İranlı Mühacirlər Cəmiyyətində anım tədbiri

Görkəmli ictimai-siyasi xadim, təhqiqatçı, jurnalist Lütvəli Ərdəbili yad edildi

Ötən şənbə günü "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyində görkəmli ictimai-siyasi xadim, təhqiqatçı, jurnalist Lütvəli Əli oğlu Ərdəbilinin xatirəsi anılıb. Qurum üzvlərinin, alim və təhqiqatçıların qatıldığı tədbirdə öncə onun və dünyasını dəyişən məsləkdaşlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.

İMC-nin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadənin məruzəsində 1927-ci ildə Ərdəbil vilayətinin Yunçu mahalının Sığırlı kəndində anadan olan L. Ərdəbilinin  həyatından söhbət açılıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyyad Kərimov (Dasi) çıxışında vurğulayıb ki, Lütvəli Ərdəbili saflıq mücəssəmi kimi bütün həyatını seçdiyi yola həsr edib, hər birimiz yaxşılıqlarından fayda götürmüşük.

Səməd Bayramzadə (AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru)tədbir ərəfəsində qələmə aldığı duyğularını "Fədailər fədaisi" adlı yazı vasitəsi ilə iştirakçılara yetirib.

İMC-nin Qadınlar Təşkilatının sədri Möminat Puhən onun Qubada komitə rəhbəri olduğu illərində necə dərin nüfuza malik olduğunu xatırlayıb.

Murtuza Nizamoğlu (İMC sədrinin müavini) isə 80-cı illərdə mühacirətə gəldiyi vaxtları yada salıb: "Çətinliklər, problemlər çox olsa da bilirdik ki, qarşımızda qayğıkeş, Lütvəli müəllim kimi bizim üçün gecəsini - gündüzünə qatan insanlar var".

İMC sədrinin birinci müavini, istefada olan polkovnik Firidun İbrahimi İranlı Mühacirlər Cəmiyyətində bu istiqamətdə tədbirlərin keçirilməsinin ənənəyə çevrilməsindən, L. Ərdəbilinin xarakterinə xas digər müsbət cəhətlərdən danışıb.

Riyaziyyatçı alim S. Kərimi mövzunu davam etdirərək bildirib ki, həyat yoldaşı Mehdi Kərimi də həmin kontekdə ona ətraflı məlumatlar verib. Səadət xanım funksioni olduğu Azərbaycan Federasionu İsveçin (AFİ) adından İranlı Mühacirlər Cəmiyyəti üzvlərinə salamları yetirib: "Hazırda İsveçdə yaşayıb-işləyirik. Umea Universitetinin dosentiyəm. Xoşbəxt ailə qurmağımızda isə Lütvəli müəllimin müstəsna rolu var".

Sonda İMC-nin Qadınlar Təşkilatının sədr müavini Validə Zöhrabova atasının xatirəsini əziz tutduqlarına görə mərasim iştirakçılarına minnətdarlığını yetirib və özünün "Ay ata" şeirini dilə gətirib.       

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31