Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər

100 ilə yaxın yaşı olan Suraxanı rayonunun paytaxt Bakının sosial-iqtisadi inkişafında öz yeri və rolu var. Etiraf etmək lazımdır ki, bu gün respublikamızın hər bir bölgəsi, paytaxt rayonları kimi sürətli inkişaf dövrünü yaşayan Suraxanı rayonu günümüzdə əldə etdiyi uğurlara elə də asanlıqla nail olmayıb. 2006-2007-ci illəri əhatə edən Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramına qədər Suraxanı rayonu demək olar ki, paytaxtın geridə qalmış, müasirliklə ayaqlaşa bilməyən, infrastrukturu tamamilə bərbad vəziyyətdə olan rayonlarından birini xatırladırdı.

100 ilə yaxın yaşı olan Suraxanı rayonunun paytaxt Bakının sosial-iqtisadi inkişafında öz yeri və rolu var. Etiraf etmək lazımdır ki, bu gün respublikamızın hər bir bölgəsi, paytaxt rayonları kimi sürətli inkişaf dövrünü yaşayan Suraxanı rayonu günümüzdə əldə etdiyi uğurlara elə də asanlıqla nail olmayıb. 2006-2007-ci illəri əhatə edən Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramına qədər Suraxanı rayonu demək olar ki, paytaxtın geridə qalmış, müasirliklə ayaqlaşa bilməyən, infrastrukturu tamamilə bərbad vəziyyətdə olan rayonlarından birini xatırladırdı.

Düşüncələrimi yanıldan Suraxanı

Yaxşı xatirimdədir,  2002-ci ildə ailə həyatı qurduqdan sonra valideynlərim rayonumuzdakı evi satıb bizimlə Bakıda yaşamağı qərarlaşdırmışdılar. O vaxt rayonda satacağımız evin məbləğində paytaxtın yalnız Suraxanı rayonunda, həm də gecəqondunu xatırladan mənzil almaq mümkün idi. Günlərlə rayonun palçıqlı, bərbad vəziyyətdə olan qəsəbələri, küçələrini gəzib dolaşmaq fayda vermir, yaxud tapdığım mənzilllər ürək açmırdı. Çünki həmin illərdə sanki suraxanılılar da öz rayonlarını qısa zamanda tərk etmək, mənzillərini dəyər-dəyməzinə satıb infrastruktur baxımından daha əlverişli rayonlara üz tutmağı məqbul hesab edirdilər. Hər bir mülk sahibi ilə apardığım söhbətlər zamanı bunu onların simalarından, gözlərindən sezmək açıq-aydın mümkün idi. Düzdür, o illərdə xəyallarımda canlandırdığım istək, arzu reallaşmasa da, ancaq Suraxanı rayonunun inkişaf və tərəqqi dövrünün şahidinə çevrilmək mənə nəsib oldu. Qələmə aldığım yazını hazırlayarkən yenidən bu rayona baş çəkib Yeni və Köhnə Suraxanıda, Atəşgah Məbədi yaxınlığında, Zığ-Hövsan yolunda, 16 il əvvəl günlərlə, saatlarla addım-addım gəzdiyim küçə və dalanlarda dolaşarkən o illərlə bu günkü vəziyyəti müqayisə etdikdə açıq deyim ki, heyrətimi gizlədə bilmirdim. Və 16 il əvvəl "Buralar çətin düzələr. Yevlax Suraxanıdan daha yaxşıdır" ifadəsini işlədərkən yanıldığımın fərqinə vardım. Uzun-uzadı qaranlıq küçələrində bir ədəd belə işıq dirəyi olmayan, qış aylarında palçıqlı, yayda tozlu yollardan əziyyət çəkən, kifayət qədər kommunal problemi olan Suraxanıda bu gün həmin problemlərdən demək olar ki, əsər-əlamət qalmayıb. Rayondakı qeyd etdiyim əraziləri iş gününün sonuna doğru ziyarət etdiyimdən düşünürdüm ki, yenə məni Yeni və Köhnə Suraxanıdakı qaranlıq küçələr, Atəşgah Məbədi ətrafındakı baxımsız vəziyyət, Zığ-Hövsan yolu böyunca uzanan və heç bir işıq dirəyi olmayan prospekt qarşılayacaq. Həmçinin evlərin bacasından qalxan tüstülər və sobada yanan odunun ətrafa yayılan ətri  hələ də Suraxanıda sakinlərin bu istilik növündən istifadə etdiyi qənaətini formalaşdıracaq. Ancaq qarşılaşdığım mənzərə tamamilə başqa idi. Artıq 16 il əvvəlki qəsəbələri, küçələri tapmaqda çətinlik çəkirdim. İndi o qaranlıq küçə və prospektləri uzun-uzadı sayrışan işıqlar əvəz edirdi ki, nəticədə mənə gecə də gündüz kimi gəlirdi. Artıq palçıqlı və tozlu küçələr də Suraxanının arxivi sayılır desək yanılmarıq. İndi küçələrdə göz oxşayan səliqə-səhman, asfaltlı yolları illər öncəsi mənzərəni xatırlamağa belə imkan vermir, çətinlik yaradır.

Suraxanının inkişaf dövrü

Suraxanıda hər kəs birmənalı şəkildə qeyd edir ki, rayonun bu günkü sosial-iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlərdə 2006-2007-ci illəri əhatə edən Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramının, eləcə də müxtəlif illərdə qəbul edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"larının, həmin proqramların uğurla icra edilməsində yerli rəhbərliyin xüsusi rolu və fəaliyyəti var. Sözügedən Dövlət Proqramlarının qəbulu ilə Azərbaycanın bütün regionları, o cümlədən Suraxanı rayonunun hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərən dövlət başçısının bu etimadı, eləcə də qarşıya qoyulan vəzifələr rayon rəhbərliyi tərəfindən uğurla icra edilir ki, rayonda müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə olunur. Ümumiyyətlə,  ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri Dövlət Proqramlarında müəyyən olunmuş  iqtisadi inkişaf hədəflərinin təmin olunması, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışır, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərilərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirirlər. Məhz bütün bunların nəticəsidir ki, istər keçən il, istər ondan əvvəlki illər, istərsə də cari ilin ilk rübü Suraxanı rayonu üçün uğurlu olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar, ölkəmizin bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da iqtisadiyyatın surətli inkişafını, insanların yaşayış şəraitinin yaxşılaşmasını, yoxsulluğun və işsizliyin azaldılmasını, sabitliyin möhkəmlənməsini təmin edib.
Belə ki, cari ilin birinci rübü ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 77,2  milyon manat, tikinti-quraşdırma işləri 8,4 milyon manat, nəqliyyat xidmətləri 3,4 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 22,3 milyon manat, kənd təsərrüfatı 1,3 milyon manat, pərakəndə ticarət dövriyyəsi 218,3 milyon manat olub, orta aylıq əmək haqqı 576 manat təşkil edib, əhaliyə 54,8 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 1154 yeni daimi iş yeri açılıb.
Hesabat dövrü ərzində rayonda küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 16,3 min kv.m. asfalt örtüyü çəkilib, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilib.
Yenidən qurulan yolların ətrafının estetik görünüşün yaxşılaşdırılması məqsədi ilə yolların ətrafında təmir-tikinti, abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, yerüstü kommunikasiya xətləri yerin altına salınıb, yeraltı kommunikasiya xətləri təmir edilib və ya dəyişdirilib, nizamlanaraq rənglənib.
Suraxanıda əhalinin kommunal problemlərinin həlli də əsas diqqət mərkəzində olan məsələlər sırasındadır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, rayon əhalisinin 100 faizii elektrik enerjisi, 98 faizii məişət qazı, 96 faizi su ilə təmin olunur.

Vətəndaş məmnunluğu əsas diqqət mərkəzində

Hər bir rayonda olduğu kimi Suraxanıda da əhalinin müraciətlərinin dinlənilməsi, onlarla səyyar görüşlərin keçirilməsi müntəzəm olaraq həyata keçirilir. Dövlət başçısının yerli məmurlara xalqa xidmət və vətəndaşlıq məmnunuluğu yaratmaq tövsiyəsinə əməl edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müntzəm olaraq rayon sakinləri ilə görüşlər keçirərək onların arzu və təkliflərini dinləyir, problemləri ilə maraqlanır. Təkcə cari ilin birinci rübü ərzində rayonda vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə daha da diqqət artırılaraq 510 nəfərin iştirakı ilə  10 səyyar görüş-qəbul keçirilib. Bundan başqa təkcə Rayon İcra Haskimiyyətinin başçısı İlqar Abbasov tərəfindən 228 nəfər vətəndaş qəbul edilib.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə daim diqqət göstərilib. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində hazırda 8960 nəfər sosial müavinət alan vətəndaş qeydiyyata alınıb. 2018-ci ilin 1-ci rübü ərzində həmin vətəndaşlara 2,27 milyon manat sosial müavinət verilib, 1106 ailəyə ünvanlı sosial yardım təyin edilib, 173 nəfər tənha, əlil vətəndaşa evlərində sosial xidmət göstərilib, 46 nəfər müalicə və istirahət üçün pansionat və sanatoriyalara göndərilib.  Rayon Məşğulluq  Mərkəzi 236 nəfəri işlə təmin edib, 28 nəfər peşə hazırlıq kurslarına cəlb olunub, orta ümumtəhsil məktəblərində 827 nəfər şagird peşəyönümünə cəlb edilib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilib, 2018-ci ildə rayon üçün həmin proqrama əsasən 1362 yeni iş yeri açılıb. Rayonun ərazisində abadlıq, yaşıllaşdırma və təmizlik işlərinin görülməsi, çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə Rayon MKTB-yə  31-i məcburi köçkün olmaqla cəmi 714 nəfər  işaxtaran  şəxs, digər qurumlarda isə 486 nəfər vətəndaş işə qəbul edilib və hazırda onlar işlərini davam etdirirlər.
Vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir tələblərə cavab verən çoxmənzilli binaların tikintisini reallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin müvafiq  sərəncamı ilə Hövsan qəsəbəsinin qərb hissəsində Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 20 hektar sənaye təyinatlı torpaq sahəsinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan "MİDA" MMC-nin sərəncamına verilib, həmin ərazidə 3200 mənzilli, 12 min nəfərin yaşaya biləcəyi 7-10 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin, məktəbin və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub. 

Suraxanı rayonu beynəlxalq əlaqələr baxımından da mühüm nailiyyətlər əldə edib ki, bu da Avropada, dünyada onun tanınmasına müsbət təsir göstərən amillərdəndir. Məlumat üçün qeyd edək ki, Suraxanı rayonu ilə Baltikyanı ölkələr, xüsusilə Latviya arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur ki, bu da Suraxanı rayonunun Avropada tanınması baxımından əhəmiyyətlidir.

Suraxanının dünyaya daha yaxından tanıdılması baxımından 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunları da mühüm əhəmiyyət kəsb etdi. Belə ki, Birinci Avropa Oyunlarının məşəlini alovlandırmaq üçün od məhz Suraxanı rayonunda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğundan götürüldü ki, bu da Suraxanı rayonunun, onun zəngin "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun adının Avropada, dünyada çəkilməsi, tanınması baxımından mühüm hadisə isi .

Göründüyü kimi son 15 il ərzində dövlət başçısı tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar, ölkəmizin bütün regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli sosial-iqtisadi inkişafını təmin edib. Bu günə qədər əldə edilən nailiyyətlər, eləcə də qarşıda duran vəzifələr və mövcud potensial, imkanlar onu deməyə əsas verir ki, bundan sonra da Suraxanı rayonu daxil olmaqla, hər bir şəhər və rayonda, ümumilikdə respublikada sürətli inkişaf tendensiyası davam edəcək, Azərbaycan yeni-yeni uğurlara imza atacaq.

Süleyman İsmayılbəyli

"Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31