Uşaqların tərbiyəsindəki boşluqlar faciələrə səbəb olur
7 May 2018 12:04 SosialTərbiyə metodları valideynlərə icbari şəkildə öyrədilməlidir
Bəzi valideynlər "ideal ünsiyyətlə ideal valideynlik arasında nə əlaqə ola bilər?" deyə düşünürlər. Hətta belə valideynlər valideynlik "rollarına" o qədər köklənirlər ki, həyat yoldaşları ilə ünsiyyətlərini ikinci plana keçirirlər. Halbuki yaxşı valideyn olmaq üçün, ilk növbədə, yaxşı həyat yoldaşı olmaq lazımdır. Uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq həyat yoldaşları ilə münasibətdə ciddi problemlərlə üz-üzə qalan çox valideynlər var. Belə valideynlərin uşaqları valideynləri ilə "yaxşı vaxt keçirsələr də", ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar. Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir? Vəkil Rövşən Qasımov hesab edir ki, övladlarla ideal münasibət ilk növbədə valideynlərin özləri üçün vacibdir. Əgər valideynlər özlərini əmin-amanlıq da hiss edirlərsə, istər-istəməz bunu öz atalıq və ya analıq rollarında da əks etdirirlər: "Məlum olduğu kimi uşaqlar yaxşı hərəkətləri təqlid etdikləri kimi, pis hərəkətləri də təqlid edirlər. Xüsusilə, bu, azyaşlı uşaqlar üçün daha xarakterikdir. Başqa sözlə, əgər uşağınızdan sevginizi əsirgəmirsinizsə, ancaq öz aranızda nifrət hakimdirsə, deməli, uşağınız təkcə sevgini yox, nifrəti də öyrənəcək. Ailədəki qeyri-sabit mühiti görən uşaq müəyyən bir vaxtdan sonra valideynlərinin səmimiyyətinə inanmır. Bu isə vaxt keçdikcə ailə daxilində etimadsızlığın meydana gəlməsinə və uşaqda özünəinamın azalmasına səbəb olur". Onun sözlərinə görə, tərəflər arasındakı gərginlik uşağın psixologiyasına da mənfi təsir göstərir. Əgər uşaq yeniyetməlik dövründədirsə, istər-istəməz daha sabit bir mühit axtarmağa başlayır. Buna görə də tədricən evdən uzaqlaşır. Belə mühitlərdə böyüyən uşaqlar gələcəkdə quracaqları ailələrdə də bu mənfi təsirlərdən xilas ola bilmirlər: "Uşaqlara ayrılan zamanda daha çox nəsihət verərək keçirilir. Bunun yerinə gənclərin zövqlərinə də uyğun gələcək ortaq fəaliyyətlər tapmaq və bu vaxt inkişaf edən təbii mühitlərdə ünsiyyət qurmaq daha asan olacaq. Çünki uşaqlar bizim davamçılarımızdır. Bəlkə də, buna görə özümüz üçün edə bilmədiklərimizi uşaqlarımız üçün etməyə çalışır və bizdən daha xeyirli bir ömür yaşamalarına səy göstəririk. Digər tərəfdən, uşaq olan evdə mübahisə də, çəkişmə də az olur. Ancaq gənc ata və ana üçün valideyn olmaq çox xoş bir hiss olmaqla yanaşı, həm də bir o qədər məsuliyyətli bir işdir. Sözsüz ki, hər bir valideyn istəyər ki, övladı savadlı, əxlaqlı, vətəninə, millətinə layiqli bir vətəndaş kimi böyüsün. Bildiyimiz kimi, xeyirli bir övlad yetişdirmiş bir valideynin əməl dəftəri o, vəfat edəndən sonra da bağlanmır və övlad savab işlədikcə valideyn də o dünyada öz nəsibini alır".
Bəs xeyirli övladı necə yetişdirək? R.Qasımov hesab edir ki, bizdə məktəblərdə və digər tədris ocaqlarında bir çox fənlər şagirdlərə ən dərinliklərinə qədər öyrədilir. Halbuki bu çətin düsturlardan, bu mürəkkəb terminlərdən əksər şagirdlər heç vaxt istifadə etmirlər. Ancaq, demək olar ki, hər kəs nə qədər ki, həyatda yaşayır uşaq tərbiyəsi ilə məşğul olmağa məcburdur və bunu öyrənmək üçün tədris proqramlarında ya yer ayrılmamış, ya da çox az yer verilmişdir. Gənc ailələr öz övladlarının tərbiyəsini valideynlərindən gördükləri kimi başa düşür və demək olar ki, eyni şəkildə də davam etdirirlər: "Təbii ki, bu məsələ ilə bağlı vəsaitlər var və müasir dövrdə internetdən də çoxlu məlumatlar əldə etmək olar. Lakin bu vəsait və məlumatların əksəriyyəti təcrübəli mütəxəssis - pedaqoq süzgəcindən keçməmişdir. Və bu mənbələrə istinad etmək nə qədər doğrudur, o da şübhə altındadır. Belə mənbələrdən sərbəst şəkildə istifadə edən gənc valideynlərin çox az olduğunu nəzərə alsaq, uşaq tərbiyəsinin icbari şəkildə öyrədilməsinin aktuallığı ortaya çıxır. Beləliklə, uşaq tərbiyəsi, əsas etibarı ilə, pərakəndə halda, sistemsiz həyata keçirilir ki, bu da sonradan çox ciddi, bərpası çətin olan fəsadlara gətirib çıxarır. Bəzən birbaşa əlaqə görməsək də, müasir gəncliyin əxlaqi problemlərinin uşağın tərbiyəsində buraxılmış boşluqlardan irəli gəldiyini izah etməyə ehtiyac yoxdur. Problemin daha böyüyü ondadır ki, bu cür gənclər gələcəyin məsuliyyətsiz valideynlərinə çevrilir və bu proses zəncirvari, nəsildən-nəslə keçərək artmaqda davam edir. Nəticə olaraq isə hər gün kütləvi informasiya vasitələrindən əxlaq və məişətlə bağlı cinayət hadisələri barədə çoxlu xəbərlər eşidirik. Elə ətrafımızda da bu kimi problemlərdən əziyyət çəkən ailələrin sayının az olmadığının şahidi oluruq. Ancaq nəticə ilə mübarizə aparmaq sağlam cəmiyyətin və sağlam ailələrin yaradılması üçün kifayət deyil. Deməli, bu vəziyyəti yaradan səbəbləri axtarıb tapmaq və onlarla mübarizə aparmaq lazımdır. Səbəb isə, təbii ki, ailə tərbiyəsindən irəli gəlir. Ancaq uşağı tərbiyə etməklə yanaşı, hər bir gənc valideyn özünütərbiyə ilə də məşğul olmalı və bu məsələ ilə bağlı uyğun kitablarla maariflənməlidir". Vəkil hesab edir ki, uşağın tərbiyəsinə hələ uşaq anadan olmamış başlamaq lazımdır. Ona görə də işə ailə fərdləri arasında, xüsusilə də, gələcək ana və ata arasında, mehriban münasibətlərin qurulmasından başlamaq və düzgün bir ailə mühiti yaratmaq lazımdır: "Başqa bir məsələ isə doğulacaq körpənin sağlamlığı üçün ananı xəstəliklərdən və stresdən qorumaqdır. Uşağın tərbiyəsi, ilk növbədə, ailədə, uşaq bağçalarında və tədris müəssisələrində formalaşır. Buna görə də valideynlər təkcə uşaq tərbiyəsi ilə bağlı kitablardan və ya mənbələrdən istifadə etməməli, lazım gəlsə, psixoloq məsləhətlərindən də bəhrələnməlidirlər. Bundan başqa, uşaq tərbiyəsində ailə mühitinin də rolu az deyil. Uşağın məktəbəqədər tədris müəssisələrinə - uşaq bağçalarına verilməsində bir problem olmadığı kimi, bu müəssisələrin uşağın dünyagörüşünün formalaşmasında mühüm rolu da danılmaz faktdır. Lakin burada da valideyn bu müəssisələrin tədris proqramları, peşə səviyyələri və s. ilə yaxından maraqlanmalı, "uşağı bağçaya verdim, mənim vəzifəm bitdi" deməməlidir. Təbii ki, bu qeyd etdiklərimiz ibtidai, natamam və tam orta təhsil müəssisələrinə də aiddir. Yəni valideyni təkcə bu müəssisələrdəki təhsilin səviyyəsi deyil, uşağın burada vaxt keçirəcəyi mühit də maraqlandırmalıdır. Ailədə əsas tərbiyəçi anadır. Ana atanın müsbət keyfiyyətlərini nümunə göstərməli və uşağı bu nümunələrlə tərbiyə etməyə çalışmalıdır. Həmçinin uşağın hər bir insanın qəlbində fitri şəkildə mövcud olan inanc hissini təmin etmək üçün uyğun biliklərə sahib olmasına da çalışmaq lazımdır. Çünki uşağın mənəvi cəhətdən inkişafı onun tərbiyəsinin əsas tərkib hissələrindən biridir. Başqa sözlə, fərdin mənəviyyatı ailədən və cəmiyyətdən aldığı müsbət keyfiyyətlərin ən vacib tərkib hissəsidir. Beləliklə, tərbiyə vasitəsi ilə uşağı ən yüksək mərtəbələrə, yəni mələklər səviyyəsinə belə, qaldırmaq olar. Bu isə artıq hər bir valideynin ümdə vəzifəsidir".
Zəka