Falçı toruna düşənlər

Bir qohumum var, işi-gücü falçılardadır, qazancını demək olar ki, onlara xərcləyir, az qala necə nəfəs alacağını da onlardan soruşur. Nə sirri-xudadırsa qadını bu yoldan çəkindirə bilmirik, demək olar ki, beyni “zəhərlənib” təmizləmək mümkün deyil. Ölkədəki bütün falçıları adbad tanıyır, hamısınn ünvanını əzbər bilir. Ən müqəddəs arzusu  Zirəddin  Rzayevlə tanış olmaqdı, onun nəzərində Zirəddin dünyanın çox böyük falçısıdı. Amma mən düşünürəm ki, istər  dünyanın ən böyük falçısı, istərsə də ən balacası olsun, falçılıqla məşğul olanlar  ona üz tutan insanların psixologoyası ilə “məzələnirlər”. Fikrimi əsaslandırmamışdan qabaq bu günlərdə  ölkə  gündəmini zəbt edən bir hadisəni diqqətə çatdırmaq istəyirəm.

Cəhalət qurbanları - günahkar kimdir?

Züleyxa Nadir

Bir qohumum var, işi-gücü falçılardadır, qazancını demək olar ki, onlara xərcləyir, az qala necə nəfəs alacağını da onlardan soruşur. Nə sirri-xudadırsa qadını bu yoldan çəkindirə bilmirik, demək olar ki, beyni "zəhərlənib" təmizləmək mümkün deyil. Ölkədəki bütün falçıları adbad tanıyır, hamısınn ünvanını əzbər bilir. Ən müqəddəs arzusu  Zirəddin  Rzayevlə tanış olmaqdı, onun nəzərində Zirəddin dünyanın çox böyük falçısıdı. Amma mən düşünürəm ki, istər  dünyanın ən böyük falçısı, istərsə də ən balacası olsun, falçılıqla məşğul olanlar  ona üz tutan insanların psixologoyası ilə "məzələnirlər". Fikrimi əsaslandırmamışdan qabaq bu günlərdə  ölkə  gündəmini zəbt edən bir hadisəni diqqətə çatdırmaq istəyirəm.

Mediada yayımlanan informasiyada deyilir:  "Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən "ovlayan" falçı peyda olub. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən köməklik təklif olunub. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar". Özünü Mirseymur Mirkamil oğlu Seyidov kimi qələmə verən bu adamın əməlini hüquq-mühafizə orqanları araşdırır. Nəticə yəqin ki,  yaxın zamanlarda  bəlli olacaq, məsələnin doğru-yalan olduğu ortaya  çıxacaq, hadısədə cinayət əməlinin  elementləri izah ediləcək. Bu,  ayrı məsələ, amma işin ağrılı tərəfi odur ki, 46 nəfər gənc qızın  taleyinə vurulan ləkə,  46 ananın  faciəsi Azərbaycan cəmiyyəti üçün də silinməyən qara ləkədi.

Bəşər yaranandan  falçılıqla, uzaqgörənliklə məşğul olan insanlar olub. Dünyanın hər yerində bu cür tiplər mövcuddu. Hər millətin özünəxas  xarakteri olduğu kimi, falçılar da həmin xarakterə uyğun "iş" görürlər.  İngilis, fransız, rus, alman, ispan  falçılarının əməlləri əsasən  faciəyə, bəlaya çevrilmir. Uzaqgörənlikləri də  "avropa mədəniyyətinə" söykənir, kimsənin ruhu incimir. Niyə? Çünki oralarda  bizdə olduğu kimi cəhalət, mövhumat  hökm sürmür. Avropalılar  şərq "uzaqgörənliyini" qəbul etmirlər, istehza,  rişxəndlə yanaşırlar. Avropa falabaxanlarına "ekstrasens" möhürü vuraraq, şərqin falçılarını  özlərinin qara maqiya ilə məşğul olan təbəqəsindən aşağı tuturlar. Halbuki qara maqiyanın vurduğu zərbə böyük faciə ilə nəticələnir. Hansısa, məsələn, kofeyə baxıb xoş yalanlar danışan bir qadının söylədiklərinin müqabilində insan ruhunu yerlə-yeksan edir, hətta onun fiziki ölümünə də səbəb olur.  Amma onların geridə qalmış, savadsız, dünyadan bixəbər insanı özlərinin falçısını, cadugərini layiq olduğu ən aşağı pilləkəndan  bir pillə də yuxarı qalxmağa imkan vermir. Bizdə isə bu məsələ tam tərsinədi. Falçılar az qala cəmiyyətin üst qatında yer tutan  zümrəyə daxildirlər. Ona görə də  bu zümrə təkcə həyatda deyil, qəzetlərdə, saytlarda, teelviziyalarda meydan sulayıb, at oynadırlar.

İnsanlar falçıya niyə inanırlar, o nə deyir ki, nə söyləyir ki, dinləyənlər həmin fikirləri  ürəklərinə hopdururlar?! Azərbaycandakı falçıların dediyi  sözlər əsasən  budur: "Filankəs sənə cadu edib, etdirir və ya etdirəcək". Sonra da həmin o filankəsin əlamətlərini sayır, yəni özünə görə bəzi şeylər uydurur, " evinizə gəlib-gedir, boyu , saçının rəngi belədir,  geyimi budur, oturuşu-duruşu elədir"  və s. sözlərlə qarşısındakını dərin bir quyunun dibinə itələyir.  O da düşdüyü quyunun dibində oturub  həmin əlamətlərin sahibini "müəyyən edərək" düşməninin kim olduğuna qərar verir.  Bu,  ya baldızı, qaynanası, ya xalası qızı, qonşusu, ya da başqa birisidi. Vəssəlam, düşmənçilik üçün hər şey var, artıq müharibəyə başlamaq olar. Və beləcə neçə-neçə ailə dağılır, qohum-qonşu bir-biri ilə  düşmən olur.  Falçının nəyinə lazimdir ki, onlar bir-biriləri ilə əlbəyaxa oldular, yoxsa bir-birilərini öldürdülər, təki onun kisəsinə pul daxil olsun, onsuz da cinayət məcəlləsində falçılıqla bağlı  ciddi bir maddə  yoxdu.

Əvvəllər falçilar ona inananları evlərində qəbul edirdilər, xeyli pul verib özlərini televiziyalarda reklam edirdilər. İndi buna  ehtiyac  yoxdu, internet resursları bu məsələni asanlaşdırıb, sosial şəbəkələr üzərindən özlərini reklam edir, çox məharətlə müştəri toplayırlar. Cahil adamlar da onların toruna düşürlər. Kim falçıya inanır, kim ondan yararlanır, kim  falçının dediyi proqnozlarla yaşayır - eləsi ilə işim yoxdu. Bu, inam məsələsidi, kimisə  inamından döndərmək  çətin işdi, necə ki, əvvəldə dediyim qohumum bir yanadı,  biz bir yana. Amma işin ürəkdağlayan  tərəfi odur ki, gənc  qızlar fırıldaqçıların toruna düşür, tələbələr kitabdan, dərsdən uzaqlaşırlar. Həyatın ritmini, dünyanın gözəlliyini, gələcək taleyini falçıların söylədiyi sözlərin üzərində görürlər.

Bu məsələdə onların valideynlərinin də müəyyən rolu var. Ailədəki qız  gözünü açandan görür ki, ana falçılarla iş görür, onların dediyindən "yararlanır", bir müddət sonra bu qız da anasının yolu ilə getməyə başlayır. Analar var ki, qapı-qapı gəzib  falçı axtarır. Ki... onun vasitəsi ilə qızını ərə versin. On səkkiz  yaşına kimi qızın qulağını  ər, ailə qurmaq barədə sözlərlə doldurur, necə deyərlər beynini  zəhərləyir, onu kitabdan, təhsildən uzaqlaşdırır. Əgər qızın iradəsi zəifdirsə anasının "toruna" asanlıqla düşür, yox əgər qız məktəbdən, təhsildən daha  çox yararlanırsa, kitabdan bərk yapışırsa  özü müstəqil addım atmağa üstünlük verir, ali məktəbdə oxumaq üçün çalışır. Övlad qəlbin meyvəsidi, qız övladı isə bu meyvələrin ən dadlısı, ən ləzzətlisidi. Amma "Azərbaycan ailələrinin çoxunda bu gün qız övladına qarşı bir antipatiya yaranıb" desəm yəqin ki, məni qınamazlar. Ona görə də həmin cahil ailələrdə qız övladları 13-14 yaşlarına çatanda onu ərə verməyin planı üzərində çalışırlar. Bəzi valideynlər qızlarının məktəbli formasını əynindən tam çıxarmamış gəlinlik geyindirməyi şərəf işi hesab edir və bunu övladlarına da təlqin etməyə çalışırlar. Və bütün bu işləri falçılarla əlbir olub həyata keçirməyə cəhd edirlər. Faciə də  budu -  ağrısı bir ömür getməyən dərddi, kədərdi, çəkilməyəcək qədər ağır olan qəmdi.

Müasir  dövrün qızları  gözüaçıqdılar, sanki ana  bətnindəykən hər şeyi öyrənirlər. Kompüter texnologiyalarını bir göz qırpımında  mənimsəyir, son model telefonlarla dünyaya açılan pəncərədən həyatın hər üzünü görürlər. Nə yazıq ki, bu  pəncərədən boylanan falçılar, fırıldaqçılar onların bəzilərini  daha çox özünə cəlb edir.  Falabaxanların toruna düşən bu cahil qızlar universitet tələbəsi olsalar da, ali məktəbin öyrətdiklərini qəbul etmək əvəzinə  həyatları ilə oynayan falçıların onların gələcək talelərində çat yaratmasına icazə verirlər. Baxırsan ki, hansısa bir gənc qızın mükəmməl yazıb-oxuması yoxdu, amma ölkənin falçılarının adını əzbər bilir, sosial şəbəkələrdəki profil adlarını söyləyir, onları necə izlədiklərini  fəxrlə dilə gətirir. Sadəcə, dəhşət! Sadəcə yazıq!  Halbuki o, internetin daha başqa üstünlüyündən yararlana bilər, sosial şəbəkələrdən daha yaxşı məqsədlər üçün istifadəyə üstünlük verər.

Bu günkü internet falçıları belələrinin zəif damarını tuta bilir və yaxşıca pul qazanırlar. Əslində buna "qazanmaq" yox, "haram yolla əldə etmək" desəm daha doğrudu. Bu firıldaq  pullar onlara xoşbəxtlik gətirirmi, rahat həzm edə bilirlərmi - bunu deməkdə çətinlik çəkirəm. Bəlkə də xeyrini görmürlər, həyatları zəhərə dönür, heç kim bunu bilməz. Çünki falçı yanına gedən adam bir dəfə də olsun onun gözünün içinə baxmağa, yaxud da ətrafına diqqət yetirməyə cürət etmir, qorxur, çəkinir, səsini çıxarmır ki, təki keçmiş həyatında olub-bitmişləri söyləsin, gələcək taleyindən "xəbər versin".

Gələcəyinin necə olacağını öyrənməyə cəhd edən insanlar bu günkü  həyatlarında nə qədər səhv etdiklərinin fərqinə varmırlar. Falçılar da, onlara inananlar da  Allahı inkar etmiş olurlar. Allahın  yazdığı  taleyi dəyişməyə can atırlar. Guya ki, falçı qarşısındakı kartlarda, mis camlarda, suda, yaxud da  digər əşyalarda qeybi görür. Bu, mümkün deyil! Çünki "Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın" (Ənam surəsi, ayə 59). Allahin yaratdığı bəndənin Allahlıq iddiası Allaha asi çıxmaqdan başqa bir şey deyil. Amma Allah ona asi çıxan bu adamlardan uzaq durmaq üçün  çıxış yolunu  Quranda belə göstərib: "De ki, mən sığınıram qaranlıqdan səhəri yarıb çıxaran Rəbbimə, qaçıram onun  yaratdıqlarının şərindən, düyünlərə üfürən qadınların şərindən, paxıllığı tutan zaman bir paxılın şərindən" (Fəlaq surəsi, ayə 113).

Deyirlər ki, fala inanma, faldan da qalma. Yaxşı olar ki, hər kəs bu deyimin  birinci hissəsində deyiləndən bərk yapışsın. Falçılardan uzaq durmaq  insan övladına xeyirdi - həm bu dünyada, həm əbədiyyətdə!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31