Zərifə Əliyevanın anadan olmasının 95 illiyi münasibəti ilə sərgi təşkil olunub
Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. “Olaylar” xəbər verir ki, əlamətdar günlə bağlı rayon İcra Hakimiyyəti və Azərbaycan Resublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Qalereya 1969”-da görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilib.
25 Aprel 2018 15:41 SosialGörkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. "Olaylar" xəbər verir ki, əlamətdar günlə bağlı rayon İcra Hakimiyyəti və Azərbaycan Resublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə "Qalereya 1969"-da görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub. Tədbirdə çıxış edən Mədəniyyət Naziri Əbülfəs Qarayev görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunan tədbirin əhəmiyyəti və alimin əziz xatirəsinə həsr olunan sərginin təşkilində əməyi olanların işindən danışaraq nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirib.
Sonra sərgidə nümayiş etdirilən əsərlərlə tanışlıq olub. Mərasim iştirakçıları Azərbaycanın görkəmli rəssamlarından olan Oqtay Sadıxzadənin "Zərifə xanım Əliyevaının portreti", Altay Sadıxzadənin "Mehriban xanımın portreti" , həmçinin xalq rəssamları Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Xalidə Səfərovanın, Səttar Bəhlulzadə, habelə Ucal Haqverdiyev, Mais Ağabəyov, Elçin Orucov və digər görkəmli rəssamların anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərlərinə tamaşa ediblər. Tədbirdə həmçinin Nəsimi rayon məktəbliləri arasında Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinin qalibləri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.