Məktəbəqədər təhsil 1 yaşından başlayacaq
22 May 2018 11:45 SosialKimlər güzəşt hüququndan yararlana biləcək?
Azərbaycanda 2017-ci ildə "Məktəbəqədər təhsil haqqında" qanun qəbul edilməsinə baxmayaraq hələ də bir sıra vətəndaşlar sözügedən qanundan yaralanmaq imkanından məhrumdur. Buna səbəb olkədə məktəbəqədər təhsil müəssisələrinin sayının yetərli olmaması göstərilir. Bəs, qanunvericilikdə uşaqların məkəbə qədər təhsil ala bilməsi üçün hansı meyarlar müəyyən edilib? Hüquqşünas Alim Hüseynli bildirib ki, sözügedən qanun Azərbaycan Respublikasında məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prioritetləri ondan ibarətdir ki, məktəbəqədər təhsil və ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin olunsun, məktəbəqədər təhsil sahəsində bərabər imkanlar yaradılsın. Odur ki, dövlət üzərinə məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar, səmərəli təhsil modelinə əsaslanan dövlət təhsil standartları və proqramlarını təsdiq etmək, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin bu Qanuna və texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarəti həyata keçirmək kimi vəzifələr götürür. Bununla da dövlət məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesini və idarəetməni təkmilləşdirmək, bu müəssisələri ixtisaslı pedaqoji kadrlarla, informasiya-kommunikasiya texnologiyaları və digər zəruri vasitələrlə təmin edir. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məktəbəqədər təhsil almasına şərait yaradır.
Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur. Məktəbəqədər təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir, ümumi təhsilə hazırlığını təmin edir. Elə ona görə də məktəbəqədər təhsilin məzmunu uşaqlarda cəmiyyətə sosial uyğunlaşma, kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyəti; müstəqillik, məsuliyyət və cavabdehlik, özünə inam və iradəlilik; təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət etmək; estetik dünyagörüşü, nitq, təsvir və tərtibat bacarıqları; sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə riayət etmək kimi keyfiyyətlərin formalaşdırılmasına yönəldilir.
Hüquqşünas bildirib ki, mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, öz nizamnaməsi əsasında həyata keçirilir. Mövcud qanunvericiliyə görə, məktəbəqədər təhsil müəssisələrində tədris dili dövlət dili -Azərbaycan dilidir. Həmçinin, Azərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər. Məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəqədər təhsil müəssisəsində gün rejimi normaları və qaydaları, uşaqların yaş dövrləri üzrə qruplara bölünməsi, hər bir yaş dövründə təhsilin məzmunu və istiqamətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir: "Bundan başqa məktəbəhazırlıq deyilən bir mərhələ var ki, bu, beş yaşlı uşaqlar üçün nəzərdə tutulur. Məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrində, habelə ailədə həyata keçirilir. Məktəbəhazırlığın təşkili qaydası müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir".
Onun sözlərinə görə, qanunvericilikdə bir uşağın, eyni zamanda, dövlət məktəbəqədər və ümumtəhsil müəssisələrində, habelə digər müəssisə və təşkilatlarda dövlət hesabına məktəbəhazırlıq təhsili almasına yol verilmir. Məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər. Dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.
Qanunvericiliyə əsasən mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər təhsil xidməti göstərən digər müəssisələr, istirahət və sağlamlıq düşərgələri məktəbəqədər təhsil sisteminə daxildir. Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisəsi təhsil kompleksləri, ayrı-ayrı müəssisə və təşkilatların nəzdində də yaradıla bilər. Məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrə isə körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası və uşaq evləri daxildir: "Dövlət və bələdiyyə məktəbəqədər təhsil müəssisəsi "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır. Özəl məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Məktəbəqədər təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir. Məktəbəqədər təhsil müəssisəsi hüquqi şəxsdir, inzibati və maliyyə-təsərrüfat fəaliyyətini sərbəst şəkildə həyata keçirir. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilər.Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara ödənişsiz tibbi xidmət göstərilir. Məktəbəqədər təhsil müəssisəsində uşaqların qidalanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş normativlərə uyğun həyata keçirilir".
Nurlan