Kimlər fəaliyyət qabiliyyəti olmayan hesab edilir?

Bu statusun daşıyıcıları xüsusi imtiyazlara malik olurlar

Azərbaycanda insan hüquqlarının müdafiəsi yüksək səviyədə təmin edilməkdədir. Xüsusən, fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli insanların hüquqları ən yüksək səviyyədə qorunur. Bəs, şəxs hansı hallarda  fəaliyyət qabiliyyəti olmayan hesab edilir? Xatırladaq ki, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır. Valideynlər, övladlığa götürənlər və himayəçi tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın öhdəlikləri üçün, o cümlədən onun ziyan vurması nəticəsində əmələ gəlmiş öhdəliklər üçün məsuliyyət daşımırlar. On səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nikah bağlanması nəticəsində əldə edilmiş fəaliyyət qabiliyyəti nikahın on səkkiz yaşına çatanadək pozulduğu halda da tam həcmdə saxlanılır. Nikah etibarsız sayıldıqda məhkəmə yetkinlik yaşına çatmayan ərin (arvadın) tam fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən andan itirməsi barədə qərar qəbul edə bilər.Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.

***

Beynəlxalq razılaşmaya görə bir çox xəstəlik daçıyıcıları var ki, həmin kateqoriyadan olan insanlar fəaliyyət qabiliyyəti olmayan hesab olunur və bu statusun daşıyıcıları xüsusi imtiyazlara malik olurlar. Lakin bunun sübut olunması və prosesin hansı qaydada həyata keçirilməsi mübahisəli məsələ olaraq qalır. Bəzən isə məhkəmələrdə məsələ ilə bağlı qeyri-obyektivliyə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Elə buna görə də onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinə görə məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Yeri gəlmişkən qeyd edək ki, bu kateqoriya mülki işlər ümumi məhkəmələrin yurisdiksiyasına aiddir. Ərizə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin yaşayış yeri (daimi qeydiyyatda olduğu) üzrə ümumi məhkəməyə verilir. İşə baxılması müddəti və dövlət rüsumuna gəldikdə isə, qanunvericiliyə əsasən, ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır.  Bu cür işlər ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki prosesdə şəxsin fəaliyyət qabiliyyətli olması prezumpsiyası qüvvədədir. Yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, şəxs fəaliyyət qabiliyyətli sayılır. Buna görə də, ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini təsdiq edən halları sübut etmək vəzifəsi daşıyır. Məhkəmə bu kateqoriya işlərə səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Nəzərə almaq lazımdır ki, qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı məcburidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə işlərdə sübutetmə predmetini, yəni müəyyənləşdirilməli olan faktiki halların dairəsini isə aşağıdakılar təşkil edir: psixi qüsurun mövcudluğu; şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən faktlar; psixi qüsurla şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi arasında səbəbli əlaqə; digər hallar. Məsələn, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin ərizəçinin yaxın qohumu (uşaq, valideyn, qardaş- bacı və s.) olması faktı. Zəruri sübut kimi isə, məhkəmə-psixiatriya ekspertizasının rəyi çıxış edir. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Lakin nəzərə almaq lazımdır ki, qanunvericilik ekspertizanın təyini üçün şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olmasını tələb edir. Ekspertizanın təyini üçün tələb olunan kifayət qədər məlumat dedikdə, şəxsin psixi qüsurunun olmasını ehtimal etməyə imkan verən istənilən informasiya başa düşülür. tibb müəssisəsinin arayışı; psixiatriya dispanserində qeydiyyatda olma barədə arayış; xəstəlik tarixçəsindən çıxarış; Tibbi-sosial ekspert komissiyasının rəyi (arayışı); şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən sübutlar (şahid ifadələri, əvvəllər keçirilmiş məhkəmə-psixiatriya ekspertizalarının rəyləri, istintaq orqanlarının materialları və s.); digər sübutlar. Əgər məhkəmənin mövqeyinə görə ekspertizanın keçirilməsi üçün kifayət qədər məlumat yoxdursa, onda məhkəmə ekspertizanın keçirilməsindən imtina edə bilər. Bu halda, işə mahiyyəti üzrə baxılacaq və ərizə rədd ediləcəkdir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Məcəlləyə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31