Sosial şəbəkə meydanı “Bəzən buranı çox darıxdırıcı hesab edirəm və getmək istəyirəm”
Həyatımızın bir hissəsi olan sosial şəbəkələrdən hər kəs şikayət edir. Bəs hamının şikayət etdiyi, amma ayrıla bilmədiyi sosial şəbəkələr yazarlarımızın yaradıcı fəaliyyətlərinə necə təsir edir?.
25 Aprel 2018 14:26 SosialHəyatımızın bir hissəsi olan sosial şəbəkələrdən hər kəs şikayət edir. Bəs hamının şikayət etdiyi, amma ayrıla bilmədiyi sosial şəbəkələr yazarlarımızın yaradıcı fəaliyyətlərinə necə təsir edir?.
Cavablar müxtəlif oldu.

Səfər Alışarlı - Sosial şəbəkələr mənim yaradıcılığıma mane olmur. Əksinə, hərdən işləməkdən yorulanda sanki gəzib havamı dəyişmək üçün facebook-a girirəm. Xaricdə yaşayan dostlarımın həyatını, yaradıcılıqla bağlı fikirlərini izləyirəm, həmin an üçün aktual saydığım məsələ ilə əlaqədar status yazıram, kimlərisə like edirəm və s.
Kim sovet rejimini tərifləyən status yazırsa, onu dostluqdan silirəm. Hesab edirəm ki, insanlar yaxşı gün-güzəran, rahat həyat axtarışında heç zaman geriyə boylanmamalı, oranın həsrəti ilə yaşamamalı, əksinə, daim irəli baxmalı, başqa xalqların keçdiyi mübarizə yolu ilə firavanlığa doğru getməlidirlər. Bütövlükdə sosial şəbəkələrdə dostlaşdığım insanlarla ünsiyyətdən məhrum olsam, yəqin ki, həyatımı xeyli bozarmış görərəm.
Bircə xanım - Sosial şəbəkə, bir az yekə danışmaq kimi olmasın, məni tez bir zamanda mūəyyən bir kūtləyə həm tanıtdı, həm də sevdirdi....Maneçiliyi də var. Sakitlikdə, müasir texnikadan kənarda işləməyi çox sevirəm. İşimin şirin yerində, çarəsiz bir xanım onu dinləməyimi təkidlə tələb edir. Belədə özümə əvvəlcədən hazırladığım yazı saatım hədər gedir.
Üstün cəhətləri lap çoxdu. Çox qiymətli dostlarım var. Sosial şəbəkə üzərindən T.Kazımlı, R.Məcid, R.Nazim qızı, X.Aydın, Q.Yaquboğlu, adını çəkmədiyim dostlarım inciməsinlər, və.s.müasir yazarlarla dostluğumdan sevinirəm və onlardan öyrənməyə çalışıram. D.Xatınoğlunun Füzuli haqqındakı paylaşımları bir universitet mühazirəsinə bərabərdi...

Şərif Ağ - Facebook, ümumən sosial şəbəkələr yaxşıya da, pisə də vəsilə ola bilir. Ağıllı, intellektli insanlar üçün sosial şəbəkələr unikal imkandır. Ağılsız və intellektsiz adama zatən hər şey yükdür. Ağıllı və intellektli adam facebookdan istifadə edər, ağılsız və intellektsiz adamdan facebook istifadə edər. Mən bu incə məqamı bildiyim üçün istifadə etməyə çalışıram, istifadə olunmaqdan qaçıram.

Fəxri Uğurlu - Sözün düzü, mən sosial şəbəkənin yaradıcılığa nə köməyini, nə də maneçiliyini görmüşəm.

Sevinc Elsəvər - Sosial şəbəkələr yaradıcılığa mane olmur. Əgər yazmaq enerjisi, stimul, ideya varsa, yazmağa heç nə mane olmur. Əksinə, kitablar, təqdimatlarla bağlı xəbərlər olanda sosial şəbəkələrdə paylaşırıq. Dostluğumdakı insanların böyük əksəriyyəti qələm adamıdı. Dostlarla əlaqələr yarada bilirik. Tez-tez hansısa mövzuda müzakirə edirik virtual olaraq. Bu mənada yaxşıdı. Yaradıcılığa mane olan ən böyük səbəb depressiya, sağlıq problemləri, stimul azlığıdır. Bu da indi təkcə qələm adamlarının problemi deyil. Hətta orta məktəb müəllimləri də dərs deməyə həvəssizdirlər.Ümummilli bəlamızdı.

Ayxan Ayvaz - Bizim sosial şəbəkədə balaca bir mühitimiz var və bəzən o mühitə görə özümüzü dahi hesab edirik. (gülür) Yəni hər şey çox yaxşı görünür. Elə bilirik ki, oxucu çoxdur, bizi tanıyırlar, oxuyurlar. Halbuki elə deyil. 9 milyonun içində sosial şəbəkənin bizə verdiyi üstünlük çox azdır. Qaldı ki sosial şəbəkələrin yaradıcılığıma manesi, mən sosial şəbəkələrə sırf yazılarımı paylaşmaq üçün daxil olmuşam. Əgər sabah sosial şəbəkə bu imkanı verməsə, o zaman sosial şəbəkələrdə olmayacam. Kitabların oxunması mənim üçün daha vacibdir.
Bəzən sosial şəbəkəni çox darıxdırıcı hesab edirəm və burdan getmək istəyirəm. Lakin işimə görə qalmağım vacibdir. Yəqin ki, nə vaxtsa buralardan da uzaqlaşacam. Yaradıcılığıma mane deyil elə də. Əslində bu bizim uydurduğumuz söhbətdi. Sosial şəbəkə sadəcə səni əlçatan eləyir deyə bir az səni sıxır. Amma hər halda oxucuların yazması sənə stimul da verir. Yəni sualınıza həm "hə" demək gəlir içimdən, həm də "yox".

Alpay Azər - Sosial şəbəkələr mənə həm mane olur, həm də kömək edir. Hərdən mənasız debatları izləyirəm. Bəzən o debatlara qoşuluram. Bu isə vaxt itkisidir.
Eyni zamanda sosial şəbəkələr həm də yeni mövzular, mətnlərçün yeni detallar verir. Hətta bir vaxt Eldar Ryazanovun "Qaraj" filminin feysbuk variantını ssenari kimi işləmək ağlımdan keçmişdi. Sonralar nədənsə bu istəyimdən soyudum (gülür).
Nigar Adil