Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparır
6 İyul 2018 11:55 SosialAMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun və Florensiyadakı Lorenzo de`Medici Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin müdiri, professor Nikola Lanerinin həmrəhbəri olduqları Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası Gəncə və Goranboy ərazisində tədqiqatlara başlayıb.
Beynəlxalq ekspedisiyanın tərkibinə İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin nümayəndələri, həmçinin müxtəlif arxeometrik sahələr üzrə Almaniya və Fransadan olan mütəxəssislər də cəlb edilib.
Arxeoloji qazıntıların əsas obyektləri Gəncə şəhəri ətrafındakı son tunc - erkən dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkar edilmiş ilk tunc dövrünə aid kurqanlar olub.
Gəncə və Goranboy ərazisində ilkin arxeoloji tədqiqatları yekunlaşdırmış Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyasının italiyalı həmrəhbəri, professor Nikola Laneri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova ilə görüşüb, tədqiqatların ilkin mərhələsinin yekunları barədə məlumat verib.