Hamilə qadın ciyər yeyə bilərmi?

Hamiləykən saç kəsdirmək ömürdən azaldırmı?

Qadınlar üçün övlad dünyaya gətirmək həyatlarının ən unudulmaz anlarındandır desək, yanılmarıq. Hər bir analığa namizəd olan xanım məhz bu 1 ilə yaxın müddəti olduqca diqqətli və həssas keçirmək üçün əllərindən gələni edir, dünyaya gətirəcək ikinci canın sağlam olması üçün çalışır. Zaman-zaman təlaşa qapılan ana namizədləri olar-olmazların həddini aşır, digər analar da, necə deyərlər, bir inamın arxası ilə getməyə məcbur olur.

Bu gün el arasında çox deyim var. Hansı ki, analığa namizəd qadınlar arasında ən qatı qanunlar kimi qəbul edilir və bu qanunlara 9 ay əməl etmək vacibdir. Əməl etməyən və bu kimi deyimlərə inanmayan ana namizədləri isə ailə böyükləri tərəfindən məsuliyyətsiz, səbirsiz və s. kimi qiymətləndirilir və onun dünyaya gətirəcəyi uşağın sağlamlığına da şübhə ilə baxılır. İstənilən halda, bu deyimlər bu gün var və zamanın ali təhsilli, xurafatdan uzaq duran gəncliyi də zaman-zaman deyimlərə aldanır.

Deyilənə görə, hamilə olan qadın saçını 9 ay müddətində kəsdirərsə, bu, hələ dünyaya gəlməmiş övladının ömründən günləri azaldır. Bu müddət ərzində ciyər yeyən və əlini üzünə-gözünə vuran anaların övladlarının üz-gözündə mütləq "ciyər ləkəsi" adlanan ləkə yaranır. Günəbaxanlardan istifadə edən analar dünyaya gətirdikləri uşaqlarını daima ağzı sulu görəcək, nar yeyən anaların övladları dünyaya qırmızı, damarları olduqca üzdə olaraq doğulacaq, qatıq və ağartı məhsulları yeyən analar ağ körpə sahibi olacaq, qarğıdalını saçaqlı qaynadıb yemək isə uşağı dünyaya gələnə qədər olduqca tüklü edəcək. Bunun kimi deyimlər çoxdur. Hətta fərziyyələrə görə, sınayanlar və düzgünlüyünə əmin olan analar da var. Amma istənilən halda, hələ dünyaya gəlməmiş körpənin taleyini və görünüşünü bu yollarla dəyişdirmək mümkün deyil. Bu, tibbi və elmi cəhətdən də qəbul edilən bir şey deyil, tamamilə ana olacaq namizədlərin uydurmalarıdır.

Bəs əslində necədir? Həqiqətənmi insanın 9 ay müddətində qəbul etdiyi qidaların, eyni zamanda hərəkətlərin körpə üzərində hər hansı bir dəyişimi olur? Ginekoloq Məhəbbət Camalovanın sözlərinə görə, qəbul olunan hər bir qidanın hamilə üçün xeyri mütləq var. Eləcə də ciyər və bu kimi qəbul edilməsindən ehtiyat edilən qidalar bu müddət ərzində ümumiyyətlə, rasiondan çıxarılmamalıdır. Ən faydalı qida sayılan ciyər qəbulu hamiləlikdə mütləq lazımdır, amma qədərində. Əgər hər hansı bir qidanın qəbulunda xürafi bir deyim varsa, onun mütləq əslini axtarmaq lazımdır. Çünki nənələrin dövründə ciyər qəbul edən ananın övladında olan problemin nədən yarandığını bilmədikləri üçün günahkar olaraq ciyər göstərilirdi. Halbuki, qidaların insan orqanizminə tibbi baxımdan ziyanı olmadığı müddətcə onun xürafi bir tərəfi ümumiyyətlə, körpəyə təsir etməz: 

"Ciyərin tərkibində olduqca yüksək A vitamini mövcuddur. Hamiləlik müddətində A vitamini də daxil olmaqla heç bir vitamın norması yüksək olmamalıdır. Az olan normalar isə təbii və ya dərman preparatları vasitəsilə yalnız və yalnız həkim məsləhətindən sonra qəbul edilməlidir. Hamiləlik müddətində ciyəri həddindən artıq qəbul etməyin riski odur ki, ciyər tərkibində olan yüksək A vitamini Beta Karoten maddəsi ilə birlikdə erkən doğum riskini ortaya çıxarır. Təbii ki, bu qədər A vitamini yüksəlişi üçün daimi olaraq günün bütün saatlarında ciyər qəbul etmək lazımdır. Bu isə mümkün deyil. Hamiləlikdə günəbaxan tumlarının qəbuluna gəlincə, tumlar körpənin nə ana bətnində, nə də dünyaya gəldikdən sonrakı halında heç bir dəyişimə səbəb olmaz. Əksinə günəbaxan tumları, xüsusən bəyaz tumlar folik-asid miqdarının artması baxımından çox faydalıdır. Həkimlərin hər bir ana namizədinə həb olaraq mütləq qəbul edilməsi lazım olan preparatlar içərisində fol turşusu adı ilə yazdıqları folik-asid elə günəbaxan tumlarının bir qoludur. Tumlarda olan yüksək fol ana və körpə inkişafı üçün, qırmızı qan hüceyrələrinin yaranması baxımından olduqca faydalıdır. Saç kəsimində olan deyim tamamilə yanlışdır. Kəsilən saçların ucları kəsildikdən sonra daha çox vitamin və mineral tələb etdiyi üçün bədən eyni anda həm saça, həm də körpəyə lazım olan vitaminləri ötürə bilmir. Bu səbəbdən saçların kəsilməsi də məsləhət görülmür, amma ömür ilə əlaqələndirilməsi yalnış məlumatdır".

Dində isə haram olan qidaların qəbulu istisna olmaqla əlavə heç bir qidanın qəbulunda bir qadağa qoyulmur. Körpənin ömrü, taleyi, dünyaya gəlişi və necə bir quruluşda olması anadan asılı deyil və bütün sadalananlar Allahın izni ilə müəyyənləşdirilir.

Saçların boyanmasına gəldikdə isə həkimlərin əksəriyyəti bunu hamiləliyin ilk 3 ayı ərzində etməyi məsləhət etmirlər. Məsələ burasındadır ki, saç boyalarının tərkibində orqanizmə zərər verə bilən müxtəlif maddələr var. İlk növbədə bu, ammonyak, hidrogen peroksidi, rezorsin və s. maddələrdir. Saç boyası saçlarda 30 dəqiqə və hətta daha artıq müddət ərzində qalır. Bu müddət ərzində həmin maddələr baş dərisinə düşərək kiçik miqdarlarda olsa da qadının qanına sorulur.

Qeyd edək ki, hər bir deyimin altında mütləq tibbi bir baxış olmalıdır. Xürafi deyimlərə inanan insanlar qidalardan ümumiyyətlə 9 ay müddətində imtina etməməli və qidanın ziyanlı tərəfləri varsa aşkar edib, qədərində istənilən qidadan qəbul etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00