Almaniyaya qaçan Hüseyn Abdullayevi qandallayıb Bakıya gətirdilər - TƏFƏRRÜAT (FOTO, VİDEO)

Fəzail Ağamalı: "Cinayət əməllərinə yol verən insanlar qanun qarşısında cavab verməlidirlər"; Əliağa Hüseynov: "İnsan gərək heç zaman yaxşılıqları itirməsin"

Almaniyada mühacir həyatı yaşayan sabiq deputat və biznesmen, "Quska" ləqəbli Hüseyn Abdullayev Türkiyədə həbs edilərək Azərbaycana ekstradisiya olunub. H.Abdullayev İnterpol xətti ilə saxlanılaraq, Azərbaycanın daxili işlər orqanları əməkdaşlarına təhvil verilib.

Məlumata görə, "Quska" Vergilər Nazirliyinin İstintaq İdarəsində saxlanılır və onun orada ifadəsi alınır. Sabiq deputatın Bakıya gətirilmə anını əks etdirən qısa videoçəkiliş və fotolar da yayılıb.

Aprelin 23-də H.Abdullayevin dindirmədən sonra müstəntiqin təqdimatı əsasında məhkəmə önünə çıxarılaraq, barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilsə də, iş vaxtının bitməsinə qədər bu, baş vermədi. Biznesmenin bu gün məhkəmə önünə çıxarılacağı gözlənilir.

Aprelin 23-də günorta saatlarında H.Abdullayevin hüquqlarını müdafiə edən Ruhid Əkbərov onunla görüşüb. O deyib ki, Hüseyn Abdullayevin səhhəti normaldır, bununla bağlı heç bir problemi yoxdur. R.Əkbərov "Amerikanın Səsi"nə bildirib ki, hazırda vergi cinayəti ilə bağlı qaldırılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Vəkil H.Abdullayevin Türkiyədə hansı şəraitdə saxlanılması ilə bağlı suala belə cavab verib: "Çox təəssüf ki, onu mən özüm də bilmirəm. O faktiki olaraq bizim ölkədən kənarda baş verən bir hadisədir. Faktiki olaraq Hüseyn Abdullayev bu dəqiqə Azərbaycandadır".

"Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq almışdı. Onun saxlanılması ilə bağlı Almaniya səfirlyi məlumatlandırılıb?"- sualına cavabında vəkil deyib ki, bu barədə məlumatlı deyil: "Mən vəkiləm. Ancaq onun hüquqi məsələləri ilə məşğulam. Yəni bunun siyasi, özünün mövqeyi, statusu, yaxud da digər məsələlər mənim səlahiyyətlərimə aid deyil. Çox təəssüf. Yəni o barədə məlumatlı deyiləm".

Qeyd edək ki, H.Abdullayev əvvəllər Azərbaycan hakimiyyətinə ən yaxın olan biznesmenlərdən biri idi. Hətta onun mühafizə xidmətinin işçiləri 1990-cı illərin sonu, 2000-ci illərin əvvələrində dəfələrlə müxalifətin mitinqlərinin dağıdılmasında iştirak ediblər. 2007-ci ilin martında isə "Quska" üçün deputatlıq karyerasını bitirən hadisə yaşanıb. Belə ki, sabiq baş nazir Artur Rəsi-zadə parlamentdə hesabatla çıxış edərkən H.Abdullayev Nazirlər Kabinetini sərt şəkildə tənqid edib. Bu da onun həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının sərt etirazına səbəb olub və deputatlar yumruq davasına çıxıblar. Bu hadisədən üç gün sonra H.Abdullayevin toxunulmazlığı alınıb və o, xuliqanlıq ittihamı ilə həbs edilib. 2007-ci ilin mayında məhkəmə onu 2 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

fəzail ağamalı ile ilgili görsel sonucu

"Quska" azad edildikdən sonra "Oğuz eli" İctimai Birliyini təsis edib. 2012-ci ilin sonlarında sabiq deputat Almaniyaya gedib və bu günə qədər Azərbaycan hakimiyyəti əleyhinə xaricdə qara piar kampaniyası aparan qüvvələrin başında duran şəxslərdən biri olub. Müxtəlif zamanlarda onun ölkə müxalifəti ilə də yaxın təmasları olub, onlara bəzi vaxtlarda açıq dəstək də verib. 2013-cü ilin mayında o, Azərbaycan hökumətinə qarşı etirazlara çağırış ehtiva edən "Susma" adlı etiraz mahnısı yazıb. Həmin ilin iyulunda ona qarşı Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi-vergi ödəməmə, qanunsuz sahibkarlıq ittihamı ilə cinayət işi açılıb və barəsində axtarış elan edilib. Bundan sonra H.Abdullayev Almaniya hakimiyyətinə ona siyasi sığınacaq verilməsi xahişi ilə müraciət edib və sığınacaq alıb.

2018-ci ilin oktyabrında Azərbaycanda keçirilməli olan prezident seçkilərində namizəd olacağını bəyan edən "Quska" seçkilərin 6 ay ertələnməsindən sonra iddiasından geri çəkilərək, Azərbaycan hakimiyyətini sərt şəkildə tənqid edib.

Son aylarda isə onun haqqında müxtəlif şayiələr yayılıb. Bunlardan ən ciddisi "Quska"nın bu ilin əvvəllərindən daha da fəallaşan Avropadakı "söyüş müxalifəti"ni maliyyələşdirdiyi barədə idi. H.Abdullayevin Azərbaycan hökumətinə rəhbərlik edən şəxsləri, onların ailə üzvlərini ən iyrənc formada təhqir edən şəxslərə böyük məbləğdə pul vəsaitləri verdiyi iddia edilirdi. "Söyüş müxalifəti"nin əsas bazasının Almaniyada olmasının təsadüf olmadığı, "Quska"nın yaşadığı ölkədə belə şəxsləri tapıb üzə çıxardığı və müəyyən məbləğdə pul qarşılığında Azərbaycan hakimiyyətini söydürdüyü qeyd olunurdu. Məhz bu və ya digər səbəblərdən H.Abdullayevin Türkiyədən qandallanaraq Azərbaycana gətirildiyi bildirilir.

Onun həbsi ilə bağlı da müxtəlif versiyalar var. "Quska"nın Türkiyədə böyük biznesinin, hətta Bodrumda otelinin olduğu iddia edilir. Musavat.com-un məlumatına görə, Hüseyn Abdullayev Azərbaycanı tərk etdikdən sonra  istirahət və biznes məqsədləri üçün tez-tez Türkiyədə olurdu. O, bu ölkədə Azərbaycandakı adamları, o cümlədən də ailə üzvləri ilə görüşür, yay tətillərini Ağ dəniz sahillərində keçirdirdi. Qardaş ölkəyə belə gəlişlərindən birinin bu günlərə təsadüf etdiyi və orada İnterpol xəttilə həbs edilərək ölkəmizə təhvil verildiyi qeyd olunur.

F.Ağamalı keçmiş həmkarının həbsi ilə bağlı modern.az-a açıqlama verib: "Ancaq mənim yanaşmam bundan ibarətdir ki, kimliyindən asılı olmayaraq Azərbaycan qanunlarını pozan, cinayət əməllərinə yol verən insanlar qanun qarşısında cavab verməlidirlər. Tutmuş olduqları əməllərinə görə onların fəaliyyətinə hüquqi qiymət verilməlidir. Burada qeyri-adi, xüsusi yanaşmanı görmürəm".

Əliağa Hüseynov ile ilgili görsel sonucu

Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov da bu həbsə münasibət bildirib. O, ölkə.az-a açıqlamasında deyib ki, Hüseyn Abdullayev yol verdiyi səhvlərinə görə indi cavab verməlidir: "O, hansı səhvlərə yol veribsə, indi gəlib cavabını versin. İnsan gərək heç zaman yaxşılıqları itirməsin. Heç kəsin ixtiyarı yoxdur ki, prezidenti və vətəndaşı söysün. Əgər kimsə prezidenti təhqir edirsə, deməli, xalqı da təhqir edir. Çünki prezident öz-özünə seçilmir, onu xalq seçir. Ona görə də prezident haqqında nəsə deyən şəxs çalışmalıdır ki, etik normaları pozmasın".

Deputat qeyd edib ki, Hüseyn Abdullayevin Azərbaycana ekstradisiyası digər adamlara da dərs olmalıdır: "Yəqin ki, bu, digər adamlara da dərs olacaq. Mən bütün radikal müxalifətçilik edən insanlara müraciət edib deyirəm ki, danışığınıza və hərəkətlərinizə fikir verin, artıq hərəkətlərə yol verməyin, düz işlərdən danışın. Hesab edirəm ki, "demokratiya" adı altında bu cür qeyri-etik hərəkətlər etmək olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31