Ev, yoxsa mağaza tortları?

Tortbəzəmə məmulatları keyfiyyəti arxa plana keçirib

Şirniyyatlar, xüsusən tortlar, ilin fəslindən, istehlakçıların yaşından asılı olmayaraq, hər kəsin hər zaman qida rasionuna daxil etdiyi ən sevimli qidalardandır. Xüsusən kiçik yaşlı uşaqlar üçün şirniyyat, demək olar ki, yeməkdən də önəmlidir. Çox təəssüf ki, hazırda ticarət mərkəzlərində təklif olunan tortlar insan orqanizmi üçün təhlükə mənbəyi rolunu oynayır. Xüsusən, ista havada, normal temperaturda saxlanmayan tortlar həyat üçün təhlükəli hesab olunur. Məlumat üçün qeyd edək ki, hasırda ticarət şəbəkələrində zövqlə bəzədilmiş, hətta üzərinə ən müxtəlif şəkillər vurulmuş tortlara rast gəlmək mümkündür. Nəzərə alsaq ki, belə tortların hazırlanmasında kimyəvi maddələrə daha çox üstünlük verilir, onda həmin tprtların insan həyatı üçün təhlükəsi varmı? Yaxud, belə tortlar hazırlanarkən sanitariya norma və qaydalarına əməl olunurmu?

Qeyd etmək yerinə düşərdi ki, vətəndaşlar tərəfindən qidanın ev şəraitində hazırlanmasına dövlət sanitariya nəzarətinin həyata keçirilməsi mövcud qanunvericiliklə nəzərdə tutulmayıb. Qida zəhərlənmələrinin baş verməsinin əsas səbəbi isə qidanın emalı, saxlanması, daşınması və satışı zamanı müvafiq qaydaların və normativlərin pozulması nəticəsində qidanın bakteriyalarla çirklənməsi ola bilər. Bu cür halların baş verməsi əsasən termiki emaldan keçmiş qidaların, soyuq qəlyanaltıların, kremli tortların, saxlanması soyuq mühit tələb edən digər qidaların saxlanma şəraitinə və müddətinə əməl edilməməsidir. Bu baxımdan ilin isti aylarında müvafiq şərait olmadan qidanın lazımi temperaturda saxlanılmasına yol verilmir. Xatırladaq ki, qida zəhərlənməsi baş verən zaman ictimai iaşə müəssisəsinin rəhbərləri, sahibkarlıq subyektlərinin sahibkarları və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yol verilmiş sanitariya norma və qaydalarının pozulmasına görə məsuliyyət daşıyırlar. Odur ki, zəhərlənmə hallarının qarşısını almaq məqsədilə ictimai iaşə obyektləri tərəfindən bir sıra qabaqlayıcı tədbirlərin görülməsini vacib hesab edilir. İctimai iaşə obyektlərində sanitariya norma və qaydalarının tələblərinə əməl olunmalı, iaşə sahəsində çalışan işçilərin sanitariya-gigiyena qaydalarının tələbləri üzrə biliklərinin artırılmalıdır. Məlumat üçün qeyd edək ki, vaxtilə  tortlar sadəcə ev üsulu ilə hazırlanır və mağazalardan alınan tortların keyfiyyətindən fərqlənirdi. Çünki mağaza tortları olduqca sərt və yağlı, bir sözlə, sağlamlıq baxımından təhlükli hesab edilirdi. Zaman ötdükdən sonra ev şəraitində hazırlanan tortları bəzəkli, zahirən zövq oxşayan fabrik istehsalı əvəzlədi. Texnologiyanın inkişafı ilə əlaqədar olaraq hətta üzərində fotolar yerləşdirilən tortlar mətbəximizə yol tapmağa başladı. Ancaq xarici ölkələrdən  Azərbaycana müxtəlif tortbəzəmə məmulatları, eləcə də reseptləri daxil olmağa başlandığı andan keyfiyyət məsələsi arxa plana keçdi. Hazırda hər kəsin bəh-bəhlə yediyi bu qida kimyəvi tərkiblə zəngindir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, tort bütün dünya xalqlarının mətbəxində geniş yayılan un məmulatı və şirniyyat növüdür. Böyük əksəriyyət tərəfindən bu şirniyyat növü çox sevilir və ailələrdə mühüm əlamətdar günlərdə tort süfrəmizin əsas bəzəyidir. Azərbaycanda da çox çeşidli tortlara rast gəlmək mümkündür. Hazırkı dövrdə xüsusi kulinarlar tərəfindən hazırlanan şirniyyatlar öz görkəmi, keyfiyyəti ilə seçilir. Ona görə də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti əhaliyə tort alarkən diqqətli olmağı məsləhət bilir.Xidmətdən verilən məlumat görə, tortlar təsdiq olunan qaydalara uyğun olaraq qüvvədə olan sanitar qaydaları gözləməklə reseptlərə və texnoloji qaydalara, standartların tələblərinə uyğun olaraq hazırlanmalıdır. Hazırlanma tərkibindən asılı olaraq tortları şəkərli, biskvitli, qatlı, fındıqlı, vaflili, havalı, qırıntılı və müxtəlif yarımfabrikatlardan kombinə olunmuş kimi növlərə bölünür. Orqanoleptiki göstəricilərinə görə, istifadə üçün nəzərdə tutulan yarımfabrikatların xarakteristikası, üzərində qüsuru olmayan bişmiş bir, yaxud bir neçə qat yarımfabrikatlar kənar dad və iy verməməməlidir. Tort bişirilərkən uyğunluq sertifikatı olan idxal olunan xammal və yarımfabrikatlardan istifadə edilməlidir. Tortları çəki və dilim halında buraxırlar. Lakin onların böyük əksəriyyəti çəki halında olur. Dilim formasında olan tortları qüvvədə olan normativ sənədlərə uyğun olaraq kartondan, yaxud polimer materialdan olan qutulara yerləşdirilir.
Tort qablaşdırılan zaman qutunun dibinə perqament materiallı salfetka, sellofan, parafinlənmiş kağız kimi materiallar salınır. Vaflili tortlar qablaşdırılan zaman salfetkanın həcmi digərlərindən daha böyük olmalıdır. Bu halda bu çeşid tort bütünlüklə salfetkanın, yaxud cığ-cığ kağızın içində olur.
Şəhərlərarası daşımalarda tortlar müxtəlif yeşiklərdə, faner və karton qablarda daşınır. Yeşikdəki boşluqları kağızla doldururlar. Müvafiq dövlət orqanlarının tələbinə cavab verən digər qablaşdırma formalarına da icazə verilir.Tortlar markalanarkən əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun adı, xalis çəkisi, istehsalın tarixi, saatı, saxlama müddəti, sertifikatlaşan məhsul üçün uyğunluq nişanı, məhsulun 100 qramının qida və enerji dəyəri haqda məlumat, mövcud standart, saxlama şəraiti kimi mühüm göstəricilər üzərində qeyd olunur. Diabet xəstələr üçün nəzərdə tutulmuş tortlar da var. Belə tortların üzərində həkimin təyinatına əsasən istifadə olunması qeyd olunur. Məhsulun tərkibindəki toksik element və mikrobioloji göstəricilərə nəzarət məhsulun istehsalçısı və təhlükəsizliyinə zəmanət verən dövlət orqanları tərəfindən həyata keçirilir. Tortları mövcud sanitar qaydalara uyğun olaraq örtülü nəqliyyat vasitələrində daşıyırlar. Tortların spesifik qoxusu olan təzə bişmiş çörək və digər məhsullarla bir yerdə daşınmasına icazə verilmir. Yükləmə, daşınma və boşaldılma prosesi məhsula ziyan və xələl gətirmədən ehtiyatla həyata keçirilməlidir. Bu qeyd olunan şəraitlər olmadan ticarət şəbəkəsində tortların realizəsi qadağandır. Kremli və meyvəli tortlar soyuducunun şkaf və kameralarında (4+2)ºC temperaturda, şokoladlı-vaflili tortlar isə (18+-3)ºC temperaturda saxlanmalıdırlar. Qeyd olunan temperatur rejimlərinə əməl etməklə tortları 5 günə qədər saxlamaq mümkündür.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31