Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası əhalinin kommunal problemlərinin həllinə yol açıb
1 May 2018 16:29 SosialHazırda da bu sahə əsas diqqət mərkəzində saxlanılır
Azərbaycanın hərtərəfli inkişafında özünəməxsus payı olan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları günümüzdə də uğurla davam etdirilir. Hazırda icra müddətini yaşadığımız "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da bu qəbildəndir. Artıq icrasının sonuncu ilində olan bu Dövlət Proqramı çərçivəsində də əvvəlki proqramlarda olduğu kimi müxtəlif sahələrin daha da inkişaf etdirilməsinə yönəlik tədbirlər həyata keçirilib, infrastruktur layihələr reallaşdırılıb.
Hər bir proqramda olduğu kimi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da əhalinin kommunal problemlərinin həlli ön planda olub. Etiraf etmək lazımdır ki, 2004-cü ildən həyata keçirilən regional proqramlar çərçivəsində əhalinin kommunal problemlərinin həlli istiqamətində kifayət qədər işlər görülüb. Məhz həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təchizatında yüksək göstəricilər qeydə alınıb. Bütün bunlarla yanaşı hazırda icrası davam edən Dövlət Proqramında da kommunal sahədə bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qarşıdakı illərdə də ölkənin yanacaq-enerji kompleksi sahəsində görüləcək işlər iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etməkdən, energetika sənayesinin inkişafı, o cümlədən onun səmərəliliyini artırmaqdan ibarət olacaqdır. 2014-2018-cü illərdə bu sahədə dövlət siyasətinin əsas istiqamətləri bunlardır. Ölkənin enerji sistemində yeni güclərin yaradılması işlərinin davam etdirilməsi, yeni stansiyaların və ötürücü şəbəkələrin tikintisi və yenidən qurulması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, regionlarda yeni istilik və su elektrik stansiyalarının tikintisi, mövcud enerji bloklarının modernizasiyası işlərinin davam etdirilməsi, regionlarda qaz təchizatının daha da yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, regionlarda müasir istilik sistemlərinin qurulması, mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi və yenidənqurulması işlərinin davam etdirilməsi.
Ümumiyyətlə, bu günə qədər həyata keçirilən Dövlət Proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nən icrasına start verilənə qədər əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində regionlarda ümumi gücü 2000 meqavatta yaxın 17 elektrik stansiyası tikilib, 10 min kilometrdən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya tikilib və ya yenidən qurulub, təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində isə 40 min kilometrədək qaz xətləri çəkilib və ya təmir edilib, yaşayış evlərinin qazlaşma səviyyəsi 34 faizdən 83,4 faizə çatıb. Əhalinin su təminatının yaxşılaşdırılması üçün yeni su və kanalizasiya xətləri çəkilib, yeni su anbarları istifadəyə verilib, əhəmiyyətli meliorasiya tədbirləri həyata keçirilib. İlk iki Dövlət Proqramının icrası müddətində regionlarda 3,4 min kilometrdən çox su, 1,2 min kilometrdən çox kanalizasiya xətti çəkilib, 96 su anbarı tikilib. Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilib, insan amili daim diqqət mərkəzində saxlanılıb, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olub. Fondun, təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açıb .
Ümumiyyətlə, bütün Dövlət Proqramlarında lkədə insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin təmin edilməsi sahəsində görülən işlərin davam etdirilməsi və genişləndirilməsi əsas prioritet kimi müəyyən olunub, bu məqsədlə qarşıya bir çox vəzifələr qoyulub. Məhz bu baxımdan ölkə əhalisinin, xüsusən, sosial cəhətdən həssas əhali təbəqələrinin mənzil şəraitlərinin yaxşılaşdırılması və bu sahənin inkişafı əsas məsələlərdən biri kimi də bütün regional proqramlarda qarşıya əsas məqsəd və vəzifə kimi qoyulub. Mənzil kommunal təsərrüfatının inkişafı, mənzil fondunun istismarı və saxlanması səviyyəsinin yüksəldilməsi məqsədilə 2014-2018-ci illərdə mənzil siyasətinin əsas prioritetlərini regionlarda mənzil-komunal sektorunda islahatların davam etdirilməsi, daşınmaz əmlak bazarının inkişafının dəstəklənməsi, regionlarda yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı vətəndaşların, o cümlədən gənc ailələrin yaşayış sahəsi ilə təmin edilməsi məqsədilə müvafiq tədbirlərin davam etdirilməsi, regionlarda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, regionlarda abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin davam etdirilməsi, regionlarda məişət tullantılarının idarəedilməsi sahəsində müvafiq tədbirlərin görülməsi qarşıya məqsəd kimi qoyulub.
Əhalinin kommunal problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər sırasında telefon rabitə sistemi, informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, onun daha müasir vəziyyətə gətirilməsi, əhalinin internetlə təminatının yüksəldilməsi də əsas sahələrdən biri olaraq təşkil edir. Belə ki, Dövlət Proqramına əsasən qarşıya qoyulan başlıca vəzifə ondan ibarətdir 2014-2018-ci illərdə informasiya və kommunikasiya texnologiyaları (İKT) infrastrukturu inkişaf etdiriləcək, regionlarda əhaliyə müasir elektron xidmətlərin göstərilməsi imkanları daha da genişləndiriləcək, kənd yaşayış məntəqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcək. Bu sahədə qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə müvafiq tədbirlər həyata keçiriləcəkdir. Belə ki, regionlarda inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması, informasiya və kommunikasiya xidmətlərinin daha da genişləndirilməsi, regionlarda əhalinin İKT sahəsində bilik və kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, regionlarda televiziya yayımı keyfiyyətinin daha da yüksəldilməsi kimi məsələlər telefon və rabitə, İKT sahəsində əsas prioritetlər sırasındadır.
Göründüyü kimi, hər bir Dövlət Proqramında əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas prioritet sayılıb və bu mənada 2014-2018-ci illər Dövlət Proqramı da istisna deyil. Ümumiyyətlə, 2014-2018-ci illərdə əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin əsas prioritet istiqamətləri səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə regionlarda yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması sahəsində işlərin davam etdirilməsi, regionlarda sosial xidmət göstərən dövlət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların növləri və şəbəkəsinin genişləndirilməsi, Qarabağ əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin davam etdirilməsi, regionlarda əlil şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi, onlar üçün məşğulluq imkanlarının artırılması məqsədi ilə müvafiq tədbirlərin davam etdirilməsidir.
Ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, yerli və beynəlxalq daşımaların idarə olunması mexanizminin təkmilləşdirilməsi, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması 2014-2018-ci illərdə qarşıda duran əsas vəzifələrdən hesab olunub. Bununla əlaqədar bir sıra tədbirlərin həyata keçirilməsi Dövlət Proqramında nəzərdə tutulub. Bunlar regionlarda nəqliyyat sisteminin davamlı inkişaf etdirilməsi, nəqliyyat sektorunun, o cümlədən nəqliyyat xidmətləri bazarında rəqabət mühitinin daha da təkmilləşdirilməsi, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun daha da inkişafı, regionlarda magistral yolların tikintisi və yenidənqurulması, xüsusi ilə kənd yollarının tikintisi, əsaslı təmiri ilə bağlı tədbirlərin davam etdirilməsidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir