Müasir texnologiyalardan istifadə heyvanlarda hansı mənfi fəsadlar törədir?
25 İyun 2018 11:27 SosialMüasir texnologiyaların inkişafı insan həyatı, onun yaşam tərzi, fəaliyyətinə nə qədər müsbət təsir göstərir, görüləcək işləri asanlaşdırırsa, bir o qədər də problemlər, insan orqanizmi üçün fəsadlar yaradır. Məsələn, informasiya kommunikasiya texnologiyalarının inkişafı əlaqə yaratmaq, qarşı tərəfə qısa zamanda məlumat çatdırmaq baxımından səmərəli hesab edilsə də, lakin onun yeni-yeni imkanlarının meydana çıxması internet üzərindən haker hücumlarının sayını bir o qədər də artırır. Yaxud informasiya kommunikasiya texnologiyalarından, internetdən normadan artıq istifadə insanın səhhətində ciddi problemlərin meydana gəlməsinə səbəb olur. Digər tərəfdən bu imkanlardan qeyri-səmərəli istifadə cəmiyyətdə, xüsusilə onun gənc nəsli arasında mənfi fəsadlara yol açır.
Müasir texnika və texnologiyaların inkişafı yalnız insanlara mənfi təsir göstərmir. Eyni zamanda heyvanlar da onun mənfi təsirinə tuş gəlirlər. Xüsusilə, müxtəlif növ heyvanların bəslənməsi, onların kəsimi zamanı müasir texnika və texnologiyalardan istifadə belə bir mənfi halın meydana çıxmasına səbəb olur. Mütəxəssislərin araşdırmalarına görə, heyvanların bəslənməsi və kəsimi zamanı istifadə edilən texnika və texnologiyalar onların bədənlərinə şüa ötürülməsi, nəticə etibarilə orqanizmdə fəsadların meydana çıxmasına səbəb olur. "Kaspersky Lab"ın tədqiqatına* əsasən, orta hesabla ev heyvanları saxlayanların hər beşincisi heyvanların qayğısına qalmağına dair elektron qacet istifadəçisidir. Bu, veb-kameralar, avtomatik yem qutuları və təknələr, elektron oyuncaqlar, smartfon və planşetlər üçün oyunlar, akvariumlar üçün temperatur sensorları və s. ola bilər. Bununla belə, respondentlərin yarısı sözügedən avadanlıqlardan istifadə zamanı hər hansı problemlə rastlaşdıqlarını etiraf ediblər. Bundan başqa, sorğu iştirakçılarının 35 faizi bildirib ki, qacetlərdən istifadə ev heyvanları və ya özlərinə müəyyən risklər yaradıb.
Elektron avadanlığın yanlış işləməsi nəticəsində əksər hallarda- 34 faiz- heyvanların sağlamlığını təhlükə altında olub. Praktik olaraq hər dördüncü hadisə-23 faiz zamanı heyvanın həyatı, hər beşinci hadisə- 18 faiz zamanı isə onun emosional vəziyyəti riskə məruz qalıb. Bununla yanaşı, respondentlərin üçdə bir hissəsi, yəni 31 faizi bildirib ki, qacetlərlə bağlı xoşagəlməz hallar onlara və ya onların yaxınlarına stress yaşadıb.
Tədqiqat zamanı həmçinin məlum olub ki, ev heyvanları üçün nəzərdə tutulmuş avadanlıqların 37 faizinin internetə çıxışı var və bu, onları müxtəlif kiberhücumlar qarşısında həssas edir. Sorğu iştirakçılarının 12 faizi bu cür qacetlərin sındırılması ilə qarşılaşdığını etiraf edib.
"Texnologiyalar nəinki bizim, hətta əhilləşdirdiyimizlərin də həyatını daha sadə və rahat edir. Müasir qacetlər ev heyvanlarını qorumağa, onlara qayğı gəstərməyə və komfortlu mühit yaratmağa kömək edir. Lakin bilmək vacibdir ki, istənilən elektron qurğu rahatlıqla yanaşı müəyyən risklər də gətirir. Qacet sıradan çıxa bilər və ya cinayətkarlar onu sındıra bilərlər. Bu səbəbdən onu almamışdan öncə rəqəmsal təhlükəsizliyi düşünmək gərəkdir", - deyə "Kaspersky Lab"ın antiviruslar üzrə eksperti Denis Makruşin bildirib.
Ev heyvanları və onların sahiblərinə əsl rahat və təhlükəsiz rəqəmsal mühit yaratmaq üçün "Kaspersky Lab"ın ekspertləri sadə qaydalara riayət etməyi məsləhət görürlər. Belə ki. qaceti almamışdan öncə onun təhlükəsizlik səviyyəsinə diqqət yetirin - internetdə bazarda populyar olan devayslarda aşkar və təshih edilmiş boşluqlar haqqında məlumat əldə etmək mümkündür. Avadanlığı işə salmamışdan qabaq istehsalçı tərəfindən tətbiq edilən parolu daha etibarlısı ilə əvəzləyin. Avadanlığa lokal şəbəkədən xaric qoşulmalara qadağa qoyun. Qacetdə istifadə etmədiyiniz bütün şəbəkə xidmətlərini dayandırın. Proqram təminatını mümtəzəm olaraq yeniləyin və yeniləmələri yalnız rəsmi mənbələrdən yükləyin.
Qeyd edək ki, 2018-ci ilin may-iyun aylarında aparılan tədqiqatda 15 ölkədən 7 740 nəfər iştirak edib.
Məhəmməd