Şortik geyinən qız

Səbəb ortadan qalxmayınca nəticə ilə mübarizə aparmağın faydası yoxdur

Səbəb ortadan qalxmayınca nəticə ilə mübarizə aparmağın faydası yoxdur

Hər bir cəmiyyətdə gənclər əsas aparıcı qüvvə hesab edilir. Ölkənin ictimai-siyasi, mədəni və sosial həyatında onlar aktiv rol oynayırlar. Ancaq bir çox hallarda gənclər cəmiyyət həyatında aktiv rol oynamaqla yanaşı, kənar təsirlərə düşərək pis vərdişlər, milli mentalitetə, hətta dövlətçilik və milli maraqlara zidd hərəkətlərə də yol verirlər. Düzdür, zaman-zaman müvafiq dövlət strukturları, qeyri-hökumət təşkilatları gənclərin bu kimi mənfi tendensiyalardan uzaqlaşdırılması istiqamətində addımlar atır, tədbirlər həyata keçirirlər. Və sevindirici hal ondan ibarətdir ki, bu istiqamətdə atılan addımlar da öz müsbət nəticəsini verir. "Gənclərin Mənəvi İnkişafı" İctimai Birliyinin sədri Ramiq Vəliyev deyir ki, biz gənclərə düzgün hədəflər müəyyən etmək və bu hədəflərə çatmaları üçün onlara yol göstərməli olduğumuz kimi, əslində onların da öhdəsinə vacib işlər düşür. Onun sözlərinə görə, gənclər təkcə gələcəyi əmanət edəcəyimiz fərdlər deyil, bu günün də ortağıdırlar: "Daha gözəl dünya üçün müharibələrin, şiddətin, münaqişələrin, aclığın və hər cür pisliyinin dünyadan silinib atılması onların da üzərinə düşən məsuliyyətdir. Məzlum insanların qətl edilməsinə, işgəncəyə məruz qoyulmasına, sürgün həyatı yaşamağa məcbur olmalarına, amansızcasına soyqırıma məruz qalmalarına, məzlum insanların, qocaların, uşaqların aclıq və yoxluq içində əzab çəkmələrinə və bir-bir yox olmalarına izləyici qalmamalı, yardıma möhtac olan bu insanları xilas etmək üçün faydalı işlər görməlidirlər. Bunun ən təsirli yoli isə məlumat ötürməkdən əlavə, fərd və cəmiyyətlərin davranışlarının dəyişməsinə səbəb ola bilən kütləvi informasiya vasitələrindən istifadə etməkdir". İctimai Birlik sədri deyir ki, hər gün milyonlarla gəncə xitab edən internet kütləvi informasiya vasitələrinin ən təsirli platformasıdır: "İstər fərdi, istərsə də cəmiyyət səviyyəsində getdikcə təsiri artan sosial şəbəkələrdən istifadə edərək beynəlxalq ictimai fikir yaratmaq dövrümüzdə kütlələrə çatmağın ən asan yoludur. Dünya səviyyəsində internetdən istifadə edən bütün vicdanlı gənclər haqsızlıqlara, ədalətsizliklərə və zülmə qarşı fikirlərini dilə gətirərək dünyada pisliyin qarşısının alınmasında, ədalət, səmimilik kimi keyfiyyətlərin yayılmasında böyük rolu ola bilər. Öz sosial şəbəkə hesablarından bütün dünya gənclərini sevgisiz, eqoist, qəddar, mənfəətpərəst, materialist modeldən onları çəkindirə bilər, onlara yaxşılığı, gözəlliyi tövsiyə edə bilərlər. Ruhlarında fərahlıq meydana gətirəcək birlik və bərabərlik, qardaşlıq və dostluq ruhuna, mərhəmətli və tolerant olmağa onları dəvət edə bilərlər. Allahın bütün insanlara tövsiyə etdiyi və istər gənclərin, istərsə də insanlığın həsrətini çəkdiyi bu ülvi duyğuların qəlblərə yerləşməsini təmin etmək bu gün ən böyük xidmətlərdən biridir". Ramiq Vəliyev sosial şəbəkələrin gənclərə təsirlərindən də danışıb. İctimai Birlik sədri xüsusilə son günlər gənc qızın metroya şortiklə daxil olması və ona olan reaksiyalara da toxunub. Bildirib ki, sosial şəbəkələrdə şortik geyinən qız haqqında müzakirələr davam edir: "Amma heç kim demir ki, bu hadisə səbəb deyil, nəticədir. İllərdir televiziyalarda yayımlanan səviyyəsiz verilişlərin doğurduğu, yetişdirdiyi nəticə. Səbəb ortadan qalxmadıqca nəticə ilə mübarizə aparmağın heç bir faydası yoxdur. Gəlin əl-ələ verərək gənclərimizi məhv edən əxlaqi degenerasiyaya səbəb olan pozuntulara qarşı birgə mübarizə aparaq. Müzakirələr nəticə üzərində deyil, bu nəticəni doğuran səbəblər üzərində aparılmalıdır. Ancaq

belə nəticə çıxarmayın ki, mən xanımların şortik geyinməsinə qarşıyam. O, xanımın geyimini bu qədər geniş müzakirəyə çıxarmaq əvəzinə gənclərimizdə baş verən əxlaqi degenerasiyanın müzakirə edilməsi əsasdır. Gənclərimiz təbii ki, istədikləri kimi geyinməkdə sərbəst olmalıdır. Lakin saymazyana, egoist, qarşıdakı insanları adam yerinə qoymayan bir üslubdan da çəkinməlidirlər. Ən əsası isə gənc xanımlar bayağılıq göstərməkdən çəkinməlidirlər". Ramiq Vəliyev onu da deyib ki, Quranda örtülü geyim haqqındakı ayələrdə müsəlman qadınlara xitab edilir və bu qaydalar müsəlman qadınlar üçündür: "Müsəlman olmayan qadınlar necə ki, namaz qılmağa məcbur edilə bilməzlər, o şəkildə də müsəlman qadınlar kimi geyinməyə də məcbur edilə bilməzlər. Quranın heç bir yerində müsəlman olmayan qadınlara örtülü geyim həddi yoxdur. Gəlin nəzərə alaq ki, yaşadığımız cəmiyyətdə sadəcə inanclı insanlar yaşamır. İnancsız insanlar müsəlman qadınların geyimlərinə qarışa bilməyəcəyi kimi, inanclı insanların da digər qadınların dekolte geyimlərinə qarışmaması lazımdır. Dinimiz İslamda belə bir hökm yoxdur. Şəxsi istək və arzularımızı din adına çıxmaq isə doğru olmaz".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31