Şuşasız keçən 26 il
7 May 2018 12:39 SosialMusiqi mədəniyyətimizin beşiyi sayılan Şuşasız daha bir il yaşayırıq. 26 ili tamam olur Şuşanın erməni işğalı altında qalmasının. Düz 26 il əvvəl ermənilər Azərbaycana qarşı başlamış olduğu müharibə və ərazi iddiaları siyasətinin ilk başlanğıc və uğurlu addımlarını ataraq Şuşanı işğal etdilər. Hər zaman Azərbaycana qarşı apardıqları separatizm, işğalçılıq siyasətində şimal qonşumuza bel bağlayan və Moskvadan dəstək görən Ermənistan bu dəfə də Azərbaycana qarşı apardığı işğalçılıq siyasətində Kremlin dəstəyini qazanmağa müvəffəq oldu. Beləliklə, 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.
Şuşanın işğalı ermənilərin Azərbaycan üzərində əldə etdiyi ilk uğurlu qələbə idi. Təəssüflər olsun ki, ermənilərin belə qələbələri davamlı oldu və Şuşanın işğalı Azərbaycan ərazilərinin 20 faizinin zəbt edilməsinin əsasını qoydu.
Şuşanın işğalı zamanı da erməni qəddarlığı, vəhşiliyi bir daha öz təsdiqini tapdı. Özü də sivil dünya, addımbaşı insan hüquq və azadlıqlarından bəhs edən dünya güclərinin, beynəlxalq birliyin, təşkilat və qurumların gözü qarşısında. Beləliklə, qədim musiqi mədəniyyətimiz və beşiyimiz sayılan Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildi, 165 nəfər yaralandı, onlardan 150 nəfəri əlil oldu, 552 körpə valideynlərini itirdi, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşdü. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşanı ələ keçirdikdən sonra isə ermənilərin burada apardığı əsas iş, fəaliyyət buradan Azərbaycan izlərini silmək, Şuşanı ermənilərşdirmək idi ki, bu istiqamətdə də qısa müddətdə fəaliyyətə keçdilər. Belə ki, ermənilər Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etdi, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtdi, buradakı nadir sənət incilərini taladı və məhv etdilər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atdılar. Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər.
Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atdılar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edildi, bir vaxtlar təkrarolunmaz təbiətinə görə "Qafqazın cənnəti" adlandırılan yerlər xarabazara çevrildi.
Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin, vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın xatirə muzeylərinin fondları qarət edildi ki, bu da işğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.
Bəs Şuşanın işğal edilməsi, qədim musiqi mədəniyyəti beşiyimizin düşmən tapdağı altına keçməsi hansı zərurətdən meydana gəldi və Şuşanı nədən qoruya, müdafiə edə bilmədik. Bu suala cavab vermək üçün ötən əsrin 90-cı illərində regionda, eləcə də Azərbaycanda baş verən ictimai-siyasi proseslərə, hadisələrə diqqət yetirmək kifayətdir. Belə ki, Şuşanın, daha sonra isə Azərbaycanın digər şəhər və rayonlarının işğal edilməsi ilk növbədə rəsmi Bakını cəzalandırmaq məqsədi daşıyırdı. Bir növ Azərbaycan özünü müstəqil elan etməyinin bədəlini ödəyirdi. 90-cı illlərin əvvəllərində Azərbaycan kimi bir müttəfiq respublikanın keçmiş sovetlərin tərkibindən çıxması və özünü müstəqil elan etməsi SSRİ-nin çöküşünü sürətləndirmiş və onun dağılmasında əsas factor rolunu oynamışdı. Ona görə də Kremldə Azərbaycana qarşı bir nifrət hissi hökm sürürdü. Elə Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi, ermənilərin növbəti dəfə ərazi iddiaları ilə çıxış etməsi və işğalçılıq siyasətinə başlamasının ssenarisi məhz şimal qonşumuzda hazırlanmışdı. İstər Şuşanın işğalı, istərsə də ondan əvvəl Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırım zamanı rus ordusunun 366-cı alayının yaxından iştirak etməsi də bunun əyani sübutu idi. Və təəssüflər olsun ki, Rusiya tək Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırıma dəstək verməklə, Şuşanın işğalında iştirak etməklə kifayətlənmədi, Azərbaycanı cəzalandırmağı bununla yekunlaşdırmadı. Sonrakı mərhələdə Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli kimi rayonlarımızın işğalına rəvac vermək, yaşıl işıq yandırmaqla Azərbaycanı ciddi şəkildə cəzalandırmış oldu.
Şuşanın işğalına yol açan səbəblərdən biri Rusiyanın ermənilərə dəstəyi, digər səbəbi isə o zaman Azərbaycan hakimiyyətində olan idarəedilməz vəziyyət, siyasi cəhətdən qeyri-peşəkar olan şəxslərin hakimiyyətdə təmsil olunması, ən əsası Bakıda hakimiyyət uğrunda aparılan mübarizə idi. Ayrı-ayrı silahlı birləşmələrin, dəstələrin müntəzəm olaraq cəbhə bölgəsindən Bakıya çağırılması, silahlı birləşmələrin hakimiyyət uğrunda mübarizəyə cəlb edilməsi erməni işğalı təhlükəsində olan şəhər və rayonlarımızı müdafiəsiz qoymuşdu. Və bundan da düşmən məharətlə istifadə etməyi bacardı. Beləliklə, müdafiəsiz qalan şəhər və rayonlarımız qısa müddətdə, özü də ardıcıllıqla işğal edildi. Və bunlardan biri də Şuşa oldu.
Yuxarıda qeyd etdiyimiz kimi artıq 26 ildir ki, Şuşasız yaşayırıq. 26 ildir Şuşanı ancaq onun tarixi fotolarına baxmaq, həmçinin separatçıların bu şəhərə təşkil etdikləri turistik səfərlər zamanı xarici ölkə vətəndaşları tərəfindən lentə alınan kadrlardan müşahidə edirik. Bir də bu qədim musiqi beşiyimizdə vaxtı ilə dünyaya gələn soydaşlarımızın yuxularına girir Şuşa. Azad, erməni işğalı altında olmayan, saf, təmiz bir halda.
Təəssüflər olsun ki, hələ Şuşa ilə bağlı yuxularımız çin olmur. Hələ Şuşanı düşmən tapdağından azad edə bilməmişik. Ancaq bu o demək deyil ki, ümidsizik, inamsızıq. Əksinə. Ildən-ilə Şuşanın, eləcə də erməni işğalı altında olan digər ərzilərimizin tezliklə düşmən tapdağından azad ediləcəyinə olan ümidlərimizi, qətiyyətli inamımız artır. Bu ümidi, inamı bizə Azərbaycan Silahlı Qüvvələrinin artan nüfuzu, gücü, qüdrəti verir. Onun maddi texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar verir. Bu inamı bizdə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyev yaradır. Şuşanın tezliklə işğaldan azad olunacağına inamımız uğurlu Aprel müharibəsindən sonra meydana gəlib. Şuşanın ermənilərdən azad ediləcəyinə olan inamımızın əsasında, kökündə Cocuq Mərcanlıya olan möhtəşəm qayıdış dayanır. Məhz Cocuq Mərcanlıda başlanan həyat, uzun illərdən sonra orada yaradılan şərait, kənd sakinlərinin təhlükəsiz şəraitdə oraya qayıtması Şuşada, eləcə də digər işğal altında olan rayonlarımızda da tezliklə eyni proseslərin təkrarlanacağına əminlik yaradıb.
Süleyman