Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar 95 min ağac əkilib
1 May 2018 16:22 SosialAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı ilə birgə ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Bakı şəhərinin Zığ dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirib.
Agentlikdən "OLAYLAR"-a bildirilib ki, ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə keçirilən aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, qurumun digər rəhbər şəxsləri və əməkdaşları, həmçinin Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və təşkilatın əməkdaşları yaxından iştirak ediblər. Bu çərçivədə keçirilən tədbirdə yüzlərlə işçi və onlarla maşın-mexanizm cəlb edilib. Aksiya zamanı Zığ dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolunun mühafizə zolağında xüsusi ayrılmış bir-neçə sahəyə ümumilikdə 5000 ədəd eldar şamı və zeytun ağacı, 3000 ədəd oleandara, sezalpin və qızılgül kolu əkilib. Digər bir ərazidə, Bakı Dairəvi-I yolunun kənarında isə 1000 ədəd eldar şamı, 1000 ədəd qızılgül və həmişəyaşıl kol bitkiləri əkilib.
Cari ilin əvvəlindən start götürən agacəkmə aksiyaları respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarında da keçirilib. Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsininin, Bakı-Quba-Rusiya Federasiyası , Yevlax-Zaqatala-Gürcüstan Respublikası və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yollarının mühafizə zolaqlarına 85 min ədəd ədəd eldar şamı, iydə, ağcaqayın, akasiya, sərv və digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.
AAYDA-nin Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən Bakı şəhərinin və respublikanın avtomobil yollarının mühafizə zolaqlarında 2018-ci ilin əvvəlindən indiyədək 95 min ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Əkilən ağacların böyük hissəsi Dövlət Agentliyinin tinglik sahələrində yetişdirilib. Bununla da yollarının mühafizə zolağında olan ağacların sayı 1 mln. 241 min 842 ədədə çatıb.