Müdafiə Nazirliyi və Mətbuat Şurası jurnalistləri mükafatlandırdı
25 İyun 2018 16:22 SosialAzərbaycan Respublikasının Müdafiə Nazirliyi və Mətbuat Şurasının Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş "Hər birimiz Vətənə xidmət edirik" mövzusundakı birgə yazı müsabiqəsinə yekun vurulub. İyunun 25-də Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində müsabiqənin nəticələri açıqlanıb. Tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, eləcə də media nümayəndələri iştirak edib. Yazı müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbirdə çıxış edən Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı təbrikini çatdırıb. O, bildirib ki, media hər zaman Azərbaycan Silahlı Qüvvələri ilə bağlı xəbərlərə, yazılara üstünlük verib, bu sahəni geniş işıqlandırıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Ordusunun 100 illiyinin Azərbaycan xalqının bayramı olduğunu söyləyib: "Bu gün əlamətdar bir gündür. Azərbaycan əsgəri qəhrəmandır, döyüş bizim alnımıza yazılıb". Azərbaycan Ordusunun Xalq Cümhuriyyəti dövründə yaradıldığını diqqətə çatdıran Əflatun Amaşov deyib ki. cəmi 23 ay yaşayan Xalq Cümhuriyyəti bu dövrün 6 ayını müharibə şəraitində keçirib, böyük hərbi uğurlara imza atılıb: "Azərbaycan Xalq Cümhuriyyəti dövründə büdcənin 27-30 faizi hərbi məqsədlərə həsr olunub. Qısa dövrdə müasir bir ordu formalaşdırılıb. Bu yaxınlarda Milli Məclisdə Silahlı Qüvvələrlə bağlı qanunvericiliyə dəyişiklik edildi, Silahlı Qüvvələrdə partiya özəklərinin yaranmasına qadağa qoyulduğu əksini tapıb. Bu qadağa Xalq Cümhuriyyəti dövründə də olub".
Əflatun Amaşov ordu və media arasında yüksək əlaqələrin olduğunu qeyd edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı nazirliyin Mətbuat Şurası ilə birgə ilk dəfə belə bir müsabiqə keçirdiyini, müsabiqəyə 70-ə yaxın yazı təqdim olunduğunu açıqlayıb. Vaqif Dərgahlı da hərbi sahənin daim mediada işıqlandırıldığını diqqətə çatdırıb. O, eyni zamanda bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi də öz növbəsində kütləvi informasiya vasitələri ilə yaxından işləməkdə, əməkdaşlıq etməkdə maraqlıdır. Vaqif Dərgahlı bir neçə gün əvvəl müdafiə naziri Zakir Həsənovun kütləvi informasiya vasitələri üçün keçirdiyi brifinqi bunun əyani sübutu kimi qiymətləndirib. Daha sonra müsabiqənin nəticələri açıqlanıb, qaliblər təltif olunub.
Qeyd edək ki, təltif edilənlər arasında "OLAYLAR" qəzetinin əməkdaşı da var.
Süleyman