki, onun övladı robot deyil ki, əmrləri yerinə yetirsin.
***
Elə abituriyent var ki, "dost-tanış, qohum-qonşu nə deyər?" qorxusu imtahan suallarını cavablandırarkən fikrindən çıxmır, çəkic kimi beynini döyəcləyir. Ona görə də istənilən nəticə əldə olunmur, az bal toplayır. Əslində bu qorxunun kökündə də valideynlər durur. "Bax filankəsin oğluna-qızına, qonşumuzun övladına, görürsənmi ən yaxşı universitetlərdə oxuyurlar, əgər sən də onlar kimi olmasan evə gəlmə" hədəsi üç saat ərzində bildiklərinin üstünə çıxıb tapdalayır.
Bəzən abituriyent istədiyi ali məktəbə imtahan verir. Nəticənin yaxşı olacağına inanır, çünki illərdi hazırlaşır, evdə də ona dəstək olublar, məktəbdə müəllimləri çox sevib, nümunəvi şagird kimi tanınıb. Amma insanlıq halı... imtahanda həyəcandanmı, yaxud da hansısa başqa səbəbdən sualları tam cavablandıra bilməyib. Nəticələr elan olunanda gözləmədiyi rəqəmlə üz-üzə dayanıb. Elə ordaca dünya onun üçün bitib, həyat dayanıb, arzusuna çata bilməmək qorxusu bütün istəklərini, sevgilərini üstələyib. Bu qorxunun da mənbəyi valideynlərdi. Ötən illərdə universitetə hazırlaşan övladının arzusuna sığal çəkən valideyn onun zəif yerinə əhəmiyyət verməyib. Həyəcanlarının kökünü araşdırmayıb, "mənim uşağım əla oxuyur, hər kəsdən üstündür" deyə lovğalanarkən onun imtahan vaxstı keçirə biləcəyi qorxularının qarşısını almağa maraq göstərməyib.
***
Bütün bu səbəblərdən dolayı çəkinmədən deyirəm ki, abituriyentlərin intihar etməsində yalnız valideynlər günahkardı. İmtahandan təkcə övlad kəsilmir. Valideyn orta təhsilli, yaxud ali savadlı da olsa, hər hansı bir dövlət strurkturunda, eləcə də özəl sektorda rəhbər də olsa, ailədəki valideyn-övlad münasibətlərindəki imtahandan həmişə kəsilir. O bu imtahana heç bir zaman hazırlaşmır, dərsini oxumur. "Dərsini oxumayan" valideynin övladı intihar edir. Bu, bütün anlamı ilə belədi. Təkcə məktəb imtahandan pis nəticə göstərəndə deyil, həyat imtahanından da üzüağ çıxmayan övlad özünü uçurumdan atır.
P.S. Yazıya sonuncu nöqtəni qoymuşdum ki, daha bir xəbər oxudum. Bu gün 17 yaşlı Şəbnəm Rzayeva qəbul imtahanından az bal topladığına görə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb.
Necə deyərlər "sözün bitdiyi an" yaxamdan yapışdı. Daha yaza bilmədim, əlim klaviaturaya getmədi. İçimdən gələn hüzünlü bir səs qulağımı deşdi: "intihar sezonu"...