Dondurma bazarında işbazların hədəfinə tuş gələnlər
8 May 2018 17:06 SosialHələ yay gəlməsə də dondurma sezonu açıq elan edilib. Havanın tam qızmasına baxmayaraq,bu buz kimi məhsulla sərinləmək istəyənlər yetərincədir.İstər yolda, istər evdə, istərsə də işdə bəh-bəhlə dondurma yeyənlərdən çox güman ki,biri də sizsiniz. Təbii ki, keyfiyyətini bilmədən, yararlılıq müddətinə baxmadan xarici görkəminə aldadanaraq satılan dondurmaları gözəyarı şəkildə alırıq. Əsas odur ki, dondurma keyfi yaşayaq.. Almaq istədiyimiz bu zövq isə sonradan bizə baha başa gəlir. Düşürük işbazların toruna.
Necə edək ki, aldanmayaq? Dondurma alarkən nələrə diqqət edək?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki,dondurma alarkən ehtiyatlı olmaq lazımdır:
"Dondurma sezonu başlayan kimi istehlakçıların hər gün bizə telefon zəngləri başlayır.Nəzərə almalıyıq ki, dondurma süd məhsuludur.Onun istehsalında kərə yğından istifadə olunmalıdır. Dondurmanı dil üzərinə qoyduqda o təzə qaymaq dadı verməlidir. Lakin biz görürük ki, dondurma dilin sonluğunda, boğazda acılıq əmələ gətirir.Bu o deməkdir ki, dondurmanın tərkibinə bitki yağları,marqarinlər qarışdırıblar.Bükülmüş dondurmanın kağızı əzilibsə, məlum olur ki,o,isti temperatura məruz qalıb və yenidən dondurulub. Belə dondurmanı yemək olmaz". Sədrin sözlərinə görə, gün ərzində 200 qramdan artıq dondurma yemək olmaz : "Əgər ardıcıl olaraq, çox dondurma yeyilərsə bir anda bədən temperaturu aşağı düşür və insan dünyasını dəyişə bilər.Açıq şəkildə satılan dondurmalardan daha çox ehtiyat etmək lazımdır: "Bəzən vaxtı keçmiş dondurmalar satılır. istehlakçının hüququ var ki, dondurmanın istənilən sənədlərini,o cümlədən onun gigyenik sertifikatını, buraxılma tarixini, son yararlıq müddətini göstərən sənədləri tələb etsin.Satıcılar həmin sənədləri göstərməyə borcludur.Kiçik sexlərdə quru süddən, tərkibi bilinməyən maddələrdən hazırlanan dondurmalar da var.Buna görə dondurma alarkən diqqətli olun".
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara dondurma alarkən mütləq etiket üzərində yazılanları diqqətlə oxumağı tövsiyə edir.
Eyni zamanda, dondurma alarkən onun formasına, saxlanma şəraitinə və nəhayət dadına diqqət edilməlidir. Donu açılmış dondurmanın təkrar dondurulması onda buz kristallarının əmələ gəlməsinə səbəb olur ki, bu da onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Belə dondurmaları istifadə etmək məsləhət görülmür.
Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir. İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaqdan çəkinin.
Saxlanma temperaturunun daimiliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu yoluxma ehtimalını artırır.
Dondurmanın saхlanma müddəti onun kimyəvi tərkibindən, eləcə də çeşidindən asılıdır. Hazırlanmış dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 180C-dən yüksək olmayan temperaturda saхlanılmalıdır. Bu temperaturda meyvə-giləmeyvə və aromatik dondurmaları 1,5 ay, südlü dondurmanı 1 ay, qaymaqlı dondurmaları 1,5 ay, plombir dondurmasını 2 ay saхlamaq olar. Ticarət şəbəkəsində isə dondurmaları ümumilikdə mənfi 120C-dən yüksək olmayan temperaturda 5 gün saхlamaq olar.
Dondurmanın ticarət şəbəkəsində qeyd edilən müddətdən artıq saxlanması yolverilməzdir.
Qeyd olunanlarla bağlı hər hansı pozuntu hallarına rast gəldikdə isə Dövlət Xidmətinə müraciət edə bilərsiniz.
Topxeber.az